EN

Epşteyn İsrail ordusuna maliyyə yardımı göstərib

Sənədlərdə onun İsrail ordusuna və fələstin torpaqlarında fəaliyyət göstərən strukturlara ianələri yardımları göstərməsi ilə bağlı məlumatlar yer alır...

Poliqon xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunan yeni sənədlərdə amerikalı maliyyəçi Ceffri Epşteynin İsrail ordusuna və fələstin əraziləri ilə bağlı fəaliyyəti olan qurumlara maliyyə dəstəyi göstərdiyi barədə məlumatlar əksini tapıb. Dərc olunan materiallar Epşteyn işi ətrafında ortaya çıxan faktların miqyasının əvvəl düşünüləndən daha geniş olduğunu göstərir.

Sənədlərə əsasən, Epşteyn 2005-ci ildə İsrail Müdafiə Ordusunun Dostları Assosiasiyasına maliyyə ianələri edib. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı məlumatlarda bu ödənişlərin rəsmi qeydiyyata alındığı və müxtəlif fondlar vasitəsilə həyata keçirildiyi bildirilir.

Bununla yanaşı, sənədlərdə Epşteynin İsrailə bağlı yəhudi lobbi təşkilatlarına da vəsait ayırdığı qeyd olunur. Həmin təşkilatların Qərb Sahilində fəaliyyət göstərən və beynəlxalq hüquqa zidd hesab olunan yəhudi məskunlaşma layihələrini maliyyələşdirdiyi vurğulanır.

Araşdırma çərçivəsində üzə çıxarılan elektron yazışmalar da diqqət çəkir. 20 may 2012-ci il tarixli elektron məktublarda Epşteynin Fələstinlə bağlı sərt siyasi mövqe sərgilədiyi ortaya çıxıb. Yazışmalarda onun “Fələstin adlı müstəqil dövlət heç vaxt mövcud olmayıb” məzmunlu ifadələrdən istifadə etdiyi bildirilir.

Ekspertlər hesab edirlər ki, bu faktlar Epşteynin yalnız maliyyə və cinayət qalmaqalları ilə deyil, həm də Yaxın Şərqdəki siyasi proseslərlə dolayı yolla əlaqəli olduğunu göstərir. ABŞ Ədliyyə Nazirliyinin sənədləri mərhələli şəkildə açıqlaması fonunda, yaxın dövrdə bu iş üzrə daha sensasion məlumatların üzə çıxacağı istisna edilmir.

Poliqon.info

Chosen
93
poliqon.info

1Sources