EN

Təhsil dramındakı tüfəng

"İdrak" adlı liseydə baş verən məlum hadisə Azərbaycan cəmiyyətini və dövlətini dərindən narahat etməlidir. Edir də! Bəribaşdan deyim ki, şagirdin müəlliməni güllələməsi ilə bağlı hazırda hüquqi şərhlərin verilməsi düzgün və mümkün deyil. Heç bir ciddi hüquqşünas bunu özünə rəva görməz. Çünki belə bir şərh üçün hadisənin təfsilatı bilinməli, zərərçəkənin və şübhəli şəxsin lehinə olan bütün hallar aydın olmalıdır. Ancaq belə bir aydınlıq yoxdur. Baş prokurorluğun açıqlamasına görə, cinayət işi açılıb, istintaq gedir. Cinayətin təfərrüatları istintaq tərəfindən araşdırılmalı, həqiqəti isə məhkəmə üzə çıxarmalıdır. Odur ki, bu yöndə mediaya ötürülən məlumatlar həqiqəti əks etdirməyə bilər və media savadlılığı tələb edir ki, istənilən qeyri-rəsmi informasiya sorğulansın.

Toxunmaq istədiyim digər bir məsələ dünəndən bəri mediaya açılan "atəş"lərdir. Çox təəsssüf ki, bu məsələdə də bilənlər və bilməyənlər bir-birinə qarışıb.

"Uşaq hüquqları haqqında" qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalıdır.

Həmin qanunun 14-cü maddəsinə görə isə, hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.

Növbəti maddədə isə deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarında vurğulanır:

"Jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı və onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir. Daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır".

Beləliklə, bu nəticəyə gəlmək olar ki, "İdrak" liseyində bir uşağın şahid kimi danışdırılması, ondan valideynlərinin icazəsi olmadan müsahibə götürülməsi, üzünün və səsinin tanınacaq halda yayımlanması peşəkar etikanın kobud şəkildə pozulmasıdır.

Eyni zamanda o da vurğulanmalıdır ki, ictimai maraq kəsb edən istənilən hadisə yerindən məlumat yaymaq jurnalistin haqqı və vəzifəsidir. "Media haqqında" qanunun 17-ci maddəsinə görə, media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər.

Bu tələb onu zəruri edir ki, "İdrak" liseyinin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələri dünən jurnalistlərin qarşısına çıxmalı, olay barədə cəmiyyəti obyektiv informasiya ilə təmin etməli idilər.

Mən jurnalistlərin peşə etikası qaydalarını pozmasını təqdir etmirəm, amma buna zəmin yaradan problemi diqqətdən kənar qoymağı da düzgün saymıram.

Həmçinin onu da xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan mediasının heç nəyə yaramayan "İP mübarizəsi"nə son verilməli, bu "mübarizə"nin ortaya çıxardığı, sosioloqların "kriminalın romantizasiyası" adlandırdığı proses tamamilə bloklanmalıdır. Suçu və suçlunu öymək, şiddəti və zorakılıq metodlarını təşviq etmək hüquqi məsuliyyətə səbəb olmalı, jurnalistlər təlimlərə cəlb olunaraq hüquqi biliklər qazanmalıdırlar.

Bu gün Azərbaycan mediasında nə qədər hüquqşünas çalışır?

Statistika o qədər aşağıdır ki, sual hətta yersiz görünə bilər, amma heç olmasa, sosial mövzularda, o cümlədən cinayətlərlə bağlı xəbər hazırlayanların elementar hüquq bilgisi olmalıdır.

Chosen
34
aznews.az

1Sources