EN

Ölkəmizin təmiz enerji istiqrazları beynəlxalq mükafata layiq görülüb

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “yaşıl” təyinatlı istiqrazları İngiltərənin aparıcı maliyyə və biznes analizi nəşri olan “Beynəlxalq Maliyyə Jurnalı”nın təşkil etdiyi “Beynəlxalq Maliyyə Mükafatları – 2025”-in laureatı seçilib. Bu qiymətli tədavül vasitəsi “Yaşıl layihələrin maliyyələşdirilməsi üzrə ən yaxşı yeni istiqraz – Enerji sektoru – Azərbaycan” nominasiyası üzrə mükafata layiq görülüb. Mükafat “SOCAR Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətə təqdim olunub.

Qurumun bu mühüm beynəlxalq uğuru ilə bağlı məlumat Azərbaycan Dövlət Neft Şirkətinin sosial şəbəkədəki hesabında yer alıb. Bildirilib ki, bu mükafat SOCAR-ın davamlı inkişaf strategiyasının, “yaşıl enerji” layihələrinə verdiyi ardıcıl dəstəyin və bərpaolunan enerji təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.

Xatırladaq ki, “SOCAR Kapital” MMC 2016-cı il avqustun 29-da Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınıb. Adıçəkilən təsisat SOCAR Qrup şirkətlərinin yerli və qlobal maliyyə bazarlarına çıxışını təmin etmək, investorlara Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərindən pay əldə etmək üçün istiqrazlar kimi alətlər təqdim edən bir platformadır.

Bu platforma başda Azərbaycan vətəndaşları olmaqla bütün investorların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəlirlərindən pay əldə etməsi üçün geniş imkanlar yaradır. “SOCAR Kapital” həm də ölkəmizin ən böyük vergi ödəyicisi olan Dövlət Neft Şirkəti tərəfindən dəstəklənən, etibarlı bir investisiya platformasıdır.

Öz fəaliyyətində etibarlılıq, şəffaflıq, konfidensiallıq, peşəkarlıq və operativlik dəyərlərini əsas tutan “SOCAR Kapital” MMC vasitəsilə yüksək gəlirli (məsələn, 4,5 faiz illik) korporativ istiqrazlara investisiya etmək mümkündür. Qurum 5 il müddətində və yüksək illik gəlirlilik təklif edən “yaşıl” istiqrazlar da daxil olmaqla digər qiymətli kağızların emissiyasını və dövriyyəsini təmin edir. SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi 2025-ci il 10 iyunun 10-da həyata keçirilib. Artıq 1-ci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb.

Yeri gəlmişkən, Azərbaycan Dövlət neft Şirkəti daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib. Qurumun istiqrazları tədavülə buraxılan vaxtdan indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağızdır.

SOCAR-ın “yaşıl istiqraz”larının buraxılışına 2025-ci il yanvarın 15-də start verib. Ölkəmizin “yaşıl” enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub. Bu da təsadüfi deyil. Nominal dəyəri 1000 dollar olan istiqrazlar sahiblərinə illik 6 faiz gəlir qazandırmaq imkanı yaradır.

Ümumi buraxılış məbləği 200 milyon dollar olan “yaşıl istiqraz”ların kupon ödənişləri hər 3 aydan bir ödənilir. İstiqrazların “yaşıl” adlandırılmasına gəldikdə isə, bu heç də təsadüfi deyil. Belə ki, istiqrazlardan əldə olunan vəsaitin “SOCAR Green” MMC şirkətinin bərpaolunan layihələrinə və investisiyalarına sərf ediləcəyi nəzərdə tutulur.

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmiş ölkəmiz üçün “yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır. Bu baxımdan “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və sabit gəlir qazandırmaqla yanaşı, Azərbaycanın “yaşıl enerji” sahəsindəki təşəbbüslərini da dəstəkləmək məqsədi daşıyır. SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti bərpaolunan enerji, dekarbonizasiya və enerji səmərəliliyi sahəsində, xüsusilə damüstü günəş panelləri, məşəldə qazın yandırılmasının sıfırlanması və “yaşıl” istiqrazlarla bağlı layihələri “SOCAR Green” törəmə müəssisəsi vasitəsilə həyata keçirir. Şirkət Dünya Bankı ilə əməkdaşlıq edərək “yaşıl enerji” dəhlizlərinin inkişafına töhfə verir.

SOCAR-ın əsas “yaşıl” təşəbbüslərinin sırasında “SOCAR Green” və “Milla Dairy” məhdud məsuliyyətli cəmiyyətlərinin sənaye müəssisələrində damüstü günəş panellərinin quraşdırılması ilə “yaşıl” enerji istehsalı mühüm yer tutur. Şirkət Dünya Bankının “2030-cu ilədək məşəldə rutin yandırılmaların sıfıra endirilməsi” təşəbbüsünün fəal iştirakçısıdır.

Bununla yanaşı, Xəzər regionunda bərpaolunan enerji layihələrinin reallaşdırılması və dekarbonizasiya istiqamətində Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində işlər görülür. “SOCAR Karbamid” zavodu isə ekoloji səmərəlilik və rəqəmsallaşma səviyyəsinə görə Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib. Bütün bu layihələr isə SOCAR-ın davamlı inkişaf strategiyası və dekarbonizasiya hədəfləri çərçivəsində reallaşdırılır.

Mirbağır YAQUBZADƏXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
xalqqazeti.az

2Sources