EN

Veysəl Rzayev bıçaqlandı – ARENA.AZ

Gəncənin “Kəpəz” komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.

Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda futbolçunun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Futbolçunun formasını geyindiyi “Kəpəz” klubu da hadisə ilə bağlı rəsmi açıqlama yayıb:

“Rzayev insident nəticəsində xəsarət alıb. Klubumuzun üzvü hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur. Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”.

Xatırladaq ki, Veysəl bu qış fasiləsində “Turan Tovuz”dan azad agent kimi ayrılaraq “Kəpəz”lə müqavilə bağlayıb. Tərəflər cari mövsümün sonunadək anlaşıblar. Rzayev Gəncə təmsilçisinin heyətində 2 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qəbələ”nin yetirməsi olan Rzayev karyerası ərzində “Turan Tovuz” və “Sabah”ın da formasını geyinib.

Azərbaycanın U-16, U-17, U-19 və U-21 yığmalarının da şərəfini qorumuş 23 yaşlı futbolçuya əsas millimizdə debüt etmək qismət olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
3
9
arena.az

10Sources