EN

Dövlət Statistika Komitəsinin nümayəndə heyətinin Vyetnama səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin iqtisadi-maliyyə mərkəzi və əhali sayına görə ən böyük şəhəri olan Ho Şi Min şəhərində bir sıra görüşlər keçirib.

SİA xəbər verir ki, Ho Şi Min Xalq Komitəsinin sədri Vo Van Minh və Ho Şi Min Şəhər Statistika İdarəsinin direktoru Nguyen Khac Hoang ilə görüşlərdə bir-birinin maraqlarına hörmətlə yanaşan Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin təcrübə mübadiləsi və müxtəlif istiqamətlərdə, o cümlədən statistika sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından böyük önəm daşıdığı bildirilib.

Səfər zamanı nümayəndə heyətinin ölkənin neft sənayesi mərkəzi olan Vunqtau şəhərində “Vietsovpetro” şirkətinin rəhbərliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Vunqtau bölməsinin üzvləri ilə də görüşü olub. Görüşdə “Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra - 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başçılıq etdiyi SSRİ nümayəndə heyətinin Vunqtauya səfəri və daha sonra Vyetnama göstərilən dəstək sayəsində dənizdə ilk neftin hasil edildiyi xüsusi vurğulanıb. Azərbaycanlı mütəxəssislərin bu ölkənin neft-qaz sənayesinin qurulmasında xidmətlərinin əvəzsiz olduğu, Vyetnamın sözügedən sahədə kadr hazırlığı istiqamətində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinə və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük maraq göstərdiyi qeyd edilib. Vunqtau ilə Bakının qardaşlaşmış şəhərlər olduğu bildirilərək iki ölkənin regionları arasında da işbirliyinin perspektivləri müzakirə olunub. Bu sahədə görüləcək işlərin Azərbaycan-Vyetnam münasibətlərinə dinamizm gətirəcəyinə inam ifadə edilib.

Nümayəndə heyəti Ho Şi Min şəhərindəki Müstəqillik sarayını, Vunqtauda isə “Vietsovpetro” şirkətinin muzeyini və Bakı küçəsini ziyarət edib.

Səfər yanvarın 30-da başa çatıb.

Müəllif: Günel Fərzəliyeva
Chosen
47
10
sia.az

10Sources