EN

MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) rəsmi internet səhifəsində dərc etdiyi 1909-cu ilə aid tarixi kəşfiyyat sənədi ilə Qüdsün gələcəyi barədə yüz ildən artıq əvvəl edilən ciddi xəbərdarlıqları ictimaiyyətə təqdim edib.

TurkicWorld xəbər verir ki, MİT-in “Xüsusi Kolleksiyalar – Sənədlər” bölməsində yerləşdirilən 9 səhifəlik məxfi xarakterli hesabat Osmanlı dövlətinin son illərində Qüdsdə müşahidə olunan demoqrafik, mədəni və mülkiyyət dəyişikliklərini ətraflı şəkildə əks etdirir. Sənəd 1909-cu ildə İttihad və Tərəqqi Cəmiyyətinin Suriya üzrə nümayəndəsi Mahmud Cəmaləddin tərəfindən mərkəzi rəhbərliyə, dövrün daxili işlər naziri Hüseyn Hilmi Paşaya təqdim edilib.

Hesabatda vurğulanır ki, Qüds və ətraf ərazilərdə torpaq sahələrinin sürətlə yerli əhalinin nəzarətindən çıxaraq xarici şəxslərin və təşkilatların əlinə keçməsi təhlükəli miqyas alıb. Sənəddə “Qüds və ətrafında xaricilərin sahib olduğu torpaq sahələrinin həcmi son dərəcə narahatedici səviyyəyə çatıb” ifadəsi yer alır.

Şəhərin fiziki dəyişimi ilə bağlı hissədə isə qeyd olunur ki, on il əvvələ qədər qala divarlarının kənarında demək olar ki, heç bir yaşayış sahəsi mövcud olmadığı halda, qısa müddət ərzində şəhərin qədim hissəsindən iki dəfə böyük ərazilər xarici tikililərlə dolub.

Sənəddə İslam və Osmanlı dövrünə aid dini və təhsil obyektlərinin təyinatının dəyişdirilməsi xüsusi narahatlıqla qeyd edilir. Hesabatda mədrəsələrin, məscidlərin və dini təhsil ocaqlarının müxtəlif adlar altında satıldığı, nəticədə əyləncə və istirahət məkanlarına çevrildiyi bildirilir.

Xüsusilə Səlahəddin Əyyubiyə məxsus təhsil müəssisəsinin kilsəyə çevrilməsi faktı “İslam və Osmanlı dəyərlərinə hörmət edən hər kəs üçün son dərəcə ağır və məyusedici hal” kimi qiymətləndirilir.

Hesabatda torpaqların itirilməsində hiyləli maliyyə üsullarının mühüm rol oynadığı vurğulanır. Qadağalara baxmayaraq, torpaqların dolayı yollarla satıldığı və bu prosesin sonradan nəzarətdən çıxdığı qeyd edilir. Sənədə əsasən, Qüds torpaqlarının yarıdan çoxu artıq xarici mülkiyyətə keçib.

Londonda mərkəzi yerləşən maliyyə qurumunun Qüdsdə fəaliyyət göstərən bank filialı vasitəsilə yerli əhalini borclandırdığı, kreditlərin yalnız torpaq girovu ilə verildiyi bildirilir. Hesabatda vurğulanır ki, bu bank sisteminə daxil olan kəndli bir neçə il ərzində torpağını tamamilə itirmədən vəziyyətdən çıxa bilmir.

Sənəddə qeyd olunur ki, bu proseslər uzunmüddətli perspektivdə çox böyük və təhlükəli nəticələrə yol aça bilər. Xarici qüvvələrin nəzarətinə keçən torpaqların gələcəkdə ciddi siyasi, sosial və təhlükəsizlik problemləri yaradacağı açıq şəkildə ifadə olunur.

MİT tərəfindən ictimaiyyətə təqdim edilən bu tarixi kəşfiyyat sənədi Qüds məsələsinin artıq XX əsrin əvvəlində Osmanlı dövləti üçün strateji və təhlükəsizlik problemi kimi dəyərləndirildiyini bir daha nümayiş etdirir.

Chosen
33
turkic.world

1Sources