EN

Azərbaycandan növbəti nümunə: hüquq ən ali prinsipdir!

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müharibə cinayətkarları layiqli cəzalarını aldılar

Azərbaycan dövləti müstəqillik əldə etdiyi ilk gündən etibarən beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini açıq şəkildə nümayiş etdirib. Ölkəmizin xarici və daxili siyasətinin əsas xətti ədalət, suverenlik, ərazi bütövlüyü və hüququn aliliyinə söykənib. Lakin təəssüf ki, bu prinsipial mövqe uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti fonunda kobud şəkildə pozulub. Azərbaycan torpaqlarının işğalı ilə yanaşı, dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlər, soyqırımı ak?ları və kütləvi qırğınlar beynəlxalq ictimaiyyət tərəfindən ya görməzlikdən gəlinib, ya da ikili standartlarla qiymətləndirilib.

Xocalı soyqırımı, Ağdaban faciəsi, Başlıbel qətliamı və digər onlarla cinayət faktı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətlərdir. Bu hadisələr zamanı qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, əsir və girov götürülən şəxslərə qarşı işgəncələr tətbiq olunub. Lakin bütün bu cinayətlərin təşkilatçıları və icraçıları uzun illər ərzində cəzasız qalıb. Bu isə beynəlxalq hüququn, xüsusilə də humanitar hüququn açıq şəkildə tapdanması demək idi.

2020-ci ildə Vətən müharibəsi və daha sonra həyata keçirilən antiterror tədbirləri həm də illərdir gizlənən cinayətkarların məsuliyyətə cəlb olunması üçün real hüquqi zəmin yaratdı. Azərbaycan dövləti bu məsələdə emosional yox, hüquqi yanaşma sərgilədi. Cinayət törətmiş şəxslər saxlanıldı, istintaqa cəlb olundu və məhkəmə qarşısında cavab verdilər. Proseslər beynəlxalq hüququn bütün tələblərinə uyğun aparıldı, həmin şəxslər vəkillə təmin edildi, hüquqları qorundu. Bu, Azərbaycanın intiqam yox, ədalət dövləti olduğunu bir daha sübut etdi.

Cinayətkarlar ədalət mühakiməsində...

Qeyd edək ki, artıq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan,  Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan,  David Babayan ömürlük, Bako Sahakyanın və  Arkadi Qukasyanın (ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz) qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Azərbaycan prinsipial mövqeyindən dönmədi

Adıçəkilən cinayətkarların məhkəmə prosesi davam etdiyi vaxtlarda proses xarici dairələrdə ciddi narahatlıq yaratmışdı. Xüsusilə Avropa Parlamenti, AŞPA kimi “beynəlxalq” statuslu təsisatlar, Fransa kimi bəzi dövlətlər bu şəxslərin azadlığa buraxılması istiqamətində əsassız siyasi təzyiqlər göstərməyə başlamışdılar. Bununla bağlı qətnamələr qəbul edildi, birtərəfli bəyanatlar səsləndirildi, hüquqi yox, siyasi motivli çağırışlar edildi. Bu yanaşma bir daha sübut etdi ki, bəzi beynəlxalq qurumlar üçün insan hüquqları anlayışı selektiv xarakter daşıyır.

Lakin bu təzyiqlər Azərbaycan rəhbərliyinin qəti mövqeyinə heç bir təsir göstərmədi. Prezident İlham Əliyevin prinsipial mövqeyi ondan ibarət idi ki, insanlıq əleyhinə cinayət törətmiş şəxslər mütləq hüquq qarşısında cavab verməlidir. Azərbaycan dövləti heç bir halda beynəlxalq hüququn tələblərindən kənara çıxmadı, lakin eyni zamanda öz suveren hüquqlarını da güzəştə getmədi.

Qəribədir ki, Avropa Parlamenti və AŞPA kimi qurumlar öz ölkələrində cinayət törədən şəxslərin sərt şəkildə cəzalandırılmasını normal hesab etdikləri halda, Azərbaycan xalqına qarşı kütləvi qırğınlar törətmiş şəxslərin “siyasi məhbus” kimi təqdim olunmasına çalışdılar. Bu isə açıq-aşkar ikili standartların nümunəsi idi. Azərbaycan bu riyakarlığa qarşı hüquq dili ilə cavab verdi və göstərdi ki, ədalət siyasi maraqlara qurban verilməməlidir.

Müharibə cinayətlərinə hüquqi qiymət: ədalətin təntənəsi

Bu prosesdə diqqətçəkən ən əsas məqamlardan biri insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının ədalətin bərqərar olması baxımından müstəsna əhəmiyyət daşımasıdır. Təəssüf ki, dünya praktikasında münaqişələr başa çatdıqdan sonra çox vaxt cinayətkarlar cəzasız qalır. Bu isə müharibələrin natamam və ədalətsiz həlli deməkdir. Çünki cəzasızlıq yeni cinayətlər üçün zəmin yaradır. Azərbaycan bu mənada fərqli və nümunəvi yol seçdi. Müharibə bitdikdən sonra revanşizmə deyil, hüquqa üstünlük verildi. Cinayətkarların məhkəmə qarşısına çıxarılması təkcə Azərbaycan üçün yox, beynəlxalq hüquq sistemi üçün də mühüm presedentdir. Bu yanaşma göstərir ki, hətta illər keçsə belə, törədilmiş cinayətlər unudulmamalı və hüquqi qiymətini almalıdır.

Bir çox ölkələrdə münaqişələrdən sonra “siyasi sabitlik naminə” cinayətkarlar əfv edilir və ya siyasi təzyiqlərlə həmin şəxslər məsuliyyətdən yayındırılır. Azərbaycan isə sübut etdi ki, real sabitlik yalnız ədalət üzərində qurula bilər. Bu, həm günahsız qurbanların xatirəsinə hörmət, həm də gələcək nəsillər üçün mühüm dərsdir.

İsrail təcrübəsi - ədalət anlayışı zamanla köhnəlmir

Əslində Azərbaycanın bu istiqamətdə addımları ilk deyil - tarixdə müharibə cinayətkarlarının illər sonra da olsa məsuliyyətə cəlb edilməsi ilə bağlı ən tanınmış nümunələrdən biri İsrailin təcrübəsidir. İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasının milyonlarla yəhudinin qətlində iştirak etmiş cinayətkarları dünyanın müxtəlif ölkələrində gizlənmişdilər. İsrail dövləti illər keçməsinə baxmayaraq, bu şəxslərin tapılması və mühakimə olunması üçün ardıcıl və prinsipial siyasət həyata keçirdi. Bu proses də asan olmadı, siyasi və hüquqi maneələr mövcud idi. Lakin İsrail “zaman keçib” arqumentini qəbul etmədi. Nəticədə bir sıra əsas cinayətkarlar məhkəmə qarşısına çıxarıldı və cəzalandırıldı. Beynəlxalq aləmin qarşısında susduğu bu təcrübə göstərdi ki, ədalət anlayışı zamanla köhnəlmir.

Azərbaycanın atdığı addımlar bu baxımdan İsrail təcrübəsi ilə səsləşir. Xalqımıza qarşı törədilmiş cinayətlərə hüquqi qiymət verilməsi ədalətin bərpasıdır və bu, tam legitim, beynəlxalq hüquqa uyğun yanaşmadır.

Keçmiş Yuqoslaviya nümunəsi - Haaqa Tribunalı niyə və necə yarandı?

Və ya Yuqoslaviya nümunəsi - keçmiş “Balkan İttifaqı”nda baş vermiş münaqişələrdən sonra müharibə cinayətlərinə hüquqi qiymət verilməsi beynəlxalq birliyin birgə səyləri nəticəsində mümkün oldu. Haaqa Tribunalı yaradıldı və bir sıra hərbi-siyasi liderlər məsuliyyətə cəlb edildi. Bu proses göstərdi ki, beynəlxalq ictimaiyyət istədiyi halda müharibə cinayətkarlarının cəzalandırılmasına real töhfə verə bilər.

Bu yanaşma bir daha sübut edir ki, suveren dövlət olaraq Azərbaycan beynəlxalq hüququ yalnız tələb etmir, eyni zamanda onu tətbiq edir. Bu isə ölkəmizin hüquqi dövlət imicini daha da möhkəmləndirir.

Tarixi ədalətin bərpası...

Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alıblar. Vaxtilə həmin cinayətkarların azadlığını tələb edən dairələr isə əslində beynəlxalq hüququn əsas prinsiplərini ayaqlar altına alırlar. Fransada və ya Avropa Parlamentində erməni cinayətkarların müdafiəsinə qalxan deputatların öz ölkələrində cinayət törətmiş şəxslərə münasibəti necədir? Onlar azad buraxılırmı, yoxsa məhkəmə qarşısına çıxarılmırmı? Bu suallar ikili standartların mahiyyətini açıq şəkildə ortaya qoyur.

Azərbaycan isə bu prosesdə nə emosiyalara qapıldı, nə də hüquqdan kənara çıxdı. Bütün prosedurlar beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildi. Bununla da dövlətimiz göstərdi ki, ədalət yalnız güclünün yox, haqlının tərəfindədir. Xalqımıza qarşı cinayət törədənlər nəhayət ki, hüquq qarşısında cavab verdilər və bu, tarixi ədalətin bərpası oldu.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

2Sources