EN

Ceyhun Məmmədov: Uşaqların sosial şəbəkələrdə uyğunsuz materiallara əlçatanlığı cəmiyyəti narahat etməlidir

Uşaqların zərərli internet oyunlarından istifadəsi, onların sosial şəbəkədə uyğunsuz materiallara əlçatanlığı ciddi təhlükə kimi cəmiyyəti narahat etməlidir.

Bu sözləri "Far.Az"a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, sosial medianın inkişafı, internet məkanında yayılan müxtəlif oyunlar gənclərin düşüncəsinə, eləcə də təlim-tərbiyə prosesinə mənfi təsir göstərir:

"Zamanla uşaqların tərbiyə olunması daha da çətinləşir. Bu, dünya nümunəsində də görünür. Uşaqların tərbiyəsində, onlara etik davranış qaydalarının öyrədilməsində yük ailə və məktəblərin üzərinə düşür. Amma bu məsələdə ən böyük məsuliyyət ailənin üzərindədir. Valideynlər övladlarına daha çox vaxt ayırmalı, onlarla daha çox ünsiyyətdə olmalıdırlar. Bu gün ailələr məsələyə həssas və diqqətlə yanaşmalıdırlar ki, gənclərimizi qoruya bilək. Hər bir valideyn övladının tərbiyəsinə görə məsuliyyət daşıyır. Azyaşlıların sosial şəbəkədən, aqressiv kompüter oyunlarında istifadəsi onların psixlogiyasına mənfi təsir göstərir. Bir çox kompüter oyunları var ki, gənclərin etik davranışına, tərbiyəsinə ciddi təsir edir, bu səbəbdən bir sıra dünya ölkələri sözügedən platformalara girişi qadağan ediblər. Bu, tendensiya kimi davam edir".

Deputat Avropa ölkələrindən nümunələr çəkərək bu yaxınlarda İtaliyada süni intellektlə bağlı layihə təqdim olıunduğunu xatırladıb:

"Eyni zamanda, İspaniya 16 yaşına qədər olan uşaqların sosial mediadan istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi prosesinə başlayıb. Azərbaycan da bu istiqamətdə tədbirlər görməlidir. Bir sıra Avropa ölkəsi də bu sahədə qanunvericilik məsələsinə baxacaq. Bir müddət əvvəl mən də parlamentdə bu məsələni qaldırmışdım. Uşaqların zərərli internet oyunlarından istifadəsi, onların sosial şəbəkədə uyğunsuz materiallara əlçatanlığı ciddi təhlükə kimi cəmiyyətimizi narahat etməlidir. Əvvəlcə, valideynlər övladlarının tərbiyəsinə vaxt ayırmalı, sonra da məktəbdə təlim-tərbiyə işi gücləndirilməli, eləcə də qanunvericiliyə baxılmalı və müəyyən məhdudiyyətlər tətbiq edilməldir. Həmçinin bu sahədə davamlı maarifləndirmə, eləcə də təbliğat işləri aparılmalıdır. Bu addımlar atılmasa, proses daha mürəkkəb dövrə doğru gedəcək və hər birimiz bunun əziyyətini çəkəcəyik".

Chosen
16
1
far.az

2Sources