Rahim Sterlinq “Çelsi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək İngiltərə klubundan birdəfəlik ayrılıb.
Arena.az bu barədə London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Zadəganlar”ın heyətində forma şansı qazanmaqda çətinlik çəkən ingilis hücumçu çıxış yolunu klubdan birdəfəlik ayrılmaqda görüb. Azad agentə çevrilən Sterlinq hazırda özünə yeni komanda axtarmaqdadır. Onun klubla hələ 18 aylıq müqaviləsi mövcud idi.
Xatırladaq ki, “Çelsi” Sterlinqi 2022-ci ilin yayında “Mançester Siti”dən 56,2 milyon avro müqabilində transfer etmişdi. O, London təmsilçisinin heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.
Sterlinq 2024/2025-ci illər mövsümündə “Arsenal”da icarədə də olub – 28 oyun, 1 qol və 5 assist.
Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”də oynayıb.
Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.
Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis sol vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
