ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Afina, 30 yanvar, AZƏRTAC
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov Afina Enerji Sammiti çərçivəsində keçirilən “Cənub-Şərqi Avropada enerji və diplomatiya çağırışları” adlı paneldə çıxış edib. Paneldə Türkiyə, Qazaxıstan, Bolqarıstan və Moldovanın Yunanıstandakı səfirləri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, A.Məmmədov Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı olduğunu bildirib. Bu əməkdaşlığın 2022-ci ildə imzalanmış Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu və Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində davam etdirildiyi qeyd edilib.
Səfirin sözlərinə görə, 2025-ci ildə Azərbaycan 51.5 milyard kubmetr təbii qaz istehsal edib, bunun 25.2 milyard kubmetri ixrac olunub. Avropaya tədarük edilən qazın həcmi təxminən 13 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 56 faiz artım deməkdir. Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə çatdırılır.
Səfir qeyd edib ki, Yunanıstanın təbii qaz tələbatının təxminən 18 faizi Azərbaycan qazı hesabına ödənilir. Cənub-Şərqi Avropa ölkələrinə ixrac olunan Azərbaycan qazı həmin ölkələr üçün enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir.
Çıxışda əsas çağırışın qaz ehtiyatları deyil, infrastruktur imkanlarının məhdudluğu ilə bağlı olduğu vurğulanıb. Cənub Qaz Dəhlizinin tam gücü ilə işlədiyi bildirilib və əlavə həcmlər üçün hasilatdan boru kəmərlərinin genişləndirilməsinə qədər bütün zəncir üzrə koordinasiyalı investisiyalara ehtiyac olduğu qeyd olunub. Bunun üçün uzunmüddətli – 15-20 illik kommersiya müqavilələrinin və maliyyə mexanizmlərinin dəstəyinin həlledici əhəmiyyəti vurğulanıb.
Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələrə də toxunulub. Bildirilib ki, 2027-ci ilə qədər ölkədə enerji istehsalının 33.7 faizi bərpaolunan mənbələrdən təmin ediləcək, bu isə əlavə qaz həcmlərinin ixrac üçün azad olunmasına və karbon emissiyalarının azaldılmasına imkan verəcək.
Səfir, həmçinin Azərbaycanın həyata keçirdiyi yaşıl enerji dəhlizləri barədə məlumat verib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi, eləcə də Qazaxıstan və Özbəkistanla birlikdə icra edilən Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizindən danışılıb.
Sonda Azərbaycanın Yunanıstan, Avropa İttifaqı və regional tərəfdaşlarla enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğu vurğulanıb.
Qeyd edək ki, Afina Enerji Sammiti Yunanıstan və region ölkələrinin hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və enerji sektorunun aparıcı aktorlarını bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Sammitdə enerji təhlükəsizliyi, diversifikasiya və yaşıl enerjiyə keçid ilə bağlı əsas çağırışlar müzakirə olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.