EN

Müasir dövrdə şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi strateji əhəmiyyət daşıyır

Bakı, 30 yanvar, AZƏRTAC

Rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi təkcə texnoloji ehtiyac kimi deyil, eyni zamanda rəqəmsal məkanda hüquqi və mənəvi təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Bu barədə AZƏRTAC-a məlumat verən İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev valideynlərin rəqəmsal savadlılıq səviyyəsinin artırılmasının vacibliyinə diqqət çəkib.

B.Nəbiyev bildirib ki, rəqəmsal savadlı valideynlər övladlarını virtual mühitdə mövcud olan risklərdən qorumaq üçün zəruri bilik və bacarıqlara malik olurlar. O vurğulayıb ki, bu istiqamətdə cəmiyyətin kibertəhlükələrə qarşı məlumatlandırılması məqsədilə sosial media platformaları və televiziya kanalları vasitəsilə davamlı maarifləndirmə işləri aparılmalıdır.

Babək Nəbiyev intellektual monitorinq sistemlərinin funksional imkanları və ölkəmizdə bu sahədə həyata keçirilən institusional tədbirlər barədə də məlumat verib.

“Əvvəlcə bu anlayış əsasən virtual mühitlə bağlı idi, lakin zaman keçdikcə gördük ki, virtual mühit reallığın bir hissəsidir və birbaşa bizim ailə mühitimizə, cəmiyyətin psixologiyasına, yəni informasiya mühitinə təsir göstərir. Buna görə də cəmiyyətdə rəqəmsal savadlılıq artırılmalı və ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır. Hər hansı bir kiber mühit mövcuddursa, orada monitorinq aparılmalıdır. Məqsəd təhlükəsizliyin təmin olunmasıdır”,-deyə B.Nəbiyev bildirib.

 

Chosen
86
50
azertag.az

10Sources