EN

Krediti tez bağlamağın qızıl qaydası açıqlandı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Borclanma son illər bir çox ailə üçün adi maliyyə davranışına çevrilib. Qiymət artımı, alıcılıq qabiliyyətinin zəifləməsi və gəlirlərin xərcləri üstələməməsi bu prosesi sürətləndirir. Nəticədə, kredit və borc gündəlik büdcənin ayrılmaz hissəsi olur. Lakin problem təkcə iqtisadi şərtlərlə məhdudlaşmır. Ailə büdcəsinin plansız idarə olunması və xərclərin prioritetləşdirilməməsi də borclanmanı dərinləşdirir. Maliyyə intizamı və düzgün planlama bu təzyiqi azaltmağın əsas yoludur. Bu baxımdan, ailə büdcəsinin düzgün qurulması xüsusi əhəmiyyət daşıyır.Mövzu ilə bağlı danışan iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, borclanmanın artmasına yüksək inflyasiya, alıcılıq gücünün azalması, gəlirlərin xərcləri üstələməməsi kimi obyektiv amillər təsir edir:"Bununla yanaşı, ailə büdcəsinin zəif idarə olunması da ifrat borclanmanı gücləndirir. Əsas tövsiyə ailə büdcəsinin tərtibidir. Xərclər prioritetə görə sıralanmalıdır. İlk sırada kirayə, kommunal ödənişlər, qida, təhsil, səhiyyə və kredit öhdəlikləri dayanır. Daha sonra vacib olmayan qeyri-qida malları, əyləncə və istirahət xərcləri gəlir.Gəlir əldə olunmazdan əvvəl büdcəni planlamaq gəlirlə xərclər arasındakı fərqi öncədən görməyə və məsuliyyətsiz xərclərin qarşısını almağa kömək edir. Planlama və proqnozlaşdırma borclanma riskini azaldır. Qiymət artımının təsirini azaltmaq üçün endirimlərdən istifadə etmək vacibdir. Qida və gündəlik tələbat mallarını ayda bir və ya iki dəfə, siyahı üzrə almaq daha səmərəlidir. Bu, vaxt, nəqliyyat və impulsiv xərcləri azaldır. Ticarət şəbəkələrinin onlayn səhifələrindəki kampaniyaları izləyərək məhsulları daha ucuz almaq mümkündür. Bu üsul xərcləri nəzərəçarpacaq dərəcədə azalda bilər".Ekspertin sözlərinə görə, digər vacib məsələ faiz yükünün azaldılmasıdır:"Məişət texnikası və digər əşyaları faizli kreditlə deyil, yığım və faizsiz bölüşdürülmüş ödənişlə almaq daha məqsədəuyğundur. Borclanma zəruridirsə, ən aşağı faiz təkliflərini araşdırmaq lazımdır. Gözlənilməz risklərə qarşı sığortadan istifadə də büdcəni qoruyur. Səhiyyə, təhsil və əmlakla bağlı sığorta xərclərin kəskin artmasının qarşısını alır.

Yəni, əsas məsələ planlama, prioritetləşdirmə və xərclərin gəlirə uyğunlaşdırılmasıdır. Bu yanaşma ifrat borclanma təzyiqini əhəmiyyətli dərəcədə azaldır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
demokrat.az

1Sources