Gülər Sultanzadə: “Azərbaycan xalqı 2024-cü ildə şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sadiqliyini bir daha ifadə etdi”
“Ölkə Prezidenti cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan dövləti son 23 il ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. Bu dövrdə bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və ən əsası, xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Bu gün biz hamımız haqlı olaraq müstəqil, güclü və sürətlə inkişaf edən Azərbaycan dövlətinin, torpaqlarının işğalına son qoymuş və suverenliyini bərpa etmiş ölkənin vətəndaşları olmağımızla fəxr edirik, bundan qürur duyuruq. Cənab Prezidentin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik, təhlükəsizlik və inkişaf məkanına çevrilib. 2003-cü ildən sonra Ulu Öndərimizin əsasını qoyduğu daxili və xarici siyasət kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz möhtərəm dövlət başçımızın liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Cənab Prezident İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb. Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib olan ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Bütün bunların nəticəsidir ki, iki il öncə, 2024-cü ilin 7 fevral tarixində keçirilmiş prezident seçkilərində xalqımız cənab İlham Əliyevə bir daha sonsuz inam və etimadını ifadə etdi.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Fikirlərini davam etdirən partiya fəalı xüsusi olaraq vurğulayıb ki, 2024-cü ildə keçirilmiş prezident seçkilərinin ən önəmli cəhəti bu seçkinin ilk dəfə olaraq ölkənin bütün suveren ərazisində keçirilməsi olub: “Prezident seçkilərinə beynəlxalq səviyyədə maraq kifayət qədər yüksək oldu. Bu seçkinin önəmli tarixi məqam olan cəhəti isə bu idi ki, seçkilər ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirildi. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşları olaraq öz müzəffər Liderinə, şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqətini, cənab İlham Əliyevə etimadını və minnətdarlığını bir daha ifadə etdi. Azərbaycan cəmiyyəti haqlı olaraq bu seçkiləri Zəfər seçkisi kimi səciyyələndirir. Cənab Prezident İlham Əliyevin səsvermə günü ailəsi ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş seçki məntəqəsində qutuya atdığı bülleten separatçıların tabutuna vurulan son mismar oldu. Cənab Ali Baş Komandan torpaqlarımızı düşmən tapdağından azad etməklə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirdi.”
Daha sonra müsahibimiz ölkəmizin qarşısında açılmış hüdudsuz perspektivlər barədə fikirlərini bölüşərək bunları deyib: “Dövlətimizin artmaqda davam edən qüdrəti, ölkəmizin dəyişən siması, Qarabağı azadlığa qovuşduran əzəmətli zəfər, Azərbaycanın və bölgənin həyatında baş verməkdə olan dərin proseslər Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi tarixi missiyasının birbaşa təsdiqidir. Bu missiya həm Azərbaycanın müasir şərəfli tarixində ifadə olunur, həm də onun daha parlaq gələcəyinin etibarlı qarantı rolunu oynayır. Bu gün ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarla yanaşı bütün demokratik təsisatlar da uğurla fəaliyyət göstərir. Regionda tam müstəqil siyasət həyata keçirən bir ölkənin olması və Azərbaycanın tarixi Qələbəsini hələ də həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, siyasi sistemin təkmilləşdirilməsi dövlətimizin siyasətində əsas hədəflərdən biridir. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.