EN

“Azərbaycan və Türkiyə qardaşlığını saxta xəbərlərlə hədəf almaqda məqsəd…”-Fərid Şahbazlı

“Azərbaycanla və Türkiyəni tarixi dostluq, qardaşlıq əlaqələri birləşdirir. Hazırda isə bu əlaqələrin təməlində yalnız ortaq tarix, dil və mədəniyyət deyil, eyni zamanda ortaq siyasi iradə, ortaq təhlükəsizlik anlayışı və gələcəyə yönəlik vahid strateji baxış dayanır. Məhz bu amillər Azərbaycan–Türkiyə münasibətlərini beynəlxalq münasibətlər sistemində unikal edən əsas göstəricilərdir.
Bu gün açıq şəkildə demək olar ki, Azərbaycan və Türkiyə əlaqələri tarixinin ən yüksək mərhələsini yaşayır. Xüsusilə son illərdə baş verən regional və qlobal proseslər fonunda iki ölkənin bir-birinə verdiyi siyasi, diplomatik və mənəvi dəstək bu münasibətlərin formal deyil, prinsipial xarakter daşıdığını sübut edir. Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən müttəfiqlik münasibətləri bu əməkdaşlığı hüquqi və siyasi müstəviyə daşımaqla yanaşı, regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına da ciddi töhfə verib”.

Bu sözləri Editor.az İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksək səviyyəli münasibətlər, qarşılıqlı etimada əsaslanan liderlik dialoqu dövlətlərarası əlaqələrin əsas hərəkətverici qüvvəsidir. O qeyd edib ki, Azərbaycan–Türkiyə əməkdaşlığının əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Siyasi şərhçi bildirib ki, bu birlik Cənubi Qafqazda sabitliyin təmin olunmasında, enerji təhlükəsizliyində, nəqliyyat-logistika xətlərinin inkişafında və türk dünyasının inteqrasiyasında mühüm rol oynayır:

“Bakı–Tbilisi–Ceyhan, TANAP, Zəngəzur dəhlizi kimi layihələr göstərir ki, bu tərəfdaşlıq real geosiyasi nəticələr doğuran bir güc mərkəzinə çevrilib. Məhz bu güc və təsir faktoru bəzi dairələri ciddi şəkildə narahat edir. Azərbaycan–Türkiyə münasibətlərinin regionda yaratdığı müsbət dinamikanı qəbul etməyən qüvvələr zaman-zaman bu əlaqələrə zərbə vurmaq məqsədilə informasiya manipulyasiyası, yalan xəbərlər və dezinformasiya kampaniyalarına əl atırlar. Sosial media platformaları və bəzi qərəzli media resursları bu məqsədlə alətə çevrilir. Bu müasir dövrdə informasiya müharibəsinin əsas elementlərindən biridir və olduqca təhlükəli tendensiyadır. Bu kontekstdə jurnalistikanın üzərinə düşən məsuliyyət daha da artır. Azərbaycan və Türkiyənin media nümayəndələri emosional reaksiyalardan uzaq durmalı, faktlara əsaslanan, rəsmi mənbələr tərəfindən verilən və peşəkar etikaya söykənən mövqe sərgiləməlidirlər. Unutmaq olmaz ki, Azərbaycan–Türkiyə birliyi təsadüfi siyasi konfiqurasiya deyil, tarixi zərurət və strateji seçimdir. Bu birlik nə qədər güclü və sağlam olarsa, region bir o qədər sabit, gələcək bir o qədər təhlükəsiz olacaq.”

F.Şahbazlı vurğulayıb ki, bu reallıqlar fonunda Azərbaycan–Türkiyə birliyinin informasiya müstəvisində qorunması hər iki ölkənin media cameəsinin, ictimai-siyasi xadimlərinin üzərinə ciddi və tarixi məsuliyyət qoyur: “Birgə mübarizə yalnız dövlətlər səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də aparılmalıdır. Ancaq bu halda dezinformasiya hücumlarının qarşısını almaq və qardaşlıq münasibətlərini zədələmək istəyən qüvvələrin planlarını iflasa uğratmaq mümkün olar”.

Chosen
39
50
editor.az

10Sources