Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çində yüksək rütbəli hərbi rəhbərlərin araşdırılması və vəzifədən kənarlaşdırılması prosesi davam edir. Bu tədbirlər rəsmi olaraq orduda intizamı gücləndirmək və korrupsiyaya qarşı mübarizə məqsədi ilə həyata keçirilir. Mərkəzi Hərbi Komissiyanın bəzi yüksək səviyyəli generalları istintaqa cəlb olunub və xüsusi nəzarət altındadır. Bu barədə xarici mənbələrdə çıxış edən ekspertlər bu addımların Si Cinpinin hakimiyyətini möhkəmləndirmək cəhdləri ilə bağlı olduğunu qeyd edirlər.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bütün bunlar əslində Si Cinpinin hakimiyyətini gücləndirmək məqsədi daşıyan addımlardır: “Si Cinpin demək olar ki, ənənəvi dövlət idarəçiliyini faktiki olaraq neytrallaşdırdı.
Yəni özünün şəxsi hakimiyyətini qurmaq yolunda irəliləyir. Bundan əvvəl Çin Kommunist Partiyası daxilində partiyadaxili bir demokratiya var idi. Yəni hakimiyyətin ötürülməsi prinsipi işləyirdi. Əvvəlki sədrlər də, Çin Xalq Respublikasının sədrləri də partiya daxilində 10 ildən bir hakimiyyəti dəyişdirirdilər. Yəni ötürürdülər. Ancaq Si Cinpin özündən sonra gələn demək olar ki, bütün potensial varislərini sıradan çıxardı. Bu da istər-istəməz ordu içində ciddi şəkildə narazılığa səbəb olur. Yəni faktiki olaraq, hazırda ordu elitası dövlət rəhbərliyinə narazılıq göstərir. Buna görə də bu səsləri susdurmaq və gələcəkdə öz hakimiyyətini daha da möhkəmləndirmək üçün məhz bu cür addımlar atılır.
Belə məlumatlar var ki, orduda Çində hərbi çevriliş etmək niyyətinə bir təşəbbüs qurulub və ordunun əsasən yüksək rütbəli hərbçiləri, hansı ki, bunlar həm də Ali Hərbi Siyasi Şurada təmsil olunurlar. Bu da Çin ordusu və siyasi həyatı baxımından çox mühüm əhəmiyyətli qurumdur. Əsas hərbi siyasi qərarlar məhz bu qurumda alınır. Həmin qurumun rəhbəri Si Cinpindir. Həmin şuranın rəhbərliyində saxlanılanların olduğu bildirdi. Yəni söhbət ordu generallarından gedir. Onların xüsusi nəzarət altına alındığı və saxlanıldığı barəsində məlumat var. Bildirilir ki, hərbi çevriliş edərək Si Cinpini hakimiyyətdən uzaqlaşdırmaq kimi bir təşəbbüs irəli sürülüb”.
Zeynal Əmrəliyev
Zeynal Əmrəliyev qeyd edib ki, Çin Kommunist Partiyasının qurultayının olacağı gözlənilirmiş, həmin qurultayda ordu partiya üzvlərinə təzyiq göstərərək mövcud sədri hakimiyyətdən uzaqlaşdırmaq prinsipi üzərində işləyibmiş: “Bunu Nikita Xruşovun SSRİ Kommunist Partiyasının Baş katibliyi vəzifəsindən uzaqlaşdırılmasına daha çox oxşadıram. Həmin dövrdə də partiya elitası hərbi qanadla birləşərək Xruşovu vəzifəsindən uzaqlaşdıraraq, Brejnevi hakimiyyətə gətirmişdilər. Eyni siyasəti Çin Kommunist Partiyasında da həyata keçirmək istəyirdilər ki, Si Cinpini sakit bir şəkildə qurultaydan uzaqlaşdırsınlar”.
Politoloqun fikrincə, məsələ bunun qarşısını almaq üçün həyata keçirilən bir prosesdir: “Yəni ordu içində bir narahatlıq var idi.
Həmin narazılığı söndürmək və gücü ordunun üzərində də göstərmək üçün bu addımlar atılıb”.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.