Sabunçu rayonu ərazisində lombard işlədən qadın barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıvaxtı.az-ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda vəsaiti mənimsəmə və dələduzluq əməllərinə görə təqsirli sayılıb.
İttihama əsasən, Türkanə Ağayeva Bakıxanov qəsəbəsində fəaliyyət göstərdiyi dövrdə 17 vətəndaşın etibarından sui-istifadə edib.
Cinayət işinin materiallarına görə, T.Ağayeva lombard krediti qarşılığında girov götürdüyü qızıl məmulatlarını borc tam ödənildikdən sonra sahiblərinə qaytarmaqdan boyun qaçırıb. Həmçinin o, bank və lombard hərraclarından ucuz qızıl alıb daha baha qiymətə satmaqla qazanc əldə edəcəyi barədə yalan vədlər verərək, ayrı-ayrı şəxslərin pul vəsaitlərini və qızıllarını nağd, eləcə də bank kartları vasitəsilə ələ keçirib.
"Lombard Türkanə" ləqəbi ilə tanınan qadının zərərçəkmiş şəxslərə vurduğu ümumi maddi ziyanın təxminən 400 min manat olduğu bildirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə azadlıqda olan təqsirləndirilən şəxs ittihamları qəbul etməsə də, toplanmış dəlillər onun günahını sübuta yetirib. Məhkəmənin hökmü ilə Türkanə Ağayeva 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub və o, elə məhkəmə zalındaca həbs edilib.