EN

“Uşaqlar məktəbdə əlavə dərsliklərlə o qədər yüklənirlər ki, kitab oxumağa vaxtları qalmır“ FOTO+ÖZƏL

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Uşaq ədəbiyyatında xüsusi dəst-xətt yaradan yazıçı Çinarə Köçərli Moderator.az-ın suallarını cavablandırıb.

-Çinarə xanım, ölkəmizdə uşaq ədəbiyyatınna maraq nə dərəcədədir?

-Əgər biz uşaq ədəbiyyatımızı dünya ölkələrinin uşaq ədəbiyyatı ilə müqayisə etsək, bizim ölkəmizdə marağın zəif olduğunu müşahidə edə bilərik. Amma biz öz dövrümüzlə-90-cı illərin uşaqlıq dövrü ilə indiki dövrün uşaq ədəbiyyatını müqayisə etsək, son 5-6 ildə uşaq ədəbiyyatına marağın yüksək olduğunu görərik. Buna da səbəb daha çox xarici ədəbiyyatın, ələxsus da uşaq ədəbiyyatının ölkəmizə gətirilməsi və gözəl, keyfiyyətli nəşrlərin olunmasıdır. Bu araşdırmalardan sonra yenə də bizim ölkə əhalisinə və uşaqların sayı ilə müqayisədə bu nəticə az görünə bilər. Amma son dövrlər sərgidə, uşaq festivallarında bunun artdığını görürük. Mən özüm də övlad anasıyam. Uşaqlar əlavə dərsliklərlə o qədər yüklənirlər ki, onların kitab oxumağa zamanı belə olmur. Mən düşünmürəm ki, uşaqlar bədii əsər oxumaq istəmirlər. Əksinə, dərsin ağır yükündən sonra bədii əsərlər oxumaq onlara daha maraqlı gələ bilər. Onların daha çox zamanı olsa bədii yaradıcılığa daha çox həvəs göstərə bilərlər. Bu da uşaqların gələcəkdəki dünyagörüşlərinə müsbət təsir edə bilər.

-Adətən belə deyirlər ki, uşaqlar ən sonda yada düşür. İstər kino, istər mahnı, istər teatr, istərsə də ədəbiyyat sahəsindən söhbət gedir.. Niyə öz canımızdan can olan övladlarımızı düşünənlər çox azdır?

-Kino, musiqi, teatrla müqayisədə ədəbiyyat sahəsi heç olmasa nisbətən yaxşı vəziyyətdədir. Ona görə ki, uşaq kitabları var, amma uşaq mahnıları, kinosu, uşaq tamaşaları çox azdır. Dövlət Kukla Teatrı istisna olmaqla... Biz istərdik ki, vətənpərvərlik mövzusu ilə bağlı animasiya filmləri olsun. Amma yoxdur. Bizim dövrümüzdə uşaq mahnıları da var idi, kinoları da. Hətta bu gün uşaqların baxdığı o filmlər, dinlədiyi mahnılar bizim dövrün ən şedevr əsərləridir. Bizim dövrümüzdə isə uşaq ədəbiyyatını çox az görürdük. Uşaq kitabları bu gün çoxdur. Amma yenə də deyim ki, uşaqların oxumağa zamanı yoxdur. 

-Çinarə Köçərlinin üslubu digər uşaq yazarlarından nəyi ilə fərqlənir?

-Mən kitablarda əyləncədən daha çox uşaqlara fayda verməyi düşünürəm. Burda bir az da empatiya hissi var. Bu da öz xarakterimdən irəli gəlir. Öz övladlarıma hansı kitabları, hansı mövzuları tövsiyyə edirəmsə, bütün uşaqlara da, analara da bunu tövsiyyə edirəm. Ələxsus da mənəvi-əxlaqi keyfiyyətləri. Bütün yazarların qələmi təbii ki, uşaqlara fayda verməyə yönəlib. Sadəcə mən bunu rahatlıqla deyə bilərəm ki, vətənpərvərlik hissləri, mərhəmət, islami və milli dəyərlər mənim kitablarımda daha çox hiss olunmaqdadır. Mən daha çox hekayə janrında yazıram. Nağıllarım da var. Əyləncədən çox öyrədiciliyi sevirəm. Əyləncəni daha az, öyrətməyi və fayda verməyi daha çox etməyimdir digər yazarlardan fərqim. Daha çox 6 yaş üstü uşaqlara mövqelənmişəm. Əsas şuarım odur ki, biz yaxşı həkim, yaxşı müəllim, yaxşı mühəndis yetişdirməkdən daha çox yaxşı insan yetişdirməyin fərqində olmalıyıq. Bizim təhsilimiz, tədrisimiz nə qədər savada yönəlibsə, bir o qədər də ordan yüklənən uşaq digər mənəvi keyfiyyətlərdən kasad qalır. Bu da bizim nə ölkəmizə, nə insanlarımıza, nə də cəmiyyətimizə fayda verməz. Heç olmasa bundan sonrakı-mənim kitablarımı oxuyan nəsil başa düşsün ki, ailəsinə, qohumlarına, qonşularına, ətrafına, təbiətə rəhmli, mərhəmətli olmalıdırlar. Mənim əsas məqsədimiz cəmiyyətimiz üçün insan yetişdirməkdir.

-Bu sahə nisbətən gəlirsiz sahədir. Demək ki, uşaq yazarı olmaq üçün həm də uşaqları sevmək lazımdır.

-Uşaq yazarları barmaq sayı qədərdir. Əksəriyyəti də xanımlardır. Onlarla da fikir mübadiləmiz, söhbətimiz olur. Demək olar ki, bütün uşaq yazarlarının çoxu ya ana, ya da nənədirlər. Onlar bir empatiya hissi ilə yola çıxırlar. Nəyi ehtiyac görürlərsə onu yazırlar. Burada əlbəttə ki, 2-3 kitabı çap olunana qədər heç bir müəllif maddi qazancı düşünmür. Biz özümüz də “Ting” nəşriyyatı olaraq yeni müəlliflərlə işləyirik. Onların da əsas məqsədi uşaqlara faydalı olmaqdır. Belə olan halda maddi plan arxaya keçir. Əlbəttə ki, maddiyat da lazımdır ki, yeni kitabların nəşr olunması üçün. Bu mənəvi bir ruh işidir. Bir müəllif yeni bir kitabını yazarkən sanki yeni bir övladının dünyaya gəlməsini gözləyir. Bizim ölkədə müəlliflər öz kitablarını öz büdcələri hesabına çap edirlər. 

-Sizin “44 gün Qarabağda” adlı kitabınız da var. Sanki uşaqları virtual olaraq Qarabağla, işğaldan azad olunmuş torpaqlarla yaxından tanış edirsiniz..

-“44 gün Qarabağda” kitabı ilə bağlı ideya demək olar ki, müharibənin ilk başladığı gündən yarandı. Övladım bu haqda məktəbdə eşitmişdi və mənə sual verdi. Mən də böyük səbrlə ona cavab verdim. Həmin ərəfədə düşünürdüm ki, hər kəsin evində uşaqlar var və hər kəsin müharibə ilə bağlı öz valideynlərinə ünvanladığı suallar var. Həmin o sualları, hissləri cavablandıracaq kitab lazım idi. Həmin dövrdə də bir qrup uşaq bizim kimi ailələrin uşaqları idi. Evində nə döyüşə gedəni var, nə qazisi, nə də şəhidi.. Bir qrup uşaqlar isə valideynləri döyüşdə, səngərdə olanlar idi. Mən o qrup uşaqları sanki kitablarda qarşılaşdırmağı düşündüm. Bizim evdəki uşaqların hissləri ilə evində döyüşən valideyni olan uşaqların hisslərini qarışdırdım. Şəkillər də ona görə lazım idi ki, kitablarda bu çox önəm daşıyır. Uşaqlarda vətənə, hərbiyə, əsgərə, dövlətə sevgi hisslərini qoruyub saxlamaq üçün kitabı şəkilli çap etdirdim. Orada da mütləq real təsvirlər olmalı idi. Mən real olan mövzudan yazırdım. Havadan, sudan yazmırdım. Qazilərin, şəhidlərin övladlarından müsahibələr alırdım. Əsasən də xronoloji ardıcıllığı yaratdım. 

-Sizin həmçinin milli, yaddan çıxan və unudulmaq üzrə olan qədim oyunlarımızla bağlı kitabınız da var. Bu kitaba həvəs nə dərəcədədir?

-2 il bundan əvvəl Mədəniyyət Nazirliyindən mənə sual ünvanladı ki, siz komiks kitab yazmısız? O sualdan sonra məndə bir ideya yarandı ki, niyə mən bir komiks kitabı yazmayım?! Çünki bizim yerli yazarlar içərisində uşaqlar üçün milli komiks yazan müəllif yox idi. “OyunMən” kitabım 2 il öncə belə yarandı. Düşündüm ki, bunu elə bir ideya ilə yazmalıyam ki, o komiksin milliliyini göstərə bilim. Bunun elə ən yaxşı yolu milli oyunlarımızdan başlamaq idi. Mənim evimdəki uşaqlar da, hətta mən özüm belə uşaqlıq oyunlarımızı unudurduq. Bundan sonrakı nəsillərin də onları tapma ehtimalı çox az idi. Mən özüm belə o oyunların oynama qaydalarını çox çətinliklə tapırdım. Düşünürdüm ki, gələcək nəsil bunu tamamilə unudacaq. İnternet resursları üzərindən də bunları tapmaq çox çətin idi. Ona görə də 30 oyundan ibarət “OyunMən” kitabımı yazdım. Bizim bu kitabımıza maraq kifayət qədərdir. Xüsusilə “Bakı Ekspo Mərkəzində” kitabımızın təqdimatını keçirəndən sonra daha da çoxaldı. Bu kitabla bağlı mətkəblərdə və kitabxanalarda görüşlər təşkil olunur, müəllif kimi gedib iştirak edirəm. Süni intellekt vasitəsilə bu komiksləri canlandırırıq. Sosial şəbəkələrdə də bu kitaba maraq çoxdur.

-Hazırda hansı kitabları çapa hazırlayırsınız?

-Nəşriyyatımız ayda bir dəfə ən azı bir uşaq ədəbiyyatı nümunəsini çap edir. Təbii ki, bunların hər birinin müəllifi mən olmuram. Ayrı-ayrı uşaq yazarlarının kitabları olur. Amma mənim 2 ildən çoxdur üzərində işlədiyim “Səhabələr” kitabım var. Bu “Məhəmməd Peyğəmbər” (s.ə.s) kitabımın davamı olan bir kitabdır. Tezliklə bu kitabım təqdim ediləcək. Eyni zamanda “Həyatımızı dəyişən qaydalar”, “Əsmaül-Hüsna” kitabımın 2-ci cildinin çapına hazırlaşıram. Ən əsasda “44 gün Qarabağda” kitabımın rus və inglis dilində çapını həyata keçirəcəyik ki, dünya ölkələrinə çıxaraq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
1
moderator.az

2Sources