EN

Deputat sayını artırmağa ehtiyac varmı? - “Əvvəlcə Azərbaycanın real əhali sayı bilinməlidir”

Milli Məclisin say tərkibin artırılması mövzusu artıq neçənci dəfədir ki, gündəmə gətirilir.

"Yeni Sabah" xəbər verir ki, ötən 7 gündə YAP-çı deputat Elman Nəsirov parlament üzvlərini say azlığından gileylənmiş və təkliflərini səsləndirmişdi.

Bu həftə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov eyni mövzuda danışıb.

O da həmkarı və partiyadaşı kimi bildirib ki, Azərbaycan əhalisinin sayı artıb və bu, proporsional oaraq seçki dairələri üzrə deputatlara düşən seçici sayını yüksəldib. Hazırda bir deputata təxminən 45-50 min seçici düşür, halbuki əvvəllər əvvəl bu rəqəm 35 min idi.

S. Novruzov qeyd edib ki, qonşu Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanda deputatların sayı azdır.

Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə “Yeni Sabah”a deputatların sayının artırılmasına ehtiyac olmadığını bildirib:

“Hazırkı mərhələdə bunun əleyhinəyəm. Qarabağda tam məskunlaşma prosesi başa çatdıqdan, Azərbaycanın demoqrafik vəziyyəti, əhalinin sayı, tərkibi və regionlar üzrə yerləşmə nisbəti dəqiqləşdirildikdən sonra bu məsələni müzakirə etmək olar".

Komitə sədrinin fikrincə, Azərbaycanın real əhalisinin sayı ilə bağlı dəqiq statistik məlumatların olması çox vacibdir və yalnız bu bilfidən sonra deputatların sayının artırılmasının cəmiyyət üçün faydalı olub-olmayacağı barədə danışmaq olar”.

Parlamentari vurğulayıb ki, hazırda 125 deputatın normal fəaliyyət göstərməsi üçün imkan var:

“Seçicilərin sayının çox olması ciddi bir problem yaratmır. Çünki konkret olaraq yalnız seçici ilə deyil, ümumən Azərbaycan əhalisi ilə işləyirik. Qəbulumuza gələnlərin təxminən 20-30 faizi birbaşa seçicilərdir, 70 faizi isə digər bölgələrdən olan vətəndaşlardır. Bu baxımdan seçicilərin sayının çox olmasının narahatlıq yaradacağını düşünmürəm. Deputatların sayının artırılması məsələsinə yalnız konstitusiya islahatlarından sonra baxıla bilər. Bu zaman proporsional, majoritar və ya qarışıq seçki sisteminin tətbiqi ilə bağlı müzakirələr aparmaq mümkündür".

Eyni mövzuya Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli başqa cür yanaşır:

"Deputatların sayının artırılması Konstitusiyanın tələblərindən biridir. Konstitusiyaya görə, hər 40 min seçiciyə bir nümayəndə düşməlidir. Hazırda bu nisbət qorunmur. Elə seçki dairələri var ki, orada 60 min, 65 min, hətta 67 min seçici qeydiyyatdadır.

Bununla yanaşı, təkcə deputat sayının artırılması da kifayət deyil. Məncə, proporsional seçki sistemi də bərpa olunmalıdır. Deputatların sayı artırıldıqdan sonra parlamentin formalaşmasında proporsional seçki sistemi ən azı yarı-yarı tətbiq olunmalıdır. Bu, çox yaxşı olardı. Təklifi dəstəkləməyə hazırıq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
28
yenisabah.az

1Sources