EN

"Politico" qəzeti ABŞ administrasiyasındakı "boz kardinal"ın adını açıqlayıb

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Endi Beyker Amerika administrasiyasının Münhendən Ukraynaya qədər Avropanı çaş-baş salan xarici siyasət aspektlərini anlamaqda mühüm rol oynayır.

"Far.Az"un məlumatına görə, bu barədə Amerikanın "Politico" qəzetinin materialında deyilir.

Müəlliflər qeyd ediblər ki, Beyker ilk və sonuncu dəfə təsadüfən diqqət mərkəzinə düşüb: keçən ilin martında vitse-prezident Cey Di Vens onu Yəmən husilərinə endirilən zərbələr barədə məlumatların sızdığı administrasiyanın səs-küylü qrup çatında özünün əlaqələndirici şəxsi təyin etmişdi.

Qeyd olunur ki, fotolarda nadir hallarda görünən və olduqca qapalı olan Ağ Evin milli təhlükəsizlik müşavirinin müavini pərdəarxasında Vensin ətrafında əsas fiqura çevrilib. O həm vitse-prezidentin xarici siyasət baxışlarını, həm də Vaşinqtonun milli təhlükəsizlik sahəsindəki bəzi mühüm qərarlarını, xüsusilə ABŞ-nin Avropadakı müttəfiqlərinə qarşı getdikcə kəskinləşən mövqeyini formalaşdırır.

"Beykerin təsirini Tramp administrasiyasının bəzi radikal qərarlarında görmək olar... O, Vensin 2025-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında etdiyi kəskin çıxışın hazırlanmasına kömək edib. Vitse-prezident təxminən bir ildir, Avropa diplomatik dairələrini sarsıtmağa davam edən bəyanatlarla qitə liderlərini söz azadlığını qoruya bilməməkdə kəskin tənqid edib və onları qeyri-qanuni immiqrasiya ilə mübarizəni gücləndirməyə çağırıb. O iddia edib ki, "Avropanın öz fundamental dəyərlərindən geri çəkilməsi" transatlantik ittifaq üçün əsas təhlükədir", - deyə "Politico" vurğulayır.

Beykerin mövqelərinin möhkəmlənməsi və onun "çevik realizmi" bir çox avropalı diplomat və rəsmiləri Trampın normaları dağıdan "Öncə Amerika" xarici siyasət strategiyasının bu prezidentdən sonra da yaşayacağı fikri ilə barışmağa məcbur edir. Britaniya hökumətinin nümayəndəsi Beykeri beynəlxalq həmkarları ilə aktiv qarşılıqlı əlaqədə olan bir şəxs kimi xarakterizə edib. Rəsmi əlavə edib ki, Avropa hökumətləri bunu, şübhəsiz ki, uzunmüddətli dəyişiklik kimi qiymətləndirirlər.

"Vens 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından namizədlik üçün aparıcı şəxslərdən birinə çevrildikcə özünü "realist" adlandıran, ənənəvi Amerika ittifaqlarına və ABŞ-nin xaricdəki hərbi müdaxilələrinə skeptik yanaşan Beykerin Respublikaçılar Partiyasının gələcək xarici siyasətinin formalaşmasında daha böyük rol oynayacağı gözlənilir", - deyə materialın müəllifləri qeyd edirlər.

Üstəlik, bəziləri hesab edir ki, respublikaçıların namizədinin kim olmasından asılı olmayaraq, Beyker əsas fiqur olacaq. Beykerin bu postda sələfi olmuş Aleks Vonq deyib: "Endi istənilən gələcək administrasiyada vacib rol oynayacaq".

Trampın 2024-cü ildəki qələbəsi Vens və Beykerə öz baxışlarını dünya arenasında tətbiq etmək imkanı verdi və bu, administrasiyanın Ukraynadakı müharibəyə yanaşmasında özünü daha qabarıq bəlli etdi. Onların müharibənin sülh yolu ilə həllinə nail olmaq barədə çoxdankı məqsədi bu münaqişəni ABŞ-nin resurslarını tükədən amil kimi görən və onun tezliklə həllinə çalışan Trampın məqsədi ilə üst-üstə düşürdü.

Rus dilini (həmçinin bolqar və fars dillərini) mükəmməl bilən Beyker sülh sazişi bağlanması səylərində mühüm rol oynayıb. "Endi Ukrayna üzrə danışıqların ilkin konturlarının, o cümlədən faydalı qazıntılar haqqında saziş kimi məsələlərin formalaşmasında və müəyyən edilməsində iştirak edən əsas məsləhətçi və icraçı olub", - Vonq bildirib.

Beykerin rolu ilə tanış olan mənbənin bildirdiyinə görə, o bütün danışıqlar boyu müharibəni dayandırmaq üçün "praktik" və "kreativ ideyalar" təklif edib və iddia edib ki, onun nöqteyi-nəzəri bəzi tənqidçilərinin dediyi kimi, Ukrayna əleyhinə deyil. Mənbə əlavə edib ki, Beyker və Vens, "əvvəla, ABŞ-nin onlar üçün əhəmiyyətli olmayan bəzi qlobal öhdəliklərdən çəkinməsini çox istəyirlər, ikincisi, bu müharibənin sona çatmasına kömək etməkdə çox istəklidirlər".

Milli Təhlükəsizlik Şurası, eləcə də Endi Beyker özü "Politico"nun şərh sorğusuna cavab verməyib.

Chosen
31
4
far.az

5Sources