EN

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru hesabat verib

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bu layihələrdən 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzin direktoru Kənan Əkbərov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfrasında deyib. Onun sözlərinə görə, 2025-ci ildə e-xidmətlərdən istifadə göstəriciləri e-Sosial portalından 17,2 milyon dəfə, e-xidmətlərə ümumilikdə 27,1 milyon müraciət olub:

"Proaktiv qaydada 258 min təyinat aparılıb. Vətəndaşlar tərəfindən 711 min e-arayış alınıb. “e-Sosial” portalı və mobil tətbiqi təkmilləşdirilərək portal üzərindən müraciətlərin statusunun izlənməsi, əməkhaqqı kalkulyatorundan istifadə mümkün olub. Həmçinin, portalda süni intellekt əsaslı “iDOST" köməkçi botu sorğuların cavablandırılması və birbaşa xidmət keçidlərinə yönləndirmə funksiyaları ilə istifadəçilərin ixtiyarına verilib.

Hazırda portalda və mobil tətbiqdə istifadədə olan “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatları tam əlçatan edir. Eyni zamanda, tətbiq daxilindəki rəqəmsal barkod və QR kod sistemi pensiyaçılara, müavinət və təqaüd alan şəxslərə tərəfdaş market, aptek və klinikalarda real endirimlərdən yararlanmağa imkan verir".

O əlavə edib ki, e-Sosial portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb: "Əlavə olaraq, hesabat ilində “Çağrı Mərkəzi 142”, “Mərkəzi Karyera Portalı”, “Peşələr atlası”, “Sosial xidmət xəritəsi”, “Alo Karyera”, “Evdə Səyyar Sosial Məişət Xidməti”, “Sanatoriya-kurort sistemi”, “Sosial işin idarə edilməsi sistemi”, “Himayədar ailə və övladlığa götürmə” modulu, “Sosial xidmət müəssisələri üzrə vahid uçot sisteminin aparılması” eləcə də məşğulluq və pensiya sistemləri üzrə onlarla yeni modul və elektron xidmət istifadəyə verilib.

“Əmək və Məşğulluq” altsistemi (ƏMAS) “Peşə hazırlığı modulu”, “Məşğul şəxslərin reyestri”, “İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin reyestri”, “İşsizlikdən sığorta ödənişinin elektronlaşdırılması”, eləcə də işdən qısamüddətli icazələrin onlayn alınması daxildir.
ƏMAS-da kadr anketinin və cv-lərin, ezamiyyə vərəqələrinin elektronlaşdırılması, əməkhaqqı ödənişlərinin bank hesabları üzrə idarə olunması kimi funksiyalar tətbiq ediləcək. Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər isə, təhlil edilərək ƏMAS-ın mövcud funksionallığına uyğunlaşdırılacaq".

Chosen
79
3
ikisahil.az

9Sources