EN

Cəmiyyətə dəyər qatmağa çalışanları lağ obyektinə çevirənlər... Əlisa Nicatın fəlsəfəyə aidiyyatı varmı?

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az İbrahim Azizin "Saxta mükəmməliyətçilik" yazısını təqdim edir.

Son vaxtlar zehni məşğul edən və məni ciddi şəkildə narahat edən bir mövzunu sizlərlə də bölüşmək istəyirəm. Bilmirəm, bu dövrün tələbidir, yoxsa başqa bir səbəb var, amma insanlarımız heç bir məsələdə ortaq konsensusa gələ bilmirlər. Söhbət, təbii ki, intellektual müstəvidən gedir.

Məlumatfuruşluğun tüğyan etdiyi indiki zəmanədə, hamının hər şey haqqında bu qədər qəti hökmlər verməsi mənə, doğrusu, çox mənasız görünür. Loru dildə desək, bir mövzudan xəbərsiz ola-ola onun haqqında danışmaq, dərhal etiketləmək, hadisə və ya şəxs barəsində kəskin qərar vermək bizi tezliklə "başsız" qoyacaq.

Təbii ki, inkişafın təməlində fikir azadlığı və plüralizm dayanır, bunu dərk edirəm. Lakin məsələnin mahiyyəti bu deyil. Sual olunmalıdır: Biz cəmiyyətdə az-çox tanınan simaları hansı meyarlarla dəyərləndiririk? Bir insanın ciddiliyini, cəmiyyətə verdiyi və ya verə biləcəyi faydanı ölçən tərəzimiz nədir?

Sözüm cəmiyyətə dəyər qatmağa, nəsə qazandırmağa çalışan insanları həyasızcasına lağ obyektinə çevirənlərədir. Sırf gözünə-könlünə xoş gəlmədiyi üçün, tutarlı bir səbəb olmadan, "qabaqdangəlmişlik" edib əməyi heç sayanlara, yaradıcı insanı linç edənlərə səslənirəm.

"Cəmiyyətin nə dediyinin önəmi yoxdur" kimi fikirlərlə də qətiyyən razılaşmıram. Axı toplum nədir? Toplum, mahiyyət etibarilə, tək-tək fərdlərin cəmindən ibarətdir; yəni bura istisnasız olaraq hər birimiz daxilik. Məhz buna görə də, dəyərlərin, normaların və sosial meyarların formalaşmasında hər birimizin danılmaz payı və təsiri var.

Faciənin kökü fərdin sahib olduğu o ali imtiyazdan, yəni fərdi məsuliyyətdən imtina etməsinə dayanır. Fərd öz ictimai və mənəvi ağırlığını itirdiyi təqdirdə, meydan qaçılmaz olaraq diletantların və boşboğazlar yığınının ixtiyarına keçir.

Gəlin, konkret bir nümunə üzərindən danışaq: Əlisa Nicat. Niyə məhz o? Çünki cəmiyyət Əlisa müəllimi mənim də ixtisaslaşdığım sahəyə – fəlsəfəyə aid edir və bu kimliklə tanıyır. Bir neçə il öncə onun “Müdriklik Məbədi” adlı filosofların həyat və yaradıcılığına həsr olunmuş ensiklopedik kitabını oxuyub, fikirlərimi bölüşmüşəm. Lakin cəmiyyətin, xüsusən də özünü "oxumuş" sayan kəsimin ona qarşı sərgilədiyi münasibət məndə dərin məyusluq yaratdı.

Sözügedən kitabı təhlil etmiş və mövzuya yaxından bələd olan biri kimi tam əminliklə deyə bilərəm: Əlisa Nicatdan bir İmmanuel Kant olmasını gözləmək, ən yumşaq ifadə ilə desək, sadəlövhlükdür. Hətta buna birbaşa "haqsızlıq" desək, daha yerinə düşər.

Unutmayaq ki, hər fərdin özünəməxsus yaradıcılıq potensialı və missiyası var; bu potensial bütün fikir adamlarında eyni ola bilməz və olmalı da deyil. Tənqid üçün ən sağlam metodologiya – insanı başqaları ilə (məsələn, dünya nəhəngləri ilə) deyil, məhz öz keçmişi ilə müqayisə etmək, inkişaf dinamikasını öz fərdi trayektoriyası üzrə təhlil etməkdir.

Yerli müəllifi dünya nəhəngləri ilə müqayisə edərək "əzmək", əslində, heç də yüksək zövq və ya dərin zəka əlaməti deyil. Gəlin, bu yaxınlarda vəfat edən dəyərli türk şumeroloqu Muazzez İlmiye Çığı xatırlayaq.

Muazzez xanım klassik mənada, yəni bürokratik akademiyanın tələb etdiyi titullara sahib deyildi. Bu fakt zaman-zaman cəmiyyətdə qızğın müzakirələrə səbəb olmuşdu. Lakin sırf diplomu və ya titulu yoxdur deyə, onun Türkiyə elmi üçün etdiyi ciddi araşdırmaları, bu sahənin dirçəlişinə verdiyi töhfələri danmaq böyük vicdansızlıq olardı. Təhsilin qlobal miqyasda necə eyniləşdiyini, standartlaşdığını nəzərə alsaq, bir fərdi sadəcə "akademik etiketi" ilə dəyərləndirmək və onu dar çərçivələrə həbs etmək absurddur.

Məqsədim, əlbəttə ki, Muazzez xanımla Əlisa Nicat arasında bir paralellik aparmaq və ya onları müqayisə etmək deyil. Mənim etirazım, insanları dar qəliblərə sığışdıran, onların yalnız müəyyən çərçivələr daxilində hərəkət etməsini tələb edən o köhnəlmiş, irrasional zehniyyətədir. Anlamalıyıq ki, saxta mükəmməlliyyətçilik bizə inkişaf yolunda heç nə qazandırmır. Doğru bilgi ilə yanlışı ayırd etmək, əlbəttə ki, yenə də sahənin mütəxəssislərinin və bu yola baş qoymuş intellektualların öhdəsinə düşür. Lakin bir düşüncə adamının hər yazdığının, hər dediyinin mütləq həqiqət olmasını gözləmək absurddur. Çünki insan, ontoloji mahiyyəti etibarilə subyektivdir; o, öz şəxsi seçimləri olan, həyat təcrübəsinə əsaslanaraq bəlli qənaətlərə gələn bir varlıqdır.

Əlbəttə, fikirləri kor-koranə qəbul etməkdən söhbət getmir. Əsərlərdəki müvafiq fikirləri əsaslı faktlarla təkzib edə bilən, arqumentlərini məntiqli şəkildə əsaslandıraraq cəmiyyətə yeni bir baxış bucağı qazandıran insanların yeri tamam başqadır. Bax, əsl inkişaf məhz bu dialektika, bu ziddiyyət və həll prosesi ilə baş verir. Özünü ziyalı sayan hər bir kəs də bu cür sağlam polemikanı normal qarşılayar – yetər ki, işin içinə təkəbbür, lovğalıq və qarşı tərəfi alçaldan o zəhərli ton girməsin.

Lakin təəssüf ki, bu gün cəmiyyətdə müşahidə etdiyim ən ağrılı problemlərdən biri, intellektual tənqidin yerini bayağı dedi-qoduların tutmasıdır. Bir qrup insanın yaydığı qərəzli fikir, zamanla bir virus kimi digərlərinə də yoluxur. Bu, kütləvi bir korluqdur: insanlar haqqında, onların əməyi və şəxsiyyəti barədə yetəri qədər, hətta heç bir məlumatı olmadan, sadəcə "başqaları belə deyir" deyə, kütlənin təsiri ilə onları qaralayır, linç edirlər. Bəziləri isə heç bu "virusa", yəni kənar təsirlərə və ya şayiələrə də ehtiyac duymur. Onlar birbaşa adamın kimliyinə, statusuna və ya şəxsən özləri üçün kəsb etdiyi "əhəmiyyətə" baxaraq, bəribaşdan qəti fikirlərini formalaşdırırlar. Məntiqdə və fəlsəfi ədəbiyyatda buna "ad hominem" (insana qarşı) xətası deyilir. Fikrin özünü, mahiyyətini və ya doğruluğunu müzakirə etmək əvəzinə, arqumenti səsləndirən şəxsin kimliyinə, keçmişinə və ya xarakterinə hücum etmək…

Sonda dərk etməli olduğumuz ən vacib həqiqət budur: Bizim vəzifəmiz, öz yaradıcılığını rasional ələkdən keçirib bizə nəsə qatmağa çalışan, cəmiyyətə işıq tutmaq ehtimalı olan insanları bu çətin yoldan iyrəndirməmək, onları küsdürməməkdir.

Tənqid edək, amma dağıtmayaq. Unutmayaq ki, əgər bir insan şüurlu ömrünü elmə, sənətə və ya düşüncəyə həsr edirsə, nəticənin mükəmməlliyindən asılı olmayaraq, o, ən azından hörməti haqq edir.

"Azərbaycan Nəşriyyatı"nda yerləşən redaksiyaların aqibəti məlum oldu

Borcundur məni sevmək, bunu yadında saxla! - Pol Verlenin sonetləri

Nəriman Nərimanovun gözlənilməz qərarı - Ermənilər Firidun bəy Köçərlini necə öldürdülər?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
61
37
kulis.az

10Sources