EN

"Rusiya neftinə dəniz yolu bağlanır": Avropa İttifaqı 20-ci sanksiya paketini açıqlayıb" - "Deutsche Welle"

 
"Brüssel Moskvanın gəlirlərini kəsməyə çalışır..."
 
Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketini təqdim edib. Paket əsasən enerji ixracı, maliyyə sistemi və ticarət kanallarına yönəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Enerji sektoru
 
Rusiya neftinin ixracı üçün bütün dəniz xidmətlərinə - sığorta, brokerlik, maliyyələşmə və texniki dəstəyə tam qadağa tətbiq olunur. Aİ "kölgə donanması" siyahısına daha 43 gəmi əlavə edib və beləliklə bu siyahıdakı gəmilərin sayı 640-a çatıb. 
 
Yeni məhdudiyyətlər LNG tankerləri və buzqıranlar üçün texniki xidmətləri də əhatə edir. Dəniz xidmətlərinə qadağa G7 tərəfdaşları ilə koordinasiyalı tətbiq olunacaq və neftin qiymət tavanı mexanizmi ikinci plana keçəcək.Banklar və maliyyə kanalları
 
Sanksiyaların ikinci bloku Rusiya bank sisteminə yönəlib. Daha 20 regional bank sanksiya siyahısına salınıb. Bundan əlavə, sanksiyalardan yayınmaq üçün istifadə edilən kriptovalyuta platformaları, institutlar və şirkətlər də hədəfə alınıb. 
 
Avropa İttifaqı həmçinin üçüncü ölkələrdə yerləşən, lakin Rusiya ilə sanksiya altındakı ticarətdə iştirak edən banklara qarşı da məhdudiyyətlər tətbiq edəcək. Məqsəd Moskvanın alternativ ödəniş kanalları yaratmaq imkanlarını minimuma endirməkdir və bu, Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarını ciddi şəkildə çətinləşdirəcək.
 
Ticarət məhdudiyyətləri və sanksiyalardan yayınma mexanizmi
 
Avropa İttifaqı rezin məmulatlardan traktorlara, kibertəhlükəsizlik xidmətlərindən sənaye avadanlıqlarına qədər ixrac qadağaları tətbiq edir. Metallar, kimyəvi məhsullar və kritik minerallar üzrə idxal məhdudiyyətləri qüvvəyə minir. İlk dəfə olaraq sanksiyalardan yayınmaya qarşı xüsusi mexanizm aktivləşdirilir: yüksək riskli ölkələrə CNC dəzgahları və radioavadanlıqların ixracı qadağan olunur.
 
Siyasi məqsəd və iqtisadi fon
2025-ci ildə Rusiyanın neft və qazdan əldə etdiyi gəlirlər 24 faiz azalaraq 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Ursula fon der Lyayen vurğulayıb ki, sanksiyaların əsas məqsədi Moskvaya təzyiqi artırmaq və onu danışıqlar masasına "səmimi niyyətlə" gətirməkdir.
 
Ekspertlər hesab edirlər ki, müharibənin taleyinə təsir edə biləcək əsas amil Pekinin mövqeyidir, çünki Rusiya hərbi sənayesi bir çox sahədə Çindən asılıdır. 20-ci sanksiya paketinin qüvvəyə minməsi üçün Aİ-yə üzv bütün ölkələrin razılığı tələb olunur.
Chosen
19
1
moderator.az

2Sources