İçməli suyun kəm-kəsiri isə çoxdur
Bakıda kran suyunun keyfiyyəti uzun illərdir ki, əhalinin gündəlik narahatlıqları sırasında yer alır. Paytaxt sakinlərinin çoxu kranı açarkən su ilə birlikdə qum, palçıq və müxtəlif çöküntülərin gəldiyini bildirir. Mütəxəssislər isə vurğulayırlar ki, verilən su mənbədə və emal mərhələsində əsasən normativlərə cavab versə də, köhnəlmiş infrastruktur, istismar müddətini çoxdan başa vuran borular və paylayıcı şəbəkədəki nasazlıqlar səbəbindən suyun keyfiyyətində problemlər yaradır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı bildirir ki, əsas problem su təchizatı infrastrukturunun həddindən artıq köhnəlməsi ilə bağlıdır. Onun sözlərinə görə, şəbəkədə tez-tez qəzalar baş verir, təmir-bərpa işləri zamanı isə boruların daxilində çirklənmə yaranır və nəticədə kran açıldıqda suyun qum, palçıq və digər çöküntülərlə qarışıq gəldiyi müşahidə olunur. Məhz bu səbəbdən əhalinin böyük bir hissəsi kəmər suyunu birbaşa içməkdən imtina edir, qablaşdırılmış sulardan və ya alternativ mənbələrdən istifadə etməyə üstünlük verir. Hətta bəzi hallarda təmizlənən suya belə tam etibar etməyən istehlakçılara da rast gəlinir.
Hazırda paytaxtı içməli su ilə təmin edən qurumlar tərəfindən suyun keyfiyyətinin müvafiq standartlara uyğunluğu müəyyənləşdirilərək, şəbəkədə qəza və əlavə çirklənmə hallarının baş vermədiyi təqdirdə Bakıya verilən suyun, ümumilikdə, normal və istifadəyə yararlı hesab olunduğu bildirilir. Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev isə krandan gələn içməli suyun keyfiyyəti ilə bağlı açıqlamasında qeyd edir ki, ən çox diqqət çəkən problem borularda qısa müddətli texniki nasazlıqlarla qarşılaşanda müşahidə olunur. Belə ki, kəmərdə baş verən qəzalar aradan qaldırılandan və təmir işləri yekunlaşdırıldıqdan sonra boruların köhnəlməsi, paslanması, su çənlərinin fiziki aşınması nəticəsində suyun dad və iyində dəyişikliklər yaranır, bəzi göstəricilər standartlara tam cavab vermir.
Ekspert bildirir ki, ev şəraitində suyun təhlükəsizliyini artırmaq üçün ən doğru yanaşma problemin mənbəyini düzgün müəyyənləşdirməkdir. Bunun üçün, ilk növbədə, dad-iy, mikrobioloji və kimyəvi risk amilləri, başqa sözlə, zərər və ya itkilərin yaranma ehtimalı aydınlaşdırılmalıdır. Əgər su uzun müddət kranda hərəkətsiz qalıbsa, istifadə etməzdən əvvəl 30 saniyədən 2 dəqiqəyədək axıdılması tövsiyə olunur. Bu zaman boru daxilində qalmış durğun su yenilənir.
Kranın ucluğunun vaxtaşırı təmizlənməsi də vacibdir, çünki burada çöküntü yığılaraq suyun iyinə və dadına təsir göstərir. Binalarda mövcud su çənlərinin mütəmadi təmizlənməsi və qapaqlarının bağlı saxlanılması da xüsusi əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bir çox problemlərin başlanğıc nöqtəsi məhz baxımsız vəziyyətdə olan çənlərdir.
A.Vəliyevin sözlərinə görə, suyun dad və iyindəki xlor problemini aradan qaldırmaq üçün sadə üsullardan istifadə etmək mümkündür. Məsələn, suyu açıq qabda 20-30 dəqiqə saxlayıb sonra soyuducuya qoyduqda xlor iyi xeyli azalır. Bəzi həssas insanların xloru çox az miqdarda belə hiss etməsi isə onun mütləq şəkildə zərərli olması anlamına gəlmir.
Nəzarət və texniki imkanlar
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, Bakı şəhəri, Abşeron yarımadası və regionlarda içməli suyun təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Yerüstü və yeraltı mənbələrdən qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması, təhlükəsizliyinin təmin olunması və AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının tələblərinə riayət olunması məqsədilə ölkə üzrə bir sıra su təmizləyici və zərərsizləşdirici qurğular, eləcə də mənbədən istehlakçıya qədər suyun keyfiyyətinə nəzarət edən 12 kimyəvi-bakterioloji laboratoriya fəaliyyət göstərir.
Əhaliyə verilən su əvvəlcə mexaniki üsulla qum süzgəclərindən, daha sonra mərhələli şəkildə müasir ultrasüzgəcli qurğulardan keçirilir. Emal olunan su Bakı şəhərində yerləşən 23 mərkəzi su anbarına və nasos stansiyasına ötürülür. Bütün mərhələlərdə su xlor tərkibli reagentlərlə zərərsizləşdirilir. Təmizləmə prosesləri yekunlaşdıqdan sonra 38 nöqtədən götürülən su nümunələri gündəlik olaraq Ceyranbatan içməli suyun fiziki-kimyəvi və bakterioloji laboratoriyasında yoxlanılır.
Su istehlakçılara verildikdən sonra da nəzarət davam etdirilir. Mərkəzi Laboratoriyada Bakı şəhərinin mərkəzi və məhəllədaxili su anbarlarından gündəlik götürülən 44 su nümunəsi üzərində bakterioloji və fiziki-kimyəvi analizlər aparılır. Normadan kənar göstəricilər aşkar edildikdə dərhal operativ müdaxilə olunur.
Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı əsasən Şollar, Xaçmaz, Ceyranbatan, Kür və Oğuz – Qəbələ – Bakı magistral kəmər kompleksləri hesabına gerçəkləşdirilir və “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı”nda həmin infrastrukturun daha da modernləşdirilməsi, bununla da qurğuların dayanıqlı su təchizatının qorunması nəzərdə tutulur. Yeri gəlmişkən, ən böyük təminat Ceyranbatan (53 faiz), Oğuz – Qəbələ (23faiz), Xaçmaz (14 faiz) və Kür (10 faiz) mənbələri vasitəsilə reallaşır, bununla da su təchizatında fasiləsizlik təmin edilir.
Bu kəmərlərin uzun müddətli istismarı, texniki cəhətdən köhnəlməsi məhsuldarlığı azaldır. Xüsusilə su itkilərinin yüksək olması isə ciddi narahatlıq doğurur. Hazırda bu göstərici, təxminən, 38,6 faiz təşkil edir ki, bu da Avropa İttifaqında (Aİ) orta hesabla 22 faiz olan göstəricidən xeyli yüksəkdir.
Prezident İlham Əliyevin sədrliyi ilə bu il yanvarın 12-də yuxarıda adı çəkilən Dövlət Proqramının müzakirəsinə həsr olunan müşavirədə bu gün ölkə üzrə içməli suya əlçatanlığın 73 faiz, fasiləsiz su təminatının 72,5 faiz təşkil etdiyi, Bakı və Abşeronda isə bu göstəricilərin müvafiq olaraq 70 faiz səviyyəsinə çatdırıldığı bildirilib. Halbuki 2004-cü ildə qəbul edilən bu sahə ilə bağlı ilk Dövlət Proqramı dövründə həmin göstəricilər xeyli aşağı olub.
Yeni Dövlət Proqramında əsas prioritetlərdən biri su təhlükəsizliyinin təmin edilməsi, yeni su mənbələrinin yaradılması, fasiləsiz təchizatın genişləndirilməsi və su itkilərinin minimuma endirilməsidir. Magistral kəmərlərin yenilənməsi, nəzarətsiz istifadənin qarşısının alınması və sayğaclaşdırmanın tam başa çatdırılması bu baxımdan həlledici önəm daşıyır.
Beləliklə, Bakıda kran suyunun keyfiyyəti ilə bağlı mövcud narahatlıqların əsas səbəbi, əsasən, köhnəlmiş infrastruktur və paylayıcı şəbəkələrdəki texniki problemlərlə bağlıdır. Su mənbədə və emal prosesində normativlərə cavab versə də, son mərhələdə yaranan itkilər və çirklənmələr problemi aktuallaşdırır. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər isə bu sahədə mühüm irəliləyişlərə yol açsa da, uzunmüddətli və dayanıqlı nəticələr üçün sistemli yenilənmə və ciddi nəzarət mexanizmləri zəruridir.
Keyfiyyətli su – sağlamlıq cövhəri
Aİ ölkələrində içməli suyun keyfiyyəti texniki məsələ olmaqla bərabər, eyni zamanda, ictimai sağlamlıq, istehlakçı hüquqları və ekoloji təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Bu yanaşma su təchizatının mənbədən istehlakçıya qədər olan bütün mərhələlərində ciddi nəzarət mexanizmlərinin formalaşdırılmasını şərtləndirir.
Aİ-də içməli suyun keyfiyyəti əsasən “İçməli su təlimatı” adlı sənəd çərçivəsində tənzimlənir. Sözügedən təlimat suyun yalnız mərkəzi təmizləmə qurğularında deyil, həm də istehlakçı kranında da təhlükəsiz və standartlara uyğun olmasını əsas prinsip kimi müəyyən edir. Yəni Aİ yanaşmasında məsuliyyət istehsalçı qurumla bərabər, həm də bütün paylayıcı şəbəkənin üzərinə düşür.
Bu ölkələrin əksəriyyətində su təchizatı sistemlərinin orta istismar müddəti 30-40 ili keçmir. Köhnəlmiş kəmərlərin mərhələli şəkildə yenilənməsi uzunmüddətli dövlət və bələdiyyə investisiya proqramları hesabına həyata keçirilir. Bu proses qəzaların qarşısını almaq məqsədi daşımaqla yanaşı, eyni zamanda, su itkilərinin azaldılması və kran suyuna ictimai etimadın qorunmasına xidmət edir. Müqayisə üçün bildirək ki, Bakı və Abşeron yarımadasında istismarda olan əsas magistral kəmərlərin bir qismi ötən əsrin əvvəllərində inşa olunub. Bu isə texniki baxımdan suyun təmizlənməsindən daha çox, paylanılma mərhələsində keyfiyyətin aşağı düşməsinə təsir göstərir. Aİ təcrübəsində isə əsas diqqət məhz bu risklərin minimuma endirilməsinə yönəlib.
Aİ ölkələrində su itkilərinin orta göstəricisi, təxminən, 20-22 faiz təşkil edir. Bəzi dövlətlərdə, məsələn, Almaniya, Niderland və Danimarkada bu rəqəm 10-15 faiz səviyyəsindədir. Belə bir nəticə şəbəkənin rəqəmsallaşdırılması, təzyiqə nəzarət sistemlərinin tətbiqi, sızmaların vaxtında aşkarlanması üçün “ağıllı” sensorların quraşdırılması, sayğaclaşdırmanın tam və dəqiq aparılması ilə əldə edilir. Azərbaycanda isə rəsmi göstəricilərə görə, su itkiləri 38,6 faiz təşkil edir ki, bu da Aİ üzrə orta göstəricidən xeyli yüksəkdir. Bu fərq yalnız texniki deyil, eyni zamanda, idarəetmə və nəzarət mexanizmlərinin səmərəliyi ilə bağlıdır.
Dünya təcrübəsində istehlakçıların suyun keyfiyyəti barədə məlumatlandırılması da mühüm prioritetdir. Bir çox ölkələrdə vətəndaş yaşadıqları ərazi üzrə suyun kimyəvi və mikrobioloji göstəricilərini onlayn platformalar vasitəsilə real vaxt rejimində izləyə bilir. Hər hansı normadan kənarlaşma olduqda bu barədə əhali operativ şəkildə məlumatlandırılır. Bakıda isə vətəndaşların əksəriyyəti kran suyunun hansı mərhələlərdən keçdiyi, hansı standartlara uyğunluğu barədə yetərli məlumata malik olmur. Bu informasiya boşluğu kran suyuna inamsızlığı daha da dərinləşdirir və alternativ, bəzən isə daha baha mənbələrə yönəlməni artırır.
Nurlanə ƏHMƏDZADƏ,
qida mütəxəssisi
Respublikamızda kəmər suyunun keyfiyyəti məsələsinə daim həssaslıqla yanaşılır. Bu səbəbdəndir ki, ölkədə istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri xüsusi nəzarətdə saxlanılır. Əvvəlcədən hazırlanmış cədvələ əsasən, mərkəzi və məhəllədaxili su anbarları mütəmadi yuyulub təmizlənir. Paytaxtın su kəməri şəbəkəsinə verilən suyun keyfiyyətinə nəzarət məqsədilə müəyyən ünvanlardan su nümunələri götürülməklə 280-300 müxtəlif növ analiz aparılır. Bundan əlavə, xlorlama stansiyaları fasiləsiz işləyir, onların vaxtında maye xlorla təmin edilməsinə, içməli suda xlor qalığı səviyyəsinin ciddi nəzarətdə saxlanılmasına mühüm önəm verilir.
Yeri gəlmişkən, aparılan müayinə və götürülən su nümunələrinin nəticələrinə əsasən, suyun fiziki-kimyəvi, radioloji, mikro-biololoji göstəriciləri bəlli olur. Bu göstəricilərin əsasında hər hansı bir kənara çıxmalara görə suyun keyfiyyətli olub-olmaması haqqında qənaətə gəlinir. Bu zaman həmin mənbə üzrə aidiyyatı qurğu seçilir, quraşdırılır və istismara verilir. Yekunda da suyun keyfiyyəti yoxlanılır.
Respublikamızda fəaliyyət göstərən su təchizatı sistemlərinə nəzarət edən mərkəzi laboratoriyalar ən müasir cihazlarla təmin olunub. Həmin cihazlar vasitəsi ilə suyun keyfiyyəti dəqiqliyi ilə yoxlanılır. Bundan əlavə, Ceyranbatan su təmizləyici qurğuları yerləşən ərazidə fuziki-kimyəvi baktiroloji təhlil laboratoriyası da fəaliyyət göstərir.
Qeyd edim ki, dünyada kran suyunun birbaşa içilməsi normal və geniş yayılan bir təcrübədir. Restoran və ictimai iaşə obyektlərində, hətta belə kran suyunun təqdim olunması adi hal sayılır. Bu, təkcə keyfiyyət deyil, həm də dövlət nəzarətinin və cəmiyyətin buna olan inamının göstəricisidir.
Bakıda isə kəmər suyunun birbaşa içilməsi hələ də riskli qəbul olunur. Bunun əsas səbəbi suyun təmizlənmə mərhələsinə deyil, daha çox istehlakçıya çatana qədər keçdiyi yolun təhlükəsizliyinə dair şübhələrlə bağlıdır. Beynəlxalq təcrübə göstərir ki, məhz bu mərhələyə ciddi nəzarət edilmədən kran suyuna etibarın bərpası mümkün deyil. Belə halda su təchizatı şəbəkələrinin mərhələli və planlı yenilənməsi, itkilərin azaldılması üçün rəqəmsal nəzarət sistemlərinin tətbiqi, istehlakçıya şəffaf və açıq məlumatların təqdim edilməsi, suyun keyfiyyətinə görə məsuliyyətin istehsalçı ilə bərabər, paylayıcı şəbəkə ilə də tam şəkildə bölüşdürülməsi vacibdir.
Beləliklə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, içməli suyun keyfiyyəti laboratoriya analizləri ilə yanaşı, bütün sistemin dayanıqlılığı ilə ölçülür. Azərbaycanda son illər bu sahədə ciddi irəliləyişlər əldə edilsə də, xüsusilə köhnə infrastruktur, yüksək su itkiləri və istehlakçı etibarının zəifliyi kimi problemlər beynəlxalq standartlara yaxınlaşmaq üçün hələ bir sıra layihələrin həyata keçirilməsinə zəruri ehtiyac olduğunu deməyə əsas verir.
Vaqif BAYRAMOV
XQ