EN

"TikTok"da bunu edənlər cərimənlənir

Sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında paylaşılan bəzi videolar, yaxud canlı yayımlar istifadəçilər üçün cərimə və digər hüquqi məsuliyyətlə nəticələnə bilər. Çünki bu məzmunlar təkcə platformanın daxili qaydalarına deyil, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir.Metbuat.az-ın məlumatına görə, “TikTok”un icma qaydalarına əsasən, zorakılıq, nifrət nitqi, təhqir, təhdid, qanunsuz fəaliyyətlərə çağırış, qadağan olunmuş maddələrin təbliği, eləcə də uşaqların təhlükəsizliyini riskə atan məzmunların paylaşılması qadağandır. Bu tip hallarda hesablar xəbərdarlıq edilmədən məhdudlaşdırıla və ya tam bağlana bilər. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə görə, sosial şəbəkələrdə yol verilən bəzi pozuntular konkret cərimə məbləğləri ilə müşayiət olunur. Belə ki, digər şəxslərin şərəf və ləyaqətini alçaldan söyüş, təhqir və nalayiq ifadələrin paylaşılmasına görə 100 manatdan 500 manatadək cərimə tətbiq oluna bilər. Təkrarlanan və ağır hallarda inzibati həbs də istisna edilmir. Şəxsin nüfuzuna xələl gətirən böhtan və yalan məlumatların yayılması isə 500–1000 manat arası cərimə ilə nəticələnə bilər. Bundan əlavə, zərərçəkmiş tərəfin mülki qaydada məhkəməyə müraciət etmək hüququ da saxlanılır. Qanunvericilikdə fahişəliyə çağırış, onun təbliği və reklamı da qadağan olunmuş əməllər sırasında yer alır. Bu cür məzmunların sosial şəbəkələrdə yayılmasına görə 1000 manatadək cərimə nəzərdə tutulur. İctimai asayişi kobud şəkildə pozan davranışlar — canlı yayım zamanı dava-dalaş salmaq, aqressiv hərəkətlər nümayiş etdirmək 150–300 manat cərimə və 15 günədək inzibati həbslə nəticələnə bilər. Qeyd edək ki, uşaqlarla bağlı qanunsuz və əxlaqa zidd məzmunlar ən ağır pozuntular hesab edilir. Bu hallarda inzibati cərimə ilə yanaşı, cinayət məsuliyyəti və azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər. Vətəndaşlara tövsiyə olunur ki, “TikTok” və digər platformalarda paylaşım edərkən həm etik normalara, həm də qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
15
1
metbuat.az

2Sources