EN

Rəşad Sadıqov: “Bu gün bir yeni oyunçu bizə qoşula bilər” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Zirə təmsilçisinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.

Rəşad Sadıqov görüşdən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Baxımlı oyunun şahidi olduq. Hər iki komanda daha çox texnikalı, kombinasiyalı oyuna üstünlük verirdi. Birinci hissə bizim üçün daha yaxşı keçdi, daha üstün idik. Bəlkə də hesab daha fərqli ola bilərdi. Rəqib ikinci hissəyə çox fəal başladı. Biz isə o dəqiqələrdə düzgün reaksiya vermirdik, bir az passivləşmişdik və qol buraxdıq. Bundan sonra komandanın verdiyi reaksiya yaxşı idi. Oyuna nəzarəti ələ keçirdik, hücumlar təşkil etdik. Rəqibin 80-cı dəqiqədən sonra bir neçə təhlükəli standart vəziyyətləri olsa da, qələbəyə layiq idik. Çox önəmli qalibiyyət qazandıq. Futbolçularımı göstərdikləri oyuna və qələbəyə görə təbrik edirəm.

Sadıqov “Zirə”nin büdcəsi ilə bağlı sualı da cavablandırıb:

“Altıncı ildir ki, “Zirə”nin baş məşqçisiyəm. Komandanın müəyyən siyasəti, strategiyası var. Biz bu yola rəhbərliklə birlikdə çıxmışıq. Təbii ki, müəyyən məqamlarda könül istərdi ki, fərqli futbolçularla da komandanı gücləndirəsən. Amma əlimdə olan oyunçulardan da hər zaman razıyam. Onların potensialı daha çoxdur. Sadəcə, bəzən zamana ehtiyac olur. Müəyyən futbolçular potensialını açmaqdan ötrü daha çox məşq etməli, daha çox oynamalı olurlar. Ümumən durumumuzdan məmnunuq. Əlimizdə olan imkanlara uyğun ən yaxşısını etməyə çalışırıq.

Yeni transferə gəlincə, danışıqlar gedir, rəhbərlik razılıq verib. Bəlkə bir futbolçu ilə gücləndik. Bu gün xəbər olmalıdır, gözləyirik. Ola bilsin ki, maksimum 1 futbolçu gətirək. Bizim bu dəqiqə ən yaxşı “silah”ımız əlimizdə olan futbolçuların yaxşı formada olmasıdır. Onlar da çalışır, istəklidirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
13
9
arena.az

10Sources