EN

Hansi Flik: “Lamin Yamalın oyunundan çox razıyam” – ARENA.AZ

“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın 18 yaşlı sağ cinah hücumçusu Lamin Yamalın cari vəziyyətini qiymətləndirib.

Arena.az alman mütəxəssisin ispan futbolçu barədə müvafiq açıqlamasını təqdim edir:

“Yamal hazırda əla vəziyyətdədir. Lamin yüksək səviyyəli oyunçudur”, deyə Flik məmnunluqla vurğulayıb.

O, ispaniyalı ulduzun oyunundan razılığını ifadə edib:

“Hazırda Laminin oyunundan çox razıyam. İndi o, nəinki hücuma köklənib, həmçinin müdafiə haqda da düşünür”, deyə Hansi Flik bildirib.

Yeri gəlmişkən, İspaniya futbolunun əfsanəsi, “Barsleona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta da Yamal haqda qənaətini açıqlayıb:

“Əgər Yamal tərəqqisinə davam edərsə, onun ən görkəmli oyunçulardan biri olacağına imkanı var”, deyə İnyesta vurğulayıb.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 30 oyuna çıxıb. O, bu oyunlarda 15 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 136 oyun, 39 qol və 47 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
36
8
arena.az

10Sources