Mətbuat yazır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev hər ay 19 500 manat maaş alır. Ölkədə minimum əməkhaqqının 400 manat olduğunu nəzərə alsaq, bu, kifayət qədər yüksək məbləğdir.
Ötən gün məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlamışıq. Amma qurum suallarımızı cavablandırmayıb.
“Yeni Sabah” bu dəfə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Heydər Rüstəmovla əlaqə saxlayıb. Lakin o da sualları cavablandırmaqdan imtina edib.
- Heydər müəllim, mətbuat yazır ki, AYNA sədri Anar Rzayev ayda 19 min 500 manat maaş alır. Bu informasiya nə qədər həqiqətdir?
- Bununla bağlı sorğunuzu AYNA-nın İctimaiyyətlə əlaqələr departamentinə ünvanlayın. Bu suala onlar cavab verə bilər.
- Hamı AYNA sədrinin maaşından danışır, yazır. Sədrinizi müdafiə etmək istəmirsiniz?
- Burada müdafiəlik nə var ki? TikTok-da çox şey danışıla bilər. Bunlar qeyri-ciddi məsələlərdir. Onun hamısına münasibət bildirəsi deyilik ki.
- Amma mətbuat da yazıb...
- Sorğunuzu İctimaiyyətlə əlaqələr departamentinə ünvanlayın.
- Siz özünüz ayda nə qədər maaş alırsınız?
- Ay müəllim, heç adamdan belə bir məsələni soruşarlar.
- Dövlət qurumunda işləyənlərdən soruşmaq olar...
- Yenə deyirəm, bizdə İctimaiyyətlə əlaqələr departamenti var. Bizim daxili idarəetmə strukturumuza və qaydalara görə, sorğular həmin departamentə ünvanlanmalıdır. Sorğunuzu Vəliyə, Turala göndərin, cavablandıracaqlar. Özləri birbaşa cavab verə bilməsələ də dəqiqləşdirib cavab verəcəklər.
Qeyd edək ki, Anar Rzayev 2021-ci ilin 11 noyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.