Min bir dərdin dərmanı olan bitkilər içərisində əvəlik və ələyəz xüsusi yer tutur. İnsan sağlamlığı üçün möcüzəvi faydaları olan bu bitkilər əsasən dağlıq və meşəlik ərazilərdə yabanı halda bitir.
Naxçıvan dağlarının əvəzolunmaz nemətləri sayılan əvəlik və ələyəzdən indi də geniş istifadə olunur.
Bizim.Media xəbər verir ki, Şərur rayonunun Yuxarı Yaycı kənd sakini, 67 yaşlı Ələmdar Fərzəliyev Baku TV-yə deyir ki, uzun illərdir bu bitkilərin toplanması ilə məşğul olur.
"Dağlara gedib əvəlik, ələyəz, itburnu, dazıotu, kəklikotu toplayırıq, hörürük, quruduruq. Bir ildən sonra bunlar xarab olur. Əgər uzun müddət saxlamaq istəyirsənsə, doğrayıb sellofanlara yığmaq, ağzını möhkəm bağlamaq lazımdır ki, qurd düşməsin.
Bu bitkilər istənilən yeməyə dad verir. Nənəm deyirdi ki, vaxtilə bu otlarla övladlarını yaza çıxarırdı. Beş əmim var idi. Deyirdilər ki, 1941-1945-ci illərdə aclıq vaxtı əvəliklə ələyəz olmasaydı, bəlkə də sağ qalmazdılar", - o bildirib.
Bizim.Media