Sosialist Partiyasının namizədi ikinci turda rəqibini böyük fərqlə geridə qoyaraq dövlət başçısı seçilib...
Poliqon xəbər verir ki, Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən Sosialist Partiyasının namizədi Antoniu Jozé Seguru qalib gəlib. Hökumətin rəsmi saytında dərc olunan məlumatlara görə, səslərin 99,2 faizi sayıldıqdan sonra Seguru 66,82 faiz səs toplayaraq lider mövqeyini təmin edib.
Ultrasağçı “Chega!” (“Yetər!”) partiyasının namizədi Andre Ventura isə 33,18 faiz səslə ikinci yerdə qərarlaşıb. Seçkilərdə seçici fəallığı 50,11 faiz təşkil edib ki, bu da son illərin orta göstəricilərinə yaxın hesab olunur.
Qələbəsindən sonra jurnalistlərə açıqlama verən Antoniu Jozé Seguru bildirib ki, Portuqaliya xalqının bu seçkilərdə verdiyi cavab onda dərin duyğular yaradıb: “Bu gün portuqal xalqının verdiyi cavab, onun azadlığa, demokratiyaya və ölkəmizin gələcəyinə sadiqliyi məni səmimi şəkildə kövrəldir və qürurlandırır”, – deyə Seguru vurğulayıb.
“The New York Times” yazır ki, Sosialist Partiyası namizədinin qələbəsi Portuqaliyadan kənarda Avropada güclənən ifrat sağ dalğaya qarşı “müvəqqəti bir nəfəs dərmə” kimi qiymətləndirilir. Nəşrin qeyd etdiyinə görə, bir sıra Avropa ölkələrində radikal sağ qüvvələrin mövqelərinin möhkəmləndiyi bir dövrdə bu nəticə siyasi balans baxımından diqqət çəkir.
Andre Ventura isə seçkilərin nəticələrinə baxmayaraq, sağ düşərgənin gələcəyi ilə bağlı iddialı mövqe sərgiləyib. O bildirib ki, həm sağ, həm də sol siyasi sistem ona qarşı birləşib, lakin buna rəğmən sağ qüvvələrin liderliyi artıq müəyyənləşib: “Bu gündən etibarən bu siyasi məkanı idarə etməyi hədəfləyirəm”, – deyə Ventura qeyd edib.
Qeyd edək ki, Antoniu Jozé Seguru Portuqaliya Sosialist Partiyasının sabiq baş katibidir. Seçki kampaniyası dövründə o, özünü mülayim və kompromislərə açıq siyasətçi kimi təqdim edib, həmçinin ölkədə fəaliyyət göstərən sağ-mərkəzçi hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Poliqon.info