EN

“Qurulan sistem özünün önləyici və qabaqlayıcı məqsədindən yayınaraq tənqid və qınaq obyektinə çevrilə bilər”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilir. Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi müzakirə olunmalıdır.

Qeyd edək ki, bir sıra Avropa ölkələrində və Türkiyədə də oxşar qanunlar qüvvədədir. Həmin qanunlar sosial media şirkətlərini yaş təsdiqi sistemləri tətbiq etməyə məcbur edir və tələblərə əməl etməyənlər cərimələnir.

Sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi üçün necə bir mexanizm qurulmalıdır ki, cəmiyyət tərəfindən qəbul edilsin?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan sosioloq Naib Niftəliyev bildirib ki, qanun yalnız “qanun xatirinə” qəbul ediləcəksə, bu, real nəticə verməyəcək: “Mexanizm sadə, anlaşılan və cəmiyyət tərəfindən qəbul edilə bilən olmalıdır. Onun necə qurulacağı, hansı şərtlərin tətbiq ediləcəyi ilkin mərhələdə eksperimental şəkildə yoxlanılmalı, yəni heç kəsin maraqlarına xələl gətirmədən sosial təcrübə formatında sınaqdan keçirilməlidir. Bu prosesdə məsələnin bütün detalları və incəlikləri əvvəlcədən açıq şəkildə elan edilməməlidir. Əks halda, qurulan sistem özünün önləyici və qabaqlayıcı məqsədindən yayınaraq tənqid və qınaq obyektinə çevrilə bilər.

Bu baxımdan əsas diqqət platformalardan məqsədyönlü istifadəyə yönəlməlidir. Uşaqlara müəyyən məhdudiyyətlər tətbiq etməklə yanaşı, sosial şəbəkələrin faydalı istifadə imkanları mərhələli şəkildə izah olunmalıdır. Eyni zamanda etik və qeyri-etik istifadənin fərqi, zərərli davranışların nəticələri, o cümlədən cinayət məsuliyyətinə səbəb ola biləcək hallar uşaqlara aydın şəkildə çatdırılmalıdır. Uşaqlar bilməlidirlər ki, sosial şəbəkələrdən normal və məsuliyyətli istifadə rəğbətləndirilir, lakin qeyri-etik, zərərli və ya başqalarının hüquq və azadlıqlarını məhdudlaşdıran davranışlar cəmiyyət tərəfindən qəbul edilmir və nəticə etibarilə ciddi ictimai qınağa səbəb ola bilər. Sosial təsir bu baxımdan olduqca önəmlidir. Ona görə də etik davranış qaydaları təkcə real həyatda deyil, cəmiyyətin ayrılmaz hissəsi olan sosial şəbəkələrdə də gözlənilməldir”.

Naib Niftəliyev

“Qanun qəbul etməklə məsələ bitmir. Qanunvericilik sistemimizdə elə hallar var ki, qanunlar imperativ baxımdan kifayət qədər düzgün hazırlanır, geniş müzakirə olunur, ekspert rəyləri və müxtəlif yanaşmalar nəzərə alınır. Lakin tətbiq mərhələsində ciddi problemlər və icra mexanizmləri ilə bağlı çətinliklər yaranır.

Əgər qanun yalnız “qanun xatirinə” qəbul ediləcəksə, bu, real nəticə verməyəcək. Əsas məsələ onun icrasının əvvəlcədən düşünülməsi, əlaqəli dövlət qurumları ilə birgə effektiv tətbiq mexanizmlərinin hazırlanmasıdır. Bu prosesdə Milli Məclisin də məsələni nəzarətdə saxlaması mühüm əhəmiyyət daşıyır. Təbii ki, Milli Məclis fəaliyyət dövründə minlərlə qanun qəbul edib və hər bir qanunun icrasına ayrıca nəzarət etmək mümkün deyil. Lakin zəruri hallarda qanunlara düzəlişlərin və əlavələrin edilməsi, təşkilati və icra mexanizmlərinin təkmilləşdirilməsi, digər dövlət qurumları ilə koordinasiyalı iş qanunvericiliyin düzgün tətbiqi üçün vacibdir. Bu, olduqca ciddi və vacib məsələdir. Təşəbbüs ümumilikdə məqsədəuyğundur, lakin məsələ sərt qadağalarla deyil, balanslı və düşünülmüş məhdudiyyətlər vasitəsilə tənzimlənməlidir”, – deyə Naib Niftəliyev vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
69
50
bizimyol.info

10Sources