EN

Tükü yaxşı yonulmamış broyler toyuqları təhlükəlidir? -Açıqlama


Bakıda marketlərdə tam təmizlənməmiş, üzəri tüklü halda broyler toyuqları satılır.



"İslami kəsim" adlı toyuq firmasının məhsullarını alan vətəndaş Medicina.az -a hər dəfə eyni mənzərə ilə qarşılaşdığını deyir:

"Dəfələrlə bu toyuqdan almışam. Həmişə üstündə tüklər olur. Məcbur olub dərisini soyub bişirirəm. Amma bəzi insanlar toyuğu dərisi ilə yeməyi sevir. Paketləndiyinə görə daha təmiz olduğunu düşünürdüm, heç də elə deyilmiş. Yalnız bu toyuqlarda deyil, başqa firmalara aid toyuqlarda da eyni hal yaşanır".



Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov Medicina.az -a bildirib ki, satışda olan toyuqların üzərində tük qalıqlarının olması istehlakçılar üçün tez-tez narahatlıq yaradan və haqlı suallar doğuran məsələdir:

"Bu vəziyyətə həm qida təhlükəsizliyi, həm də sanitariya-gigiyena normaları prizmasından baxmaq lazımdır.

İlk olaraq qeyd edək ki, toyuğun üzərində az miqdarda tük qalığı qalması texnoloji cəhətdən mümkündür. Kəsim və təmizləmə prosesində (xüsusilə avtomatlaşdırılmış xətlərdə) bəzən çox xırda tük və ya tük kökü tam çıxmaya bilər. Bu, məhsulun təhlükəli olması demək deyil, amma normaya çevrilməsi də düzgün sayılmır.

Problem o zaman ciddi hesab olunur ki, toyuğun üzərində gözlə aydın görünən, çoxsaylı tük qalığı olsun, dəri üzərində çirk, qan laxtaları, xoşagəlməz qoxu müşahidə edilsin, məhsulun qablaşdırılması gigiyenik qaydalara uyğun olmasın.

Qida təhlükəsizliyi baxımından tüklər mikrobioloji risk daşıya bilər. Çünki tük səthində bakteriyalar, o cümlədən salmonella və kampilobakter kimi patogenlər qala bilər. Bu səbəbdən normativ sənədlərdə bildirildiyi kimi, satışa çıxarılan quş əti vizual olaraq təmiz, gigiyenik və istehlakçı üçün qəbulolunan vəziyyətdə olmalıdır".

"Bəs buna necə nəzarət olunmalıdır?" sualına isə ekspert belə cavab verib:

"1. İstehsal mərhələsində nəzarət.
- Kəsim müəssisələrində yolma və təmizləmə avadanlıqları düzgün sazlanmalı.
- Manual (əl ilə) son yoxlama mərhələsi olmalı.
- HACCP və digər qida təhlükəsizliyi sistemləri real şəkildə tətbiq edilməlidir.

2. Rəsmi nəzarət.
- Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi yoxlamalar aparılmalı.
- Qablaşdırılmış məhsulların həm sənədləri, həm də fiziki vəziyyəti qiymətləndirilməlidir.
- Standartlara cavab verməyən məhsullar satışdan kənarlaşdırılmalıdır.

3. Satış nöqtələrində məsuliyyət.
- Market və mağazalar vizual olaraq qüsurlu məhsulları rəflərə çıxarmamalıdır.
- Soyuq zəncirə və saxlanma şərtlərinə ciddi əməl olunmalıdır.

4. İstehlakçı rolu.
- Vətəndaşlar üzərində açıq-aşkar tük, çirk və ya qoxu olan məhsulları almamalı.
- Belə hallarla rastlaşdıqda rəsmi qurumlara müraciət etməlidirlər.

Nəticə olaraq, paketlənmiş olsa belə, üzərində nəzərə çarpacaq dərəcədə tük olan toyuqların satışa çıxarılması arzuolunan deyil və bu, istehsalçı ilə yanaşı nəzarət mexanizmlərinin də zəifliyindən xəbər verə bilər. Qida təhlükəsizliyinin təmin olunması yalnız bir tərəfin deyil – istehsalçı, nəzarət orqanı, satıcı və istehlakçının birgə məsuliyyətidir.

Sağlam qidalanaraq sağlam yaşayın!"



Aygün
Medicina.az


Chosen
5
1
medicina.az

2Sources