İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-İran danışıqlarının fevralın 6-da Omanda keçiriləcəyini təsdiqlədi. Belə ki, o, sosial şəbəkə hesabında yazıb ki, “ABŞ ilə nüvə danışıqları cümə günü səhər saat 10 radələrində Maskatda keçiriləcək. Omanlı qardaşlarıma təşəkkür edirəm ki, onlar bütün lazımi tədbirləri görüblər”.
Omanda baş tutacaq ABŞ-İran danışıqları və nəticələri indiki məqamda diqqət çəksə də, görüşün məhz Türkiyədə keçirilməməsi də maraqlı detaldır. Belə ki, İran tərəfinin təkidi ilə danışıqlar məkanı İstanbuldan Omana dəyişdirildi.
İranın Türkiyənin ABŞ–İran dialoqunda vasitəçilik təşəbbüsündən imtina etməsi situativ və ya emosional qərar deyil, Tehran üçün köklü və sistemli səbəblərə söykənən seçimdir. Hər nə qədər Ankara xoş niyyət nümayiş etdirərək bölgədə müharibə riskini azaltmağa çalışsa da, İran Türkiyəyə münasibətdə daim ehtiyatlı və şübhəli mövqe sərgiləyir.
Birinci və əsas səbəb Türkiyənin geosiyasi kimliyidir. Türkiyə ABŞ-nin müttəfiqi, NATO üzvü və Qərb təhlükəsizlik sisteminin bir hissəsidir. İran üçün bu fakt dəyişməzdir. İki ölkə arasında qonşuluq, ticarət və diplomatik əlaqələr mövcud olsa da, Tehran Ankaranı heç vaxt “öz düşərgəsindən” olan aktor kimi qəbul etmir. İran siyasi elitasının baxışında Türkiyə Qərb ailəsinin üzvüdür və bu da ABŞ ilə bağlı həssas danışıqlarda Ankaraya tam etimad göstərilməsini mümkünsüz edir.
İkinci mühüm amil tarixi regional rəqabətdir. Osmanlı–Səfəvi qarşıdurmasından miras qalan geosiyasi rəqabət bu gün də fərqli formalarda davam edir. İran Türkiyəni regional tərəfdaşdan daha çox rəqib kimi görür. Xüsusilə Cənubi Qafqaz, Orta Asiya, İraq və Suriyada Türkiyənin artan təsiri Tehranda narahatlıq yaradır. Belə bir şəraitdə Ankara İran–ABŞ kimi strateji əhəmiyyətli prosesdə əsas vasitəçi rolunu üzərinə götürərsə, Tehran bunu öz regional mövqeyinə risk kimi dəyərləndirir.
Üçüncü faktor məzhəbsəl ayrılıqdır. Türkiyə bir çox hallarda İslam dünyasına “ümmət” prinsipi ilə yanaşaraq İranı müsəlman ölkə kimi qəbul edir və ideoloji fərqləri ön plana çıxarmamağa çalışır. İran isə əksinə, məzhəbsəl prizmanı daha sərt saxlayır və Türkiyəni öz ideoloji orbitinə yaxın görmür. Bu fərq xüsusilə İran daxilindəki mühafizəkar dairələrin qərarlarına ciddi təsir edir.
Omana gəldikdə isə bu ölkə uzun illərdir neytral diplomatik platforma kimi çıxış edir. Rəsmi Maskat həm Tehran, həm də Qərblə balanslı və etimada əsaslanan münasibətlər saxlayır, heç bir tərəfin düşərgəsində yer almır. Əvvəlki illərdə də ABŞ–İran arasında gizli və açıq təmaslar məhz Omanda baş tutub. İran üçün Oman nəzarət oluna bilən, risksiz və “təhlükəsiz diplomatik məkan”dır.
Yekun olaraq demək olar ki, İranın Türkiyənin vasitəçiliyini rədd etməsi Ankaraya qarşı düşmənçilikdən çox, etimadsızlıq, tarixi rəqabət, məzhəbsəl fərqlər və geosiyasi qorxuların məcmusudur. Tehran isə qısamüddətli ideoloji mövqeni üstün tutaraq uzunmüddətli regional sabitlik imkanını yenidən əldən verdi.
Politoloq Turan Rzayev