Bakı, 30 yanvar, AZƏRTAC
Auditorlar Palatasının auditorları kimi hər bir auditor yerinə yetirdiyi istənilən audit yoxlamalarını Beynəlxalq Audit Standartlarının tələblərinə əsasən aparmalıdır, həmçinin Peşə Etika Məcəlləsinin (müstəqillik standartları ilə birlikdə) tələbləri əsasında reallaşdırmalıdır.
Bu barədə Palatadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, kənar auditorlar kimi həm dövlət və həm də özəl sektorda aparılan auditlər zamanı audit sahəsində tənzimləyici orqan kimi Auditorlar Palatasının direktiv sənədlərinə riayət etməlidir.
Bununla yanaşı, digər özəl audit subyektlərindən fərqli olaraq, dövlət müəssisələri, İctimai Əhəmiyyətli Qurumlar və publik hüquqi şəxslərdə audit aparan auditorlar üçün əlavə tələblər mövcuddur. Eyni zamanda digər özəl audit subyektlərindən fərqli olaraq dövlət müəssiləri kimi İctimai Əhəmiyyətli Qurumlarda və Publik Hüquqi şəxslərdə audit aparan auditorlar üçün əlavə olaraq Auditorlar Palatası Şurasının 28.02.2025-ci il tarixli qərarı ilə xüsusi tələblər vardır. Yəni Auditorlar Palatasından İcazə almış istənilən bir auditor dövlət müəssisələri kimi ictimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə audit apara bilməz. Ancaq Auditorlar Palatası Şurasının 28.02.2025-ci il tarixli qərarı ilə xüsusi tələblərinə cavan verən auditorlar ictimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə audit apara bilər.
Məlumatda vurğulanıb ki, ümumilikdə dövlət müəssisələrində və özəl sektorda aparılan auditlər arasında fərqlər mövcuddur. Əsas fərq auditi həyata keçirmək səlahiyyətinə malik olan qurumlarla bağlıdır. Digər fərqlər isə auditin məqsədi, növləri, tətbiq edilən tənzimləmələr, hesabatların təqdim olunma qaydası, risk yanaşmaları və auditin miqyası ilə əlaqədardır. Kənar audit yoxlamaları zamanı da dövlət və özəl sektor üzrə fərqlər əsasən auditorlara qoyulan xüsusi tələblərlə bağlıdır.
Açıqlamada dövlət sektorunda şəffaflığın artırılması məqsədilə bir sıra effektiv metodlar da diqqətə çatdırılıb. Bunlara açıq məlumat platformalarının yaradılması, büdcə xərcləri, tender nəticələri və dövlət proqramlarının icrası ilə bağlı məlumatların real vaxt rejimində dərc olunması daxildir. Eyni zamanda, “Açıq hökumət məlumatları” portallarının tətbiqinin vacibliyi vurğulanıb.
Elektron tender və satınalma platformalarında tenderlər üzrə pre-audit yoxlamalarının tezliyinin artırılması korrupsiyanın və qeyri-şəffaf qərarların azalmasına təsir göstərir. Bütün proseslərin rəqəmsal izinin qalması auditin keyfiyyətini yüksəldir.
Performans auditlərinin genişləndirilməsi təkcə maliyyə deyil, eyni zamanda effektivlik, qənaətlilik və nəticəlilik meyarlarının qiymətləndirilməsini nəzərdə tutur, dövlət proqramlarının faktiki təsirinin ölçülməsinə imkan yaradır. İctimai nəzarətin gücləndirilməsi məqsədilə qeyri-hökumət təşkilatları, media və vətəndaş cəmiyyəti üçün məlumatlara açıq çıxış təmin edilir, ictimai audit mexanizmləri və sosial nəzarət alətləri tətbiq olunur.
Rəqəmsal monitorinq və analitika çərçivəsində süni intellekt əsaslı risk yönümlü monitorinq sistemləri tətbiq edilir, dövlət xərclərində mümkün anomaliyaların avtomatik aşkarlanması təmin olunur. Hesabatlılıq standartlarının beynəlxalq modellərə uyğunlaşdırılması INTOSAI standartlarının tətbiqini, dövlət auditorlarının peşəkar sertifikasiyasının və müstəqilliyinin artırılmasını əhatə edir.
Etika və korrupsiyaya qarşı tədbirlər davranış kodekslərinin tətbiqini, məcburi aktivlərin bəyannaməsini, eləcə də daxili nəzarət və daxili audit orqanlarının fəaliyyətinin gücləndirilməsini nəzərdə tutur.
Dövlət və Özəl Sektor Auditlərinin Müqayisə Cədvəli
|
Meyar |
Dövlət sektoru auditi |
Özəl sektor auditi |
|
Məqsəd |
Dövlət, İctimai vəsaitlərin qanunauyğun, şəffaf və səmərəli istifadəsini qiymətləndirmək |
Maliyyə hesabatlarının düzgünlüyü, şəffaflığını və etibarlılığını təsdiqləmək |
|
Audit növləri |
Maliyyə, uyğunluq, performans və səmərəlilik auditləri |
Maliyyə auditi |
|
Tənzimləmə |
Dövlət büdcə qanunvericiliyi, satınalma qanunları, dövlət proqramı qaydaları, INTOSAI standartları |
BAS-lar, Etka məcəlləsi, IFRS, ISA, Auditorlar Palatasının direktiv sənədləri, kommersiya qanunvericiliyi |
|
Auditorun təyin edilməsi |
Parlamentə və ya dövlət nəzarət orqanına tabe olan ali audit qurumları (Hesablama Palatası) |
Müstəqil audit firmaları, səhmdar və ya idarə heyətinin seçimi ilə |
|
Hesabatın təqdimatı |
Parlamentə, hökumətə və ictimaiyyətə |
Səhmdarlara, idarə heyətinə, vergi və tənzimləyici orqanlara |
|
Risk yanaşması |
Korrupsiya, israfçılıq, büdcə qaydalarının pozulması |
Yanlış maliyyə hesabatları, bəyannaməsi, dələduzluq, biznes riskləri |
|
Şəffaflıq tələbləri |
Yüksək – məlumatların ictimaiyyət üçün açıq olması tələb olunur |
Nisbətən aşağı – məlumatlar daha çox daxili istifadə üçündür |
|
Motivasiya |
İctimai maraq, sosial təsir |
Mənfəət, kapitalın qorunması, investor etibarı |
|
Audit miqyası |
Daha geniş – dövlət proqramları, layihələr, sosial xidmətlər, satınalmalar |
Şirkətin maliyyə əməliyyatları, aktivlər, öhdəliklər, gəlir-xərc uçotu |