Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Şəki” evdə “Abşeron Lions”la üz-üzə gəlib. Şəki Olimpiya İdman Kompleksində baş tutmuş görüş qonaqların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son görüşü Bakı İdman Sarayında “Neftçi” və “Sabah” arasında baş tutub. “Sabah” bu oyundan da qalib ayrılıb – 98:79.
Xatırladaq ki, turun daha əvvəl keçirilmiş görüşlərində “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92), “Gəncə” NTD-ni (104:85) məğlub etmişdi.
Beləliklə, 16 turdan sonra yarış cədvəlindəki vəziyyət belədir:
A qrupu: Sabah – 31. Abşeron Lions – 30. Gəncə – 24. Neftçi – 23. NTD – 19. Şəki – 18.
B qrupu: Ordu – 31. Naxçıvan – 28. Sumqayıt – 22. Quba – 22. Sərhədçi – 21. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
