EN

Məktəbdə silahlı insident: Uşaqları zorakılığa aparan görünməyən yollar hansılardır?

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda şagirdin müəllimi güllələməsi ilə nəticələnən hadisə cəmiyyəti şoka salmaqla yanaşı, illərdir üstüörtülü qalan ciddi sualları da yenidən gündəmə gətirdi.

Bir tərəf günahı sosial mediada və kompüter oyunlarında axtarır, digər tərəf valideyn nəzarətsizliyini ön plana çəkir.

Bəs əsl səbəb haradadır? Uşaqları zorakılığa sürükləyən mexanizmlər nələrdir və bu proses hansı mərhələdə geri dönməz həddə çatır?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, bu cür hadisələr hər birimizi sarsıdır və cəmiyyəti "harada səhv etdik?", "necə qabaqlaya bilərik?" suallarını verməyə məcbur edir:

"Uşaqların davranışı heç vaxt tək bir səbəbin nəticəsi olmur. Bu, ailə mühiti, məktəb atmosferi, sosial münasibətlər, rəqəmsal məkan, emosional ehtiyaclar və psixoloji dayanıqlılıq kimi bir çox amilin üst-üstə düşməsi ilə formalaşır.

Beynəlxalq tədqiqatlar da göstərir ki, sosial media və kompüter oyunları uşaqlara birbaşa zorakılıq "öyrətmir", lakin emosional zəiflik, nəzarətsiz istifadə və real həyatda dəstəyin olmaması fonunda risk faktoruna çevrilə bilər. Məsələn, Amerika Psixologiya Assosiasiyasının və Avropa Uşaq Psixologiyası Cəmiyyətinin araşdırmalarında vurğulanır ki, zorakılıq məzmununa uzunmüddətli məruz qalma empati hissinin zəifləməsinə, aqressiv davranışlara qarşı həssaslığın azalmasına və problemləri güc yolu ilə həll etmə meyilinin artmasına səbəb ola bilir. Xüsusilə emosional baxımdan diqqətsiz qalan, özünü dəyərsiz hiss edən və ya davamlı stres yaşayan uşaqlarda bu təsir daha güclü olur".

Psixoloqun sözlərinə görə, uşaq ekranda gördüyünü zamanla "adi" qəbul etməyə başlayır və bu, təhlükəli bir psixoloji mərhələdir:

"Hadisələrdən sonra uşaqların silah adlarını, oyun terminlərini gündəlik nitqdə istifadə etməsi də təsadüfi deyil. Bu, onların real həyatı rəqəmsal mühitlə qarışdırmağa başladığını, təhlükənin psixoloji sərhədlərinin zəiflədiyini göstərir. Beynəlxalq təcrübədə buna "desensitizasiya" - yəni zorakılığa alışma prosesi deyilir".

O qeyd edib ki, valideyn nəzarəti isə yalnız telefonu əlindən almaq və ya oyunu qadağan etmək demək deyil:

"Araşdırmalar sübut edir ki, ən effektiv nəzarət modeli maraq və dialoq üzərində qurulan nəzarətdir. Valideyn uşağın nə izlədiyini, nə oynadığını bilməli, amma eyni zamanda onunla bu mövzuda sakit və açıq danışmalıdır. "Sən niyə bunu oynayırsan?", "Bu oyunda səni nə cəlb edir?", "Orada gördüklərin sənə nə hiss etdirir?" kimi suallar uşağın daxili dünyasına açılan qapıdır".

Elnur Rüstəmov vurğulayıb ki, eyni zamanda uşağa psixoloji dayaq mühiti yaradılmalıdır:

"Uşaq evdə özünü təhlükəsiz, dəyərli və dinlənilən hiss etmirsə, bu boşluğu sosial mediada, virtual aləmdə və bəzən də aqressiv davranışlarda doldurmağa çalışır. Finlandiya, Kanada və Almaniya kimi ölkələrdə məktəb-ailə-psixoloq əməkdaşlığı modeli məhz bu səbəbdən geniş tətbiq olunur. Orada əsas məqsəd problemin baş verməsini gözləmək yox, emosional riskləri erkən mərhələdə müəyyən etməkdir. Məktəblərin də burada rolu böyükdür. Müasir beynəlxalq təhsil modellərində məktəb yalnız bilik verən yer deyil, həm də psixoloji təhlükəsizlik zonasıdır. Uşağın davranışındakı dəyişikliklər, aqressiya, özünəqapanma, sosial uzaqlaşma kimi əlamətlər vaxtında fərq edilməli və mütəxəssis dəstəyi göstərilməlidir. Psixoloq, sinif rəhbəri və valideyn arasında daimi əlaqə qurulmalıdır".

Psixoloq əlavə edib ki, bu tip faciələr yalnız "fərdi səhv" kimi qiymətləndirilməməlidir:

"Bu, sistemli yanaşma tələb edən sosial və psixoloji problemdir. Rəqəmsal savadlılıq, emosional intellekt təlimləri, valideyn maarifləndirilməsi proqramları və məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi bu risklərin azaldılmasında əsas mexanizmlərdir.

Uşağa göstərilən ən güclü qoruyucu faktor sevgidir, diqqətdir və dəyər hissidir. Uşaq özünü ailədə, məktəbdə və cəmiyyətdə dəyərli hiss etdikdə, problemlərini danışa bildikdə, emosiyalarını sağlam şəkildə ifadə etməyi öyrəndikdə, ən kiçik hadisələr böyük faciələrə çevrilmir.

Bu gün yaşanan hadisə hər birimiz üçün ciddi xəbərdarlıqdır. Bu, yalnız hüquqi və inzibati tədbirlərlə deyil, dərin psixoloji və sosial yanaşma ilə həll olunmalıdır. Biz uşaqlarımızı təkcə qorumağa yox, onları güclü, məsuliyyətli və sağlam düşüncəli fərdlər kimi yetişdirməyə borcluyuq. Bu isə ailənin, məktəbin, mütəxəssislərin və dövlətin birgə məsuliyyətidir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
oxu.az

1Sources