EN

NATO Amerikasız hərbi təlimlər keçirir

AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşri ABŞ Prezidenti Donald Trampın NATO-nu tənqid etməsi fonunda keçirilən bu təlimlərin avropalı müttəfiqlərin müstəqil hərəkət etmək bacarığının sınağı rolunu oynadığını yazır.

Donanma və logistika
Təyyarədaşıyan gəmi kimi xidmət edə biləcək yeni desant gəmisi də daxil olmaqla dörd türk gəmisi Cəbəllütariqdən 80 kilometr şimal-qərbdə yerləşən İspaniya limanına gələcək. Daha sonra onlar ispan gəmiləri ilə donanma yaradacaq və Fransa, Almaniya, Polşa və Hollandiya gəmiləri ilə görüşərək qitəni qət edəcəklər.

Donanma tankları, desant gəmilərini, helikopterləri, pilotsuz təyyarələri və qoşunları Cənubi Avropadan Türkiyə dəniz piyadalarının iştirakı ilə eniş və canlı atəş təlimlərinin planlaşdırıldığı Almaniyanın şimalına daşıyacaq.

Təlimlərin məqsədi

Əməliyyat NATO Cavab Qüvvələrini sınaqdan keçirmək və müttəfiqlərin qitənin bir başından digər başına qədər qoşun və texnikanı sürətlə köçürmək qabiliyyətini qiymətləndirmək üçün nəzərdə tutulub.

“Bu təlimlər avropalaşmış NATO-nun gələcəyi haqqında müəyyən təsəvvür yarada bilər”,– Hamburq Universitetinin Sülh Tədqiqatları və Təhlükəsizlik Siyasəti İnstitutunun analitiki Lukas Mengelkamp bildirib.

Təlimlər nümayiş etdirir ki, ABŞ olmasa belə, Avropa ölkələri irimiqyaslı logistik əməliyyatlar və kollektiv müdafiə təşkil etmək iqtidarındadır.

Avropa təşəbbüsü

Təlimlərə İspaniya rəhbərlik edir, Almaniya isə logistikaya cavabdehdir. Bu, Almaniyanın Avropada əsas müdafiə mərkəzi və qitənin ən böyük adi ordusu kimi rolunu vurğulayır.

- İndiki dövrdə alyansın birliyini nümayiş etdirmək çox vacibdir. Təlimlər Cənubi Avropa ölkələrinin qüvvələrini Mərkəzi Avropaya sürətlə yerləşdirmək qabiliyyətinə dair gözəl və mühüm siqnaldır”,– Almaniya Hərbi Hava Qüvvələrinin generalı İnqo Gerharts deyib.

ABŞ-nin rolu

Amerika qoşunları təlimlərdə birbaşa iştirak etməsə də, ABŞ hələ də planlaşdırma və strateji nəzarətdə əsas rol oynayır. Amerika avadanlığı, peyk kəşfiyyatı və uzaqmənzilli raket ehtiyatı NATO-nun tam döyüş qabiliyyəti üçün kritik amil olaraq qalır.

“Mən şübhə etmirəm ki, ABŞ NATO-da qalacaq və Avropanı müdafiə etmək məsələsində bizimlə birlikdə olacaq”,– almaniyalı general İnqo vurğulayıb.

Fevral ayına qədər davam edəcək “Steadfast Dart (Dəqiq nizə)” təlimləri müxtəlif nəqliyyat növlərini – dəniz, yol və havanı, eləcə də kommersiya daşımalarını əhatə edəcək.

Bu arada ABŞ-nin müdafiə naziri Pit Heqsetin fevralın 12-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin əsas iclasında iştirak etməyəcəyi açıqlanmışdı ki, bu da Vaşinqtonun alyansa sadiqliyi ilə bağlı əlavə suallar yaradır. Heqsetin yerinə görüşdə onun müdafiə siyasəti üzrə müavini Elbric Kolbinin iştirakı planlaşdırılır.

Sahil İsgəndərov
AzVision.az
Chosen
17
12
azvision.az

10Sources