EN

Vahid məktəbli formasının tətbiqi: Təhsil müəssisəsi dini geyim yeri deyil - ARAŞDIRMA

Azərbaycan təhsilinin bu gün üzləşdiyi problemlərdən biri vahid məktəbli formasının tətbiq olunmasındakı boşluqlarla bağlıdır. Uzun illərdir ki, bu istiqamətdə müzakirələrin aparılmasına, qərarların qəbul olunmasına baxmayaraq, problem həllini tapmır.

Vahid məktəbli formasının tətbiqi ilə bağlı bəzi hallarda tənqidi fikirlərə də rast gəlinir ki, əslində, buna ehtiyac yoxdur. Lakin həm dünya təcrübəsi, həm müşahidələr, həm aparılan araşdırmalar, həm də gündəlik rastlaşdığımız hallar vahid məktəbli formasının tətbiq olunmasının bir neçə aspektdən vacib olduğunu ortaya çıxarır.

Eyni parta arxasında eyni geyimdə

Bu aspektlərin başında sosial bərabərlik gəlir. Ailələrinin maddi vəziyyətindən asılı olmayaraq, eyni sinifdə, eyni məktəbdə oxuyan uşaqların geyimində fərq olmaması, ilk növbədə, onların xarici görünüşündə də fərq yaranmamasına imkan verir.

Varlı və kasıb ailələrin övladlarının eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır.

Məsələ təkcə maddi vəziyyətlə də bitmir. Şagirdlərin vahid forma olmadığı halda məktəbə istədikləri geyimlə gələcəklərini düşündükdə hansı mənzərənin yaranacağını təsəvvür etmək o qədər də çətin deyil.

İstəyən açıq-saçıq geyimdə, istəyən hicabda, istəyən uzun saçla, istəyən saqqalla...

Belə olan halda məktəb artıq təhsil, elm ocağı olmaqdan çıxır. Odur ki, vahid məktəbli geyiminin tətbiqi bu kontekstdə sadalanan halların qarşısının alınması baxımından çox vacibdir.

Diqqətçəkən məqamlardan biri də odur ki, vahid məktəbli formasının tətbiqindən sonra açıq-saçıq geyinmə hallarının qarşısının alınması istiqamətində nəticələr əldə olunsa da, hazırda məktəbə hicabla gələnlərin sayı az deyil.

Hətta aşağı sinif şagirdləri arasında da belə hallara rast gəlinir. Bir çox halda həmin azyaşlıların valideynləri tərəfindən hicab taxmağa məcbur edildikləri barədə məlumatlar yayılır.

Ümumi təhsil müəssisələrində 4 növ geyim forması

Hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, Nazirlər Kabineti məktəblinin vahid geyim forması ilə bağlı qərar veribsə, hər hansı şəxsin, istənilən dini qrupun üzvünün özünün seçdiyi, sevdiyi geyimdə məktəbə gəlməsi yolverilməzdir: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. Bu formaların siyahısında dini geyimlər mövcud deyil. Ümumtəhsil müəssisələrinin Pedaqoji Şurası tərəfindən müvafiq qərar qəbul edilərək, yalnız bu 4 geyim formasından biri seçilə bilər”.

Hüquqşünas deyib ki, valideynlərin övladlarını hər hansı dini ayini icra etməsini, dini mərasimlərə cəlb etməsi, dini geyim qaydasının tətbiqi bağlı dominantlıq etməsi yolverilməzdir: “Bu, “Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununda, həmçinin Azərbaycan Respublikasının ratifikasiya etdiyi “Uşaqların Hüquqlarının Müdafiəsi” haqqında konvensiyada öz əksini tapıb”.

Dünyəvi ölkələrdə geyim qaydası dövlət tərəfindən müəyyən olunur

Hüquqşünas qeyd edib ki, Azərbaycan Konstitusiyasına və BMT-nin konvensiyasına görə, 18 yaşdan aşağı şəxslər uşaq sayılır: “Uşaqlara da valideynlərin qayğı göstərmə borcu var. Onların dini seçiminə təzyiq etmək, zorakılıq etmək, hər hansı dini geyimləri geyinməyə təşviq etmək qadağandır. Məsələn, yəhudilərin, xristianların, müsəlmanların öz dini geyim formaları var. Ancaq bu, dünyəvi ölkələr üçün xarakterik deyil. Dünyəvi ölkələrdə geyim qaydası dövlət tərəfindən müəyyən olunur. Bu qayda təhsil müəssisələrində də tətbiq olunmalıdır”.

Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır: “Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır".

Bütün uşaqlar bərabər hüquqludur

Müsahibimiz bildirib ki, “Uşaq hüquqları haqqında Qanun”a görə, bütün uşaqlar bərabər hüquqlara malikdirlər: “Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir”.

Valideynlər öz övladlarını hər hansı dinə məcbur edə bilməzlər

Şagirdlərin məktəbli formasını geyinmə tələbini pozması ilə bağlı xüsusi nəzarət mexanizmi yaradılmalıdırmı? Cəmiyyətdə dünyəvilik prinsiplərinin ardıcıl təbliği və təşviqi, dünyəvilik kontekstində hicabla bağlı maarifçiliyin gücləndirilməsi baxımından hansı tədbirlər həyata keçirilməlidir?

Məsələ ilə bağlı APA-ya danışan Milli Məclisin Elm və təhsil, eyni zamanda İctimai birliklər və dini qurumlar komitələrinin üzvü Ceyhun Məmmədov deyib ki, proses qanunauyğun olaraq həllini tapmalıdır: “Bu məsələlər Azərbaycan qanunvericiliyində əksini tapıb. Ölkədə hər kəsin istədiyi dinə etiqad etmə hüququ var. Bu məsələ qanunla tənzimlənir. Kimisə hər hansı dinə məcbur etmək qanunla qadağadır. Valideynlər öz övladlarını buna məcbur edə bilməzlər. Məktəblərdə vahid geyim forması var, bu formaya uyğun addımlar atılır, tədbirlər həyata keçirilir. Cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalı, insanlara elmi prizmadan çatdırılmalı və təbliğ edilməlidir. Ümumilikdə bu məsələdə Qanunu əsas götürməliyik”.

Uşaq hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər

Mövzu ilə bağlı APA-ya açıqlama verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, yaxın vaxtlarda Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsi tərəfindən uşaq hüquqları ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürülüb: “Gözlənilir ki, yaxın dövrdə müasir çağırışlara uyğun yeni qanun layihəsi hazırlanacaq. Bu layihədə xüsusilə erkən yaşda, məktəb dövründə uşaqların hansısa dinə cəlb edilməsi məsələsinə dair müəyyən məhdudlaşdırıcı normaların nəzərdə tutulması mümkündür.

Müzakirə olunan əsas məqamlardan biri ondan ibarətdir ki, şagirdlər dini seçimlə bağlı qərarı yalnız öz müstəqil fikirləri əsasında verməlidirlər. Uşaqlara zorakılıq göstərilməsi, psixoloji təzyiqə məruz qoyulması və ya onların hər hansı dinə məcburi şəkildə cəlb edilməsi qanunvericiliyin pozulması kimi qiymətləndiriləcək. Bu qadağaların həm valideynlərə, həm də uşağın ətrafındakı digər şəxslərə şamil ediləcəyi gözlənilir ki, bu da düzgün və əsaslandırılmış yanaşmadır.

Uşaqların hansısa dini cərəyana etiqad edib-etməmək məsələsinə valideynlərin və ya ətraf mühitin müdaxiləsi yolverilməz hesab olunur”.

Elçin Əfəndi onu da bildirib ki, din dövlətdən ayrıdır və təhsillə din eyniləşdirilməməlidir: “Azərbaycan tolerant ölkədir. Burada müxtəlif dini etiqadlara mənsub insanlar yaşayır və hər kəsin dini azadlığına hörmətlə yanaşılır”.

Məktəb təhlükəsiz və dini ideoloji təsirlərdən azad məkan olmalıdır

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova APA-ya bildirib ki, məktəblərdə şagirdlərin geyim məsələsi təkcə estetik və ya nizam-intizam problemi deyil, eyni zamanda dünyəvilik, insan hüquqları, uşaqların mənafeyi və cəmiyyətin gələcək inkişaf modeli ilə birbaşa bağlı olan həssas mövzudur: “Bu baxımdan hicabın məktəblərdə istifadə edilib-edilməməsi məsələsi emosional deyil, hüquqi və ictimai prinsiplər əsasında dəyərləndirilməlidir".

Deputat deyib ki, məktəb mühiti uşaqlar üçün bərabər, təhlükəsiz və dini ideoloji təsirlərdən azad bir məkan olmalıdır: "Bu baxımdan məktəblərdə vahid geyim formasının tətbiqi dünyəvilik prinsipinə, sosial bərabərliyə və nizam-intizama xidmət edən rasional mexanizm kimi qiymətləndirilə bilər.

Məktəbli forması qeyri-uyğun geyimləri tənzimləməlidir

Vahid məktəbli forması təkcə dini geyimlərlə bağlı deyil, eyni zamanda açıq-saçıq və yaşa uyğun olmayan geyimlərin də qarşısının alınmasına yönəlməlidir. Təəssüf ki, praktikada bəzi hallarda nəzarətsizlik ucbatından həm dini simvolları önə çıxaran geyimlərə, həm də etik normaları pozan açıq geyimlərə rast gəlinir. Bu isə məktəbin əsas funksiyası olan təhsil prosesinə mənfi təsir göstərir. Ona görə də geyimlə bağlı tələblər vahid, aydın və hamı üçün eyni olmalı, selektiv və ya ziddiyyətli tətbiq edilməməlidir.

Hicab məsələsinə gəldikdə isə burada əsas diqqət uşağın iradəsinə və mənafeyinə yönəlməlidir. Beynəlxalq hüquq normalarına görə, uşaq yetkinlik yaşına çatmamış dini seçim etmək baxımından tam formalaşmış subyekt hesab edilmir. Bu səbəbdən məktəb yaşlı uşaqların dini geyimlərə məcbur edilməsi ciddi narahatlıq doğurur. Cəmiyyətdə qadınların və xüsusilə azyaşlı qızların ailə üzvləri tərəfindən hicaba məcbur edilməsi hallarının mövcudluğu barədə kifayət qədər sosial müşahidələr və faktlar var. Bu, artıq dini seçim azadlığı deyil, məcburiyyət və psixoloji təzyiq məsələsidir”.

Deputat vurğulayıb ki, bu istiqamətdə hüquqi və maarifləndirici tədbirləri gücləndirməlidir: “Dünyəvilik prinsiplərinin ardıcıl təbliği, məktəblərdə hüquqi maarifləndirmə, valideynlərlə işin gücləndirilməsi, uşaqların hüquqlarının izah edilməsi xüsusi əhəmiyyət daşıyır. Hicabla bağlı maarifçilik dini inancların inkarı deyil, onun şəxsi seçim olduğunu və təhsilin neytral qalmalı olduğunu izah etməyə yönəlməlidir.

Eyni zamanda, qadınların və uşaqların hicaba məcbur edilməsi hallarına qarşı hüquqi mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Məktəblərdə psixoloqların, sosial pedaqoqların və qəyyumluq orqanlarının bu cür halları aşkar etməsi və müdaxilə imkanları genişləndirilməlidir. Məcburiyyət faktları ailədaxili zorakılıq və hüquq pozuntusu kimi qiymətləndirilməli, müvafiq hüquqi reaksiya verilməlidir.

Məktəblərdə vahid geyim qaydalarının tətbiqi, dini və açıq-saçıq geyimlərin eyni hüquqi çərçivədə tənzimlənməsi, uşaqların dini məcburiyyətlərdən qorunması və dünyəvilik prinsiplərinin sistemli şəkildə təbliği cəmiyyətin sağlam inkişafı üçün vacibdir. Burada məqsəd nə dini inancları hədəfə almaq, nə də fərdi azadlıqları boğmaqdır. Məqsəd uşaqların hüquqlarını, təhsilin neytrallığını və dünyəvi dövlət modelini qorumaqdır”.

Chosen
9
3
apa.az

10Sources