EN

İqtisadi tərəfdaşlıq regional sülhün təməlini möhkəmləndirir

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

“2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında keçirilən tarixi sülh sammitinə əsaslanaraq, ABŞ Prezident Trampın sülh və rifah vizyonunu inkişaf etdirmək və Cənubi Qafqazın zəngin iqtisadi potensialını açmaq üçün Azərbaycanla işləməyi səbirsizliklə gözləyir”. Bu sözlər ABŞ Dövlət Departamentinin bəyanatında yer alıb.

Bu bəyanat Vaşinqtonun Cənubi Qafqazla bağlı yeni strateji kursunun fundamental parametrlərini aydın şəkildə göstərir. Sənəddə Azərbaycanın rolunun xüsusi vurğulanması və regionun gələcək iqtisadi inkişafının məhz Bakı ilə tərəfdaşlıq müstəvisində layihələndirilməsi təsadüfi xarakter daşımır. Bu strateji seçim bölgədə yaranmış yeni geosiyasi reallığın və Azərbaycanın qlobal müstəvidə artan siyasi çəkisinin qanunauyğun nəticəsidir.

Xüsusilə 2025-ci il 8 avqust tarixində Vaşinqtonda reallaşan sülh sammiti ABŞ diplomatiyasının regiondakı ən mühüm uğurlarından biri kimi tarixə düşüb. Həmin görüşdə Vaşinqton sadəcə neytral vasitəçi deyil, Cənubi Qafqazın yeni siyasi arxitekturasının qarantı qismində çıxış etdi. Bu, Prezident Donald Trampın “sülh doktrinası”nın əməli təzahürü olmaqla yanaşı, bölgənin qlobal sabitlik və beynəlxalq əməkdaşlıq zəncirinin strateji halqasına çevrilməsini prioritet hədəf kimi rəsmiləşdirdi.

Bu yeni kontekstdə Azərbaycan ABŞ üçün sadəcə enerji tərəfdaşı deyil, hər şeydən öncə siyasi etibarlılıq və regional liderlik simvolu kimi ön plana çıxır. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, regionun otuz illik münaqişə zolağından çıxararaq genişmiqyaslı quruculuq və postmünaqişə inkişafı mərhələsinə qədəm qoyması Vaşinqtonun diqqət mərkəzindədir. Ölkəmizin yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasət kursu ABŞ-ın regionda sabit, proqnozlaşdırılan və ən əsası, müstəqil qərarvermə iradəsinə malik güclü dövlətlərlə işləmək marağına tam cavab verir. ABŞ Cənubi Qafqazı təkcə layihələrin kəsişməsi kimi deyil, həm də böyük güclərin rəqabətinin tənzimləndiyi strateji bir balans zonası kimi görür. Azərbaycan həm fundamental regional təşəbbüslərin müəllifi, həm də çoxqütblü əməkdaşlıq platformalarının lokomotiv iştirakçısı kimi bu yüksək diplomatik meyarlara cavab verən yeganə dövlətdir.

Ağ Evin bu istiqamətdə strategiyası təsdiq edir ki, Vaşinqton üçün sülh sadəcə hərbi əməliyyatların dayandırılması deyil; bu, siyasi dialoq, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq üzərində qurulan davamlı ekosistemdir. Məhz bu yanaşmanın praktiki təzahürü kimi ABŞ-ın təşəbbüsü ilə gündəmə gələn TRIPP layihəsi xüsusi strateji çəkiyə malikdir.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz və maneəsiz keçidi nəzərdə tutan bu marşrut regionun nəqliyyat xəritəsini yenidən formalaşdıraraq Avropa və Asiya bazarları arasında daşımaların təhlükəsizliyini təmin edir. TRIPP layihəsi sübut edir ki, Vaşinqton sülhü diplomatik bəyanatlarla deyil, konkret iqtisadi layihələrlə möhkəmləndirməyə çalışır və bu yolda Azərbaycanı əsas icraçı tərəfdaş kimi tanıyır. Bu marşrutun işə düşməsi təkcə iqtisadi mənfəət deyil, həm də region dövlətləri arasında iqtisadi bağların qırılmazlığını təmin edərək, müharibə riskini qeyri-səmərəli hala gətirir.

Şübhəsiz ki, Cənubi Qafqazın qlobal geoiqtisadiyyatın mühüm qovşağına çevrilməsi Azərbaycanın müasir enerji infrastrukturu və strateji logistik şəbəkəsi ilə birbaşa əlaqəlidir. Azərbaycan onilliklər ərzində Avropanın enerji təhlükəsizliyində etibarlı “lövbər” rolunu oynayıb və sülh perspektivləri bu statusu keyfiyyətcə yeni mərhələyə qaldırır. Münaqişə risklərinin minimallaşması yeni investisiya axınlarına, alternativ marşrutlara və Xəzər hövzəsinin potensialından daha geniş istifadəyə yol açır. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişmə nöqtəsi olan bu coğrafiya, beynəlxalq ticarət zəncirlərinin daha çevik və dayanıqlı olmasına misilsiz töhfə verir.

Yekun olaraq, Dövlət Departamentinin bəyan etdiyi yeni siyasi xətt bir mesajı qətiləşdirir: Cənubi Qafqazda sülh və tərəqqi artıq kənar güclərin qarşıdurma müstəvisində deyil, Azərbaycan kimi suveren dövlətlərin iradəsi, beynəlxalq hüququn aliliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində bərqərar olmalıdır.

Bununla bağlı XQ-yə danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, Azərbaycan xarici siyasətini qarşılıqlı hörmət, suverenlik bərabər hüquqlu dövlət kimi əməkdaşlıq üzərində qurur: “Ölkəmiz əməkdaşlıq formatını təzyiq və diktə ilə deyil, milli maraqlara cavab verən, eyni zamanda, qarşılıqlı fəaliyyət prinsiplərinə uyğun davam etdirməyin tərəfdarıdır. Azərbaycan regional təhlükəsizliyə və beynəlxalq kommunikasiyaya verdiyi töhfə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırıb. Zəngəzur dəhlizi Türkiyə və Mərkəzi Asiya ilə inteqrasiyanı gücləndirən ciddi strateji layihədir. Bu məsələ siyasi təsir aləti kimi deyil, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya sabitliyinin artırılması baxımından önəmlidir. Azərbaycan bu layihəni yalnız öz milli maraqları üçün deyil, iqtisadi inkişaf, regional əlaqələr və təhlükəsizliyin möhkəmlənməsi baxımından qiymətləndirir”.

Komitə sədri qeyd etdi ki, ABŞ–Azərbaycan münasibətləri bərabər hüquqlu dialoq və qarşılıqlı hörmət prinsipi əsasında qurulub: “Düşünürəm ki, bu gün Azərbaycanla ABŞ arasında olan münasibət diplomatik və diaspora səviyyəsində hər istiqamətdə, ən yüksək formada davam edir və burda parlamentlərarası, dövlətlərarası və hökumətlərarası münasibətlərimiz çox mühüm rol oynayır. Vaşinqtonun Bakı ilə işləməyə hazır olduğunu bəyan etməsi təkcə diplomatik ritorika deyil, Cənubi Qafqazda yeni siyasi mərhələnin başlandığını göstərən ciddi siqnaldır. Bu mərhələdə Azərbaycan regional sabitliyin, siyasi dialoqun və beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən biri kimi çıxış edir. ABŞ isə bu reallığı qəbul edərək, sülhün davamlılığı və regionun gələcəyi naminə məhz Bakı ilə strateji əməkdaşlığa üstünlük verir. Bu əməkdaşlıq isə yalnız iqtisadi dividendlər deyil, ilk növbədə Cənubi Qafqazda uzunmüddətli siyasi sabitliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır”.

Beləliklə, bu, Cənubi Qafqaz üçün, sadəcə, bir seçim deyil, regionun gələcək taleyini müəyyən edən yeni inkişaf arxitekturasının təməl sütunudur. Azərbaycan bu yeni geosiyasi konfiqurasiyanın mütləq mərkəzində qərarlaşaraq, sülhü iqtisadi inteqrasiya, strateji tranzit marşrutları və qlobal enerji təhlükəsizliyi ilə üzvi şəkildə birləşdirən xətt nümayiş etdirir. Rəsmi Vaşinqtonun bu strateji kursa birmənalı dəstəyi isə Cənubi Qafqazın qlobal iqtisadi sistemə inteqrasiya olunmuş, kənar təsirlərdən azad, sabit və proqnozlaşdırılan bir güc mərkəzinə çevrilməsi niyyətini təsdiqləyir. Bu tərəfdaşlıq təkcə regional rifahın bərpası deyil, həm də beynəlxalq siyasi sistemin gələcək sabitliyi və Avrasiya coğrafiyasının təhlükəsizliyi baxımından həlledici siyasi qələbədir. Ümumiyyətlə, ABŞ-ın sülhün davamlılığı və regionun gələcəyi naminə məhz Bakı ilə strateji əməkdaşlığa üstünlük verməsi həm iqtisadi dividendlər, həm də uzunmüddətli siyasi sabitliyin təmin olunması baxımından həlledici xarakter daşıyır.

Pünhan ƏFƏNDİYEVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
xalqqazeti.az

2Sources