EN

Gələcəyimizə dəyən güllə...

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"İdrak" liseyində baş verən silahlı insidentdən sonra sosial şəbəkələrdəki bəzi reaksiyalar hadisənin özü qədər vahiməli mənzərə yaradıb. Şagirdin müəlliminə qarşı törətdiyi bu qanlı əməli təqdir edənlərin və ona haqq qazandıranların tapılması cəmiyyətdə zorakılıq meyillərinin nə dərəcədə kök saldığını aşkara çıxarır. Bu tip yanaşmalar gələcək cinayətlər üçün sanki yaşıl işıq yandırır və aqressiyanı qəhrəmanlıq kimi qələmə verərək digər yeniyetmələri də yanlış yola sövq edir. Baş verənlər bir daha sübut edir ki, təkcə ailə və təhsil ocağının nəzarəti ilə iş bitmir, hər bir fərd mənəvi məsuliyyətini dərk edərək zorakılığa qarşı birmənalı mövqe nümayiş etdirməlidir.Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələyə ilk növbədə hüquqi aspektdən qiymət verilməlidir:“Konkret olaraq cinayət əməlini törədən şəxs mövcuddur. Həmin şəxs azyaşlı olsa belə, əməli törətdiyinə görə məsuliyyət daşıyır. Qanunvericilikdə azyaşlılar üçün də nəzərdə tutulan məsuliyyət və sanksiyalar var və bu mövzuda hər hansı spekulyasiyaya yol vermək olmaz. Müəllimin davranışı, hətta müəyyən hallarda doğru və ya yanlış ola bilər. Lakin bu, heç bir halda kiminsə silah götürərək müəllimə qarşı zorakılıq tətbiq etməsinə bəraət qazandırmır. Eyni zamanda burada müəllimlərin qorunması və onların hüquqlarının müdafiəsi istiqamətində daha ciddi addımlar atılmalıdır. Əks halda, cəmiyyətdə özbaşınalıq yarana bilər və istənilən şəxs xoşuna gəlməyən bir sözə və ya davranışa görə başqasına silah çəkə bilər. Bu isə qətiyyən yolverilməzdir. Bu hadisə eyni zamanda cəmiyyətdə mövcud olan savadsızlıq və hüquqi şüurun zəifliyi problemi ilə də bağlıdır. Bu məsələ daim diqqətdə saxlanılmalıdır. Çünki bəzən Azərbaycan cəmiyyətində bu cür hadisələrə münasibətdə düzgün mühakimənin formalaşmadığını müşahidə edirik. Hər bir halda, baş verənlər ciddi psixoloji sarsıntı yarada biləcək hadisədir. Məsələ ilə bağlı araşdırmalar tam başa çatdıqdan sonra daha konkret və dəqiq mövqe bildirmək mümkün olacaq”.Əslində, məktəbdə baş verən bu ağır mənzərə təkcə təhsil ocağının deyil, hər birimizin içini göynədən ortaq dərddir. Güllə müəllimə dəysə də, sanki gələcəyimizə və illərdir qoruduğumuz o mənəvi dəyərlərə tuşlanıb. İndi kənara çəkilib "mənlik deyil" demək yox, ailədən başlayaraq hər birimiz bu ağır məsuliyyəti hiss etməliyik. Çünki bu gün telefonun, internetin içində itib-batan, laqeydlikdən qidalanan hər bir yeniyetmənin sabah hansı faciəyə imza atacağını kimsə kəsdirə bilməz. Sanki bir qığılcım hər an böyük bir yanğına çevrilə bilər və biz buna sadəcə baxmaqla kifayətlənməməliyik.Leyla Turan 

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
demokrat.az

1Sources