EN

Dünyanın halı: Eynşteyndən Epşteynə… - Əkbər Qoşalı YAZIR

Zaman bəzən adlarla danışır – ad zamanlaşır, zaman adlaşır... Bəzən də adlar anlayışa çevrilir. Elə adlar var, deyildiyi anda insanlığın ümidini xatırladır; elə adlar da var ki, dünyanın utancı olur...
 
Bir vaxtlar Albert Eynşteyn (Albert Einstein (14.03.1879, Almaniya – 18.04.1955, ABŞ) adı elmi düşüncənin şərəfi idi. Zəkanın məsuliyyətlə imtahanı sayılırdı o ad. Elm yalnız güc deyil axı, o, həm də vicdandır. Eynşteyn atomu parçalayanda belə, insanın bütövlüyünü hədəf almırdı. Eynşteyn üçün düha, belə demək olarsa, insanlığın yükünü daşımaq idi.
 
Bəs bu gün?.. Bu gün isə başqa bir ad “simvol”a çevrilib: Cefri Epşteyn (Jeffrey Edward Epstein; 20.01.1953, ABŞ – 10.08.2019, ABŞ). Bu ad artıq konkret bir şəxsdən çox, qaranlıq bir sistemin işarəsidir. Pulun toxunulmazlıq qazandığı, gücün məsuliyyəti boğduğu, insanın alqı-satqı obyektinə çevrildiyi bir sistemin…
 
Burada artıq zəka düşünmür – hesablayır;
 
burada ideya yaratmır – gizlədir;
 
burada insan məqsəd deyil – vasitədir…
 
Eynşteynlə Epşteyn arasındakı məsafə əslində, daban-dabana zidd iki dünyagörüşüdür.
 
Birində ağıl insanı ucaldırdı, digərində güc insanı alçaldır;
 
birində elm bəşəriyyətə xidmət edirdi, digərində sərvət insanlığı əsir alır.
 
Və iş belə olunca, qaçılmaz suallar yaranır: 
 
dünya harada azdı?
 
Elm nə vaxt etikadan ayrıldı?
 
Zəka nə vaxt mənfəətin nökərinə çevrildi?
 
Kulturoloji baxışla desək, məsələ təkcə fərdlərdə sanılmamalıdır – o, dəyərlər iyerarxiyasındadır. Çağdaş dünya bilik istehsal edir, amma hikmət yaratmır. Texnologiya sürətlidir, amma yönsüzdür. Zənginlik çoxdur, amma mənasızdır.
 
Eynşteyn dönəmində sual vermək cəsarət idi.
 
“Epşteyn dönəmi”ndə isə sualları susdurmaq biznesdir.
 
Toplum bu dəyişimi adiləşdirdikcə, sadə, bəlkə sadəlöhvcəsinə qəbul etdikcə, anormallıq normaya çevrilir. Və dünya Eynşteyndən uzaqlaşdıqca, Epşteynlər çoxalır. – Bax, ən təhlükəlisi də budur.
 
Gərçi tarix qapalı deyil. Gələcək hələ də seçimdir.
 
Yenidən Eynşteynə qayıtmaq mümkündürmü? – Yəni bir şəxsə yox, bir prinsipə qayıdış?.. Mümkün olmalı.
 
Elm vicdanla birləşməlidir. 
 
Güc məsuliyyətlə ölçülməlidir. 
 
Zənginlik mədəniyyətlə tamamlanmalıdır.
 
Çünki insanlıq nə yalnız ağılla, nə yalnız anlamla yaşaya bilir; ağılla anlamın, güclə vicdanın sarsılmaz birliyi lazım!
 
Asif Atanın belə bir poefəlsəfi, daha doğrusu, filopoetik sözü var: Qaranlıqlar yarılsın, Ürəyinizdə Günəş olsun! 
 
Bəli, qaranlığı adlandırmaq, işığı anmaq! – Dünyanın halını dəyişmək üçün ilk addım bu olsa gərək…
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
Əkbər QOŞALI
Chosen
3
1
moderator.az

2Sources