EN

Mübariz oğullar diyarı Azərbaycan

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Vətənə sədaqətin, cəsarətin və qorxmazlığın rəmzinə çevrilmiş Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür.

"Unikal" xatırladır ki, Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. Uşaqlıqdan Vətən sevgisi ilə böyüyən Mübariz orta təhsilini doğma kəndində başa vurduqdan sonra 2005-ci ildə hərbi xidmətə yollanıb. Orduda göstərdiyi nizam-intizam və döyüş hazırlığı ilə seçilən gənc əsgər xidmətini başa vurduqdan sonra belə hərbçi olmağı özünə borc bilib.

2009-cu ildə öz istəyi ilə yenidən cəbhə bölgəsində xidmətə qayıdan gizir Mübariz İbrahimov qısa müddətdə silahdaşlarının hörmətini qazanıb. Onun Vətən qarşısındakı ən böyük imtahanı isə 19 iyun 2010-cu il tarixində baş verib.

Həmin gecə Mübariz təkbaşına düşmən mövqelərinə keçərək ağır silahlı erməni hərbçiləri ilə qeyri-bərabər döyüşə girib. O, son nəfəsinədək mübarizə aparıb, qorxmadan, geri çəkilmədən düşmənə sarsıdıcı zərbələr endirib. Mübariz İbrahimov həmin döyüşdə qəhrəmancasına şəhid olub və adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Bu gün Mübariz İbrahimov təkcə bir şəhid deyil — o, bir xalqın qüruru, Vətənə sevginin canlı simvoludur. Onun adı məktəblərə, küçələrə verilir, abidələrdə yaşadılır, həyat hekayəsi gənclərə örnək göstərilir.

Mübariz İbrahimovun qısa, amma şərəfli ömrü sübut etdi ki, Vətən üçün yaşamaq da, Vətən üçün ölmək də ən ali məqamdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
unikal.az

1Sources