EN

Yasamalda nə baş verir? - Hadisənin pərdəarxası

Yasamal rayonu, MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb. MİDA-2-nin 19-cu binasının fasad örtüyü güclü küləyin təsiri ilə qoparaq əraziyə səpələnib. Hadisə zamanı xəsarət alan olmayıb, lakin avtomobillərdən birinə ziyan dəyib. Sakinlər bildirirlər ki, bu, tikintinin keyfiyyəti və təhlükəsizlik standartlarına əməl olması dair ciddi suallar yaradır. Onlar aidiyyəti qurumlardan texniki yoxlama və risklərin aradan qaldırılmasını tələb edirlər.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə  ekspert Ramil Osmanlı bildirib ki, dəqiq araşdırma aparılmadan hər hansı tərəfi ittiham etmək düzgün deyil:

 “Sosial şəbəkələrdə yayılan videoları gördüm. Məlum olur ki, binanın fasad örtüyünün bir hissəsi uçub. Bu məsələ mütləq araşdırılmalıdır. Ola bilsin ki, problem sonradan yaranıb. Məsələn, mənzillərdən hər hansı birində su sızması baş verib və həmin su yığılıb bu vəziyyətə səbəb olub.

Yəni dəqiq araşdırma aparılmadan kimisə ittiham etmək düzgün olmaz. Bununla belə, sakinlərin narahatlığını və narazılığını tam başa düşürəm.

Hesab edirəm ki, müvafiq qurumlar, eyni zamanda, tikintini həyata keçirən şirkət dərhal bu məsələ ilə bağlı araşdırma aparmalıdır. Ən azından, əgər problem əvvəldən mövcud olan texniki qüsurdursa, onun aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Əgər məsələ sonradan yaranıbsa, bu barədə vətəndaşlara məlumat verilməlidir ki, narahatlıq üçün əsas olmadığını bilsinlər.

Amma bütün hallarda mənim mövqeyim ondan ibarətdir ki, əlimizdə konkret texniki ekspertiza nəticələri olmadan fikir bildirmək doğru deyil. Bu problemin kimə aid olduğunu müəyyən etmədən kimisə günahlandırmağın tərəfdarı deyiləm”.

Əsmətxanım Rzazadə  


Telegram kanalımız
Chosen
26
yenisabah.az

1Sources