EN

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bakı, 7 fevral, AZƏRTAC

Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında (MAA) görüş keçirdib. Görüş çərçivəsində Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumlara əsasən tərəflər elmin müvafiq sahələrinin inkişafı məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi, elmi işlərin hazırlanması zamanı qarşılıqlı rəy mübadiləsi, birgə tədris planlarının hazırlanması, müxtəlif mövzularda təlimlərin və elmi konfransların təşkili, həmçinin tələbələrin könüllülük və təcrübə proqramlarına cəlb olunması istiqamətində əməkdaşlıq edəcəklər.

Tədbiri açan MAA-nın birinci prorektoru Ədalət Səmədov Akademiyanın fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə ətraflı məlumat verib. O, Akademiyada təhsil alan tələbələrin müasir bilik və bacarıqlarla yiyələnməsi istiqamətində görülən işlərdən, tətbiq olunan innovativ texnologiyalardan, eləcə də yeni quraşdırılmış, uçuşları tam imitasiya edən simulyatorlar və həyata keçirilən infrastruktur layihələrindən bəhs edib.

Daha sonra çıxış edən MAA-nın sosial və iqtisadi məsələlər üzrə prorektoru Gülnarə Əhmədova MAA-nın rektoru akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı mühüm xidmətlərindən danışıb.

O bildirib ki, “Tələbə Plus” layihəsi Akademiya üçün xüsusi əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə bir sıra proseslər optimallaşdırılır və əvvəllər ayrı-ayrılıqda icra olunan işlər mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Sözügedən kart həm MAA-ya giriş-çıxış sistemini təmin edir, həm də tələbə kartı funksiyasını yerinə yetirir.

“Bir ekosistemi”nin və “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirdiyini vurğulayıb. “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı yeni mərhələyə yüksəldir. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və layihələrimizdən maksimum faydalansınlar”.

Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə barədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, “Tələbə Plus” layihəsinin əsas məqsədi tələbələri dəstəkləmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsillərinə daha çox vaxt ayırmaları üçün əlverişli şərait yaratmaqdır. Onun sözlərinə görə, Milli Aviasiya Akademiyasının layihəyə qoşulması ilə bu təşəbbüsə daxil olan ali təhsil müəssisələrinin sayı 27-yə çatıb, layihədən faydalanan tələbələrin sayı isə 200 mindən çox olub.

İmzalanma mərasimindən sonra qonaqlar Milli Aviasiya Akademiyasının infrastrukturu ilə tanış olub, Texnoritm mərkəzində həyata keçirilən elmi layihələrə baxış keçiriblər. Burada hazırlanan pilotsuz uçuş aparatları, müxtəlif təyyarə modelləri və aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib. Həmçinin yeni yaradılan laboratoriya kompleksləri və Təlim Mərkəzində yerləşən simulyatorlarla tanışlıq olub.

Chosen
12
4
azertag.az

5Sources