EN

Əli Mirəliyev: “Anam ölməsin deyə, oxumağa başladım”...


     Azia.az saytının əməkdaşı olaraq, bu dəfə tanınmış müğənni- Əli Mirəliyevdən müsahibə aldıq. Əli müəllim estradamızda tüğyan edən bugünkü atmosferdən, əsl ifaçılardan söz açaraq, qeyri- peşəkar ifaçılar haqında da rəy bildirməyi unutmadı

  1. Əli müəllim, müasir estradamızda yeni- yeni ifaçılar var ki, bir çoxları tənqidlərlə daha tez- tez qarşılaşır. Necə düşünürsünüz, müasir estrada ifaçıları yaşlı nəsil nümayəndələrini ifa tərzləri ilə qane edirlərmi?

 Açığını desəm, yox. Mən, ümumiyyətlə bu gün ifa olunan mahnıların əksəriyyətini dinləyə bilmirəm. Özlərini müğənni adlandıranların çoxu heç bilmirlər ki, hansı janrda ifa edirlər. Bəziləri meyxana tipli ifanı estrada janrı deyib oxuyur. Baxırsan ki, estrada haqqında soruşduqda, heç bir bilgiyə malik deyil. Ümumiyyətlə yaradıcı olmaq, yaradıcılığa dəyər, qiymət vermək- hər insanın işi deyil. 

    Musiqili duyum insanda ya doğuluşdan olmalıdır, ya da ki səs imkanı olduqda, güclü müəllim vasitəsi ilə gizli qalan bacarıq ortaya çıxmalıdır. İndiki özlərini müğənni adlandıranlar səs yazma studiyasında bir- iki mahnı yazmaqla və fonoqramla çıxış etməklə artıq özlərini ulduz hesab edirlər. Bu düzgün hal deyil.

  1. Bəs Əli Mirəliyevə görə ulduz hesab olunanlar kimdir?

 

  1. Mənə görə ulduzlar olub. Vaxtı ilə böyük sənətkarlar vardı ki, bu gün də onların yerini kimsə əvəz edə bilmir. Mənə görə əl çatmaz ulduz İslam Rzayev, Şövkət Ələkpərova, Rəşid Behbudov olublar. Baxın görün, kim bu gün onlar kimi ifa edir? Heç kim!

 

  1. Müasir ifaçılardan sevdiyiniz və ya dinlədiyiniz nadir müğənnilər var mı?

 

  1. Cavan nəslin nümayəndələrindən Aygün Bayramova, Mənsum İbrahimov, Güllü Muradova, Təyyar Bayramov, Eldəniz Məmmədov, İlkin Əhmədov olduqca istedadlıdırlar. Bu ifaçılar həqiqətən də sənətləri ilə tanınan, məktəb görmüş istedadlı insanlardı. 

 

   Musiqi, söz və ifa- ümumi gözəl əsər orsaya gətirən vəhdətdir. Mən sənəti olmayan insanlar haqqında nə deyim? Yalnız bədənlərini şişirtməklə, səhnədə həya- abır bilmədən aidiyyatı olmayan hərəkətlər etməklə yadda qalırlar. Onlara heç söz də təsir etmir. Bizim vaxtımızda böyük- kiçik yeri bilinərdi, biz hər zaman böyüklərdən utanardıq, çəkinərdik; ağsaqqal, ağbirçəyin sözünü özümüzə nəsihət kimi bilərdik, dəyərləndirərdik. İndi isə hər kəs istədiyini edir, söz də deyəndə xətirlərinə dəyir, adamı özlərinə düşmən bilirlər. 

 

  1. Əli müəllim hər zaman açıq şəkildə fikirlərini bildirməklə yadda qalıb. Sizcə bu fikirləriniz sizi qalmaqala sürükləmir ki?

 

  1. Mənim heç bir zaman heç bir kəsdən qorxum olmayıb. Bilirsiniz niyə? Çünki, mən bu dünyada təmiz amal ilə yaşadım, kiminsə sözü ilə oturub durmadım. Ona görə də sözümü necə lazımdır yerindəcə dərhal deyə bilirəm. Düzdür (gülür), bəzən ifadələrim sərt səslənir, lakin, hər kəs də sözümün həqiqət olduğunu çox yaxşı anlayır. 

                Misal üçün, bu yaxınlarda, Tolikin verilişində Rövşən və Səmra adlı gənclərlə mübahisəm düşdü. Rövşən və Səmranın qarşımda ayaqlarını çarpaz şəkildə oturuşlarına etirazımı bildirdikdə, bu onların xoşuna gəlmədi. Mənim oğlana ünvanladığım: “öz valideynlərinin də yanında belə əyləşirsən?”sualıma – o, dəfələrcə söhbəti başqa istiqamətə apararaq, müxtəlif fərqli ifadələr işlətdi; əsas sualıma cavab vermədi. 

    Verilişdə Toliki İsa əvəz edirdi və o, məhz özünü böyük yanında apara bilməyən gənclərin tərəfini saxlamaqla mənə də hörmətsizlik etmiş oldu. Amma sağ olsun Tolik ki, canlı yayımda verilişə qatılaraq, cavanları tənbeh etməklə yanaşı, eyni zamanda onu əvəz edən həmkərına da iradını bildirməyi unutmadı. Hətda, onların arasında kiçik qarşıdurma da yarandı ki, bunun baş verməsini heç istəməzdim.   

 

  1. Əli müəllim, az öncə vurğuladınız ki, sizin gəncliyinizdə böyük- kiçiyə edilən hörmət- izzətdən indi əsər- əlamət qalmayıb. Bəs necə etmək olar ki, bizim  milli- mənəvi dəyərlərimiz az da olsa, qorunub saxlanıla bilsin; ədəb- ərkan öz yerini tutsun? 

 

  1. Ataların bir sözü var; yüyənsiz at hara gəldi çapar. Atın tormozu yoxdur ki, dayandırasan, onu yüyəni vasitəsi ilə tarazlamaq olur. Eləcə də, istənilən sahədə bir “yüyən”, bir çərçivə olmalıdır ki, heçnə əndazəsini aşmasın. 

 

   Təbii ki, birinci növbədə televiziyalardan başlamaq lazımdır. Çünki, televiziya- güzgüdür. Güzgüdə necə əks olunursansa- məhz ondan ibarətsən! Amma bizim kanalların bir çoxunda lazımsız insanlar hökm sürür. Səsi olmayanlar “oxuyur”, mədəniyyəti, ədəb- ərkanı olmayan camaata ağıl dərsi keçir! Bütün bunların qarşısını almaq üçün senzura olmalıdır. Sovet dövründə istənilən veriliş, radioproqramm protokollaşdırılaraq, baxış keçirilirdi, ümumi şuranın rəyi olmadan veriliş efirə gedə bilməzdi. İndi isə istənilən yoldan keçən adam, asanlıqla televiziyada verilişdə oturub, ağlına gələni danışa bilər. Təbii ki, bu fikir bütün kanallara şamil olunmur və mən anlayıram ki,  özünü maliyələşdirilən özəl kanal şou xaraklerli proqramlarla da reytinq əldə etməlidir. Lakin, bunun daha sağlam şəkildə olan çıxış yolu ola bilər. Senzura üçün qurum yaradılmalıdır, bilsinlər ki, efirə gedəcək ifa səslənə bilər ya yox? İndikilər bilinmir ki, qışqırır ya həqiqətən də mahnı ifa edir?!

 

  1. Əli müəllim, gəlin bir qədər sizin yaradıcılıq və həyat fəaliyyətinizdən danışaq. Musiqiyə, yaradıcılığa marağınızdan və ilk gəlişinizdən bəhs edərdiniz. 

    

    Sizə gəncliyimdən bir fakt danışım. 20 nəfərlik komissiya qarşısında idim; oxuduğum mahnı “Həkim qız” idi. Bu nəğməni Gülağa rəhmətliyin ifasında eşitmişdim və bəyənib oxuyurdum. Komissiyanın tərkibində siz deməyin, Səid Rüstəmov da əyləşibmiş və o, mənə sual ünvanladı; amma onun məhz Səid müəllim olduğunu bilmirdim. Şəxsən tanımadığım üçün, ona “kimsiniz?” sualını verdim. O da dedi ki, ifa etdiyin “Həkim qız” mahnısının bəstəkarı mənəm”. Açığı, bir az çaşqınlıq keçirdim, amma özümü itirmədim. Mahnının sözlərini əzbərə deməyimi istədi; özümü toparlayıb komissiya qarşısında çıxış etdim:

 

“Gülərüzlü həkim qız, ey gözləri bənövşə,

Qapımızdan keçəndə sarsılıram həmişə.

Başım da ağrımır ki, bir yanına gəlim mən,

Geyinib ağ xalatı, qəlbimi dinləyəsən.

Söylə, intizarını nəvaxtadək çəkim, qız?

Oxuyuram səninçün bu nəğməni, həkim qız!”

 

 Səid müəllim ayağa qalxaraq məni bərk- bərk qucaqladı və: “Halal olsun”,- dedi, sən bu mahnını Gülağadan daha yaxşı ifa edirsən!  

  Yəni, sözümün canı odur ki, musiqi ilə şeiriyyata diqqət daima olmalıdır. Bir çoxları meyxanaları musiqi ilə qarışdırırlar. Baləli adlı Maştağalı gənc meyxanaçı var; onun haqqında deyirlər ki, o,  müğənnidir. Meyxanaçı başqadır, müğənni başqa. 

 

 

   Çox pərəstiş etdiyim İslam Rzayev dahi Cahangir Cahangirovun mahnılarını ifa edirdi; həm toya gedirdi, həm estrada klassik mahnılarının mahir ifaçısı idi. Amma o boyda sənətkar, əsla sənəti toyxana ilə qarışdırmırdı. Hər yerin öz abu- havası olmalıdır. Mənim də musiqiyə yaradıcılığa sevgim, marağım ilk əzəldən ehtiyac ucbatından oldu. Toylarda, el şənliklərindən başlayan musiqi həvəsim məni efirlərə qədər gətirdi. Sonralar isə, bu sahə mənim sevimli peşəmə çevirildi. 

 

  1. Efirlərin birində ananızın sizi dolandıra bilmədiyindən qanını sataraq, pul qazandığını demişdiniz. O zaman bu sənətə məcburiyyətdən gəldiyinizi də qeyd etmişdiniz.   

 

  1. Bəli, elədir ki var. Mən 14 yaşında idim, atam Fərzullanı itirdim. Atam yükdaşıyan idi.  O xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mən özüm ulu babamın adını  daşıyıram və əsl adım- Əliiskəndərdir. Dolanışığımız günü gündən çətinləşirdi. Bir gün anam- Hüsniyyə xanım, çox pis yıxıldı. Siz deməyin, anam qan satmaqdan gəldiyində halı pisləşərək, yerə çırpılıb. O hətda, qanvermə zamanı ona verilən qematogeni belə mənə gətirib yedizdirirdi. Artıq ikinci dəfə anam yıxılanda, qonşu qadın Mənsurə xalaya sual verdim ki: “Mənsurə xala, mənim anam axı çox cavandır, o niyə belə tez- tez yıxılır?” Qonşu qadın sualıma təəcübləndi: “Məyər sən bilmirsən? Anan hər dəfə 200 qram qan satır ki, sizi dolandıra bilsin.” Çox pis oldum. Özümdən balaca iki bacım vardı və mən düşündüm ki, evin bütün yükünü artıq öz üzərimə götürüm. Anama dedim ki, artıq o qan verməyəcək və çörək satmağa başladım. Lakin, bu iş belə köməklik etmədi, yenə də pul az olurdu, anam da gizli- gizli qan verməyə gedirdi. Gördüm ki, belə getsə, anam öləcək və getdim ərdəbillilərin kömitəsinə. Atam ərdəbilli, Anam içərişəhərli idi.  Orada gözəl müğənnimiz, rəhmətlik Rübabə xanım Muradovaya müraciət etdim. Dedim ki: “Rübabə xala, atam da imkansızlıqdan mədəsində xərçəng tapdı, xəstəliyini müalicə edə bilmədik, evdə acılar içində dünyasını dəyişdi; anam da qanını satır ki, bizi dolandırsın. Rübabə xanım xeyli sual- cavab etdikdən sonra, mənə cəmi bir cümlə dedi: “Sabah ol “Əjdəha” heykəlinin yanında, səni toya aparacam. 

         O gündən sonra Rübabə xanımla toylara getməyə başladım. Xatırlayıram, hətda Səlyan toyunda Mərziyyə adlı ərdəbilli müğənnidən öyrəndiyim “Rəftan ki, Rəftan” mahnısını oxumaqla, insanlar arasında yaxşı anlamda izdiham başlandı. Siz deməyin, Səlyanın böyük bir qismi elə ərdəbillilərdilər ki, gəlib burada məskunlaşmışdılar. Əzbərə bildikləri və sevdikləri mahnını məndən eşidən kimi, hamısı mənim cibimə pul qoymağa tələsdi. Beləcə toylarda məşhurlaşmağa başladım. 

 

  1. Heç bu sahədən bezdiyiniz məqamlar olubmu? Öz- özünüzə məzəmmət etmisinizmi ki, nahaq gəlmisiniz bu sənətə?

 

  1. O qədər o cür hallar olub ki, ümumiyyətlə uzun müddət efirlərdən uzaqlaşmışam. Mən Gülarə Əliyevanın yaratdığı və rəhbərlik etdiyi “Dan ulduzu” ansamblında AzTv- nin solisti olaraq çalışmışam. 1991- ci ildə Güları xanımın balkon uçqunu zamanı həyatını itirdikdən sonra, uzun illər AzTv- yə gəlmədim. Qəlbimdə qəribə qübar var idi və düşünürdüm ki, mənim əlimdə tutaraq, televiziyaya aparan insan, o kanalda yoxdursa, ən dəhşətlisi, həyatda deyilsə, mən orada onsuz nə edəcəm? 

 

  1. Müxtəlif toylarda olduqca maraqlı hadisələr olur. Ən yadda qalan maraqlı hadisə hansı olub ki, onunla paylaşmaq istərdiniz bizimlə?

 

  1. İmişli rayonunun kəndlərindən birinə, əsgərlik dostum Müşfiqin xeyir işinə yollanmışdıq. Bir çoban əlində çubuq gəlib mənə baxdı, baxdı və qəfildən dedi: “Sən televizorda oxuyanda, matışka kimi oxuyursan. Burda da elənçi oxuyacaqsan?”  Çobana cavab olaraq, götürdüm qavalı və başladım təsnif ifa etməyə. Çoban sevincək dilləndi ki: “Bəs niyə efirdə belə oxumursan?” Şənliyi yola verdikdən sonra, zəhmətimiz müqabilində pul almadan geri döndüm. Musiqiçilərə dedim ki, pul almayacağıq və Bakıya çatan kimi, evdən pul götürərək, onların zəhmət haqqlarını özüm verdim. Aradan uzun illər keçdi, yenidən həmin yerə, başqa bir adamın xeyir işinə təşrif buyurdum və ən qəribə bir hal ilə qarşılaşdım. Mənim bir zamanlar jest edib, pul almadan getdiyim ev adamlarının qohumları mənə təzə avtomobil hədiyyə etdilər.

 

  1. Özünüzün də mahnılar bəstəlidiyinizi bilirik. Ən çox sevdiyiniz şəxsi mahnılarınız?   

 

  1. Müəllifi olduğum “Segah təsnifi” və “Səssiz yaman darıxmışam” mahnılarım fondda saxlanılır. Düşünürəm ki, onlar xalq tərəfindən də daha çox sevilən bəstələrimdəndilər. Elmira Rəhimova ilə duetim də sevilirdi. Tofiq Əhmədovla, Əliağa Quliyevlə, Əhsən Dadaşovla çoxlu səs yazmalarımız var. Bir çox ifalarım Qızıl fondda saxlanılır. 
  2. Əli müəllimin ən ali arzusu?

 

  1. Bu həyatda təmiz yaşadım, düzgün yaşadım. Elə dünyaya kişi kimi gəlib, kişi kimi də dünyadan getməkdir ən böyük istəyim!

 

Aynur Nurlu

 


Chosen
69
azia.az

1Sources