EN

Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkəmizin sülh siyasətinin qlobal miqyasda qəbul edildiyini təsdiqləyir RƏY

Bakı, 30 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı Azərbaycanın qlobal siyasi və iqtisadi gündəmdə mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Davos kimi nüfuzlu platformada Azərbaycanın postmünaqişə dövrünə dair baxışının və regional sülh təşəbbüslərinin müzakirə olunması, eyni zamanda, iqtisadi potensialının önə çıxması son dərəcə vacibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.

Onun sözlərinə görə, ölkəmiz artıq bütün platformalarda münaqişə gündəliyi ilə deyil, sülh quruculuğu və əməkdaşlıq modeli ilə çıxış edir. Azərbaycan-Ermənistan sülh prosesinin məhz Davos kimi qlobal platformada gündəmə gətirilməsi ölkəmizin regional lider rolunun beynəlxalq səviyyədə qəbul edildiyinin açıq göstəricisidir. Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində mövcud olan reallıqları aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısı beynəlxalq hüququn norma və prinsiplərinin selektiv şəkildə tətbiq edildiyini vurğulayaraq, Azərbaycanın bu sistemdə prinsipial və müstəqil xətt yürütməsini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin regionda əməkdaşlığa əsaslanan yeni inkişaf mərhələsi ilə bağlı fikirləri Azərbaycan–Ermənistan münasibətlərinin qarşıdurmadan praktiki əməkdaşlığa keçdiyini göstərir. Bu siyasətin beynəlxalq səviyyədə tanınmasının mühüm faktlarından biri də Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsidir. Dövlətimizin başçısının bu mükafatı şəxsi nailiyyət kimi deyil, Qafqazda sülhə verilən dəyər kimi qiymətləndirməsi Azərbaycanın sülh siyasətinin qlobal miqyasda qəbul edildiyini təsdiqləyir.

Siyasi şərhçi bildirib ki, Davos çərçivəsində Azərbaycan nümayəndə heyətinin keçirdiyi çoxsaylı mühüm görüşlər investisiya cəlbi, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi baxımından da yeni imkanlar açır. Enerji, turizm, nəqliyyat və informasiya texnologiyaları sahələrində investorlarla aparılan birbaşa müzakirələr Azərbaycanın iqtisadiyyatının daha da güclənməsinə və texnoloji yeniliklərin daha sürətli tətbiqinə yönəlmiş strateji addımlardır. Bu baxımdan Davos Ümumdünya İqtisadi Forumu ölkəmizin həm siyasi, həm də iqtisadi maraqlarının təmsilçiliyi baxımından son dərəcə əhəmiyyətlidir.

Chosen
4
6
azertag.az

10Sources