EN

Niderlandda polisin iki müsəlman qadına zor tətbiq etməsi etirazlara səbəb olub

Bakı, 30 yanvar, AZƏRTAC

Niderlandın Utrext şəhərində bir polis məmurunun iki müsəlman qadına hücum edərək onlardan birini dəyənəklə vurması və digərini təpikləməsindən sonra irqçi zorakılığa qarşı etiraz aksiyası keçirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yanvarın 29-da bir qrup insan Utrextdə baş verən hadisəyə etiraz etmək üçün Vredenburq meydanında toplaşıb. Etirazçılar polisi tənqid edərək bildiriblər ki, bu, adi bir hadisə deyil, irqçi zorakılığın əlamətidir. Onlar analoji hadisələrin sistemli və dəfələrlə baş verdiyini iddia ediblər.

Mitinqdə, həmçinin Niderland polisindən tələb olunub ki, həmin qadınlardan və ictimaiyyətdən üzr istəsin, bu cür hadisələrin bir daha baş verməməsi təmin olunsun. Aksiya iştirakçıları hadisə ilə bağlı məmurun işdən çıxarılmasını tələb ediblər. Onlar “Ədalət yoxdursa, sülh yoxdur”, “İrqçi polisə yox” və “Faşist polis, terroru dayandırın” şüarları səsləndiriblər. İzdiham daha sonra Utrextdəki Paardenveld polis bölməsinə doğru yürüş edib.

Nümayiş Utrextdəki “Hoog Catharijne” ticarət mərkəzinin qarşısında bir polis məmurunun iki qadına hücum etdiyini göstərən video görüntülərin sosial mediada yayılmasından sonra baş verib.

Polisin açıqlamasında hadisə ilə bağlı araşdırma başlandığı bildirilib. Məlumat verilib ki, mövcud olan bütün videomateriallar nəzərdən keçiriləcək. Döyülən qadınlardan biri isə polis zabitini təhqir etməkdə şübhəli bilinərək saxlanılıb.

Bununla yanaşı, Niderland Polis Departamentinin sözçüsü görüntülərin güclü emosiyalar və suallar doğurduğunu, xüsusən də irqçiliklə bağlı olduğunu bildirib. Qadınların vəkili Anis Boumanjal NOS telekanalına bildirib ki, zərərçəkənlərdən biri zabitin bir neçə irqçi ifadə işlətdiyini, o cümlədən “Siz bu ölkəyə aid deyilsiniz” dediyini bildirib. O, qadınların hadisə nəticəsində xəsarət aldığını əlavə edib.

Chosen
2
5
azertag.az

10Sources