"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur".
Ekologiya.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində qeyd olunub.
"Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir", məlumatda deyilir.