ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
2026-cı ildə “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar bloku üzrə “Şərqi Azəri” platformasında yeni çoxşaxəli quyunun qazılması planlaşdırılır. Bunu bp-nin Azərbaycan–Gürcüstan–Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən “IADC Drilling Caspian 2026” konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, AÇG yatağından neftin maksimal hasilatı üçün laylara mümkün qədər çox giriş nöqtəsinə ehtiyac var. “Əgər bu quruda yerləşən yataq olsaydı, resurslardan tam istifadə etmək üçün hər yerdə quyular qazılardı. Dəniz şəraitində isə bu yanaşma mümkün deyil. Ona görə də çoxşaxəli quyu texnologiyası tətbiq olunur”, – deyə vitse-prezident qeyd edib.
Rassel Morris bildirib ki, hazırda C44 çoxşaxəli quyusunun qazılması davam edir. 2026-cı ildə isə “Şərqi Azəri” platformasında daha bir belə quyunun qazılması nəzərdə tutulur. Səmərəliliyin artırılması üçün müxtəlif texnologiyalardan, o cümlədən yan lülənin qazılmasından istifadə olunduğunu vurğulayan mütəxəssisin sözlərinə görə, proqramın əsas xüsusiyyəti ondan ibarətdir ki, mövcud quyular saxlanılmaqla əlavə yan lülələr yaradılır və onlar ilkin quyu ilə birlikdə hasilata verilir. Bu yanaşma mövcud quyuların məhsuldarlığını qorumaqla yanaşı, yatağın resurslarından maksimum istifadə etməyə imkan verir.
Qeyd edək ki, Bakıdan, təxminən, 100 kilometr şərqdə yerləşən “Azəri–Çıraq–Günəşli” Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən ən iri neft yatağıdır.
XQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.