EN

ABŞ prezidentliyinə namizəd: Kiyev siyasəti mənfəət axtarışına çevrilməməlidir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Ukrayna böhranının nizamlanması ilə bağlı siyasəti uzaqgörən olmayan razılaşmalardan maliyyə qazancı əldə etməyə yönəlməməlidir.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata açıqlamasında ABŞ prezidentliyinə müstəqil namizəd Dayen Seyr bildirib.

Vaşinqtonun Ukrayna böhranının həllində rolu ilə bağlı sualı cavablandıran Seyr bildirib ki, ABŞ liderləri həm beynəlxalq arenada, həm də daxili siyasətdə əsas götürülən “güclünün haqqı” və “güc yolu ilə sülh” doktrinalarından imtina etməyincə, ölkə məhsuldar rol oynaya bilməyəcək. Onun sözlərinə görə, ABŞ Rusiyanın təhlükəsizliklə bağlı qanuni narahatlıqlarını anlamalı, eyni zamanda Ukraynanın ehtiyaclarını da nəzərə almalıdır.

“Diplomatiya qısamüddətli və düşünülməmiş sövdələşmələrdən maliyyə qazancı əldə etmək səviyyəsinə endirilməməlidir”, – deyə 2028-ci il prezident seçkilərində müstəqil namizədliyini yanvarda irəli sürən Seyr vurğulayıb.

Siyasətçi qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin yeni strateji arxitekturanın yaradılmasına çağırış edib və bu məsələnin artıq çoxdan yetişdiyini düşünür. Onun sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpinqin irəli sürdüyü qlobal idarəçilik təşəbbüsü də bu yanaşma ilə səsləşir.

Seyr əlavə edib ki, Vaşinqton 1821-ci ildə ABŞ-ın dövlət katibi vəzifəsini tutan Con Kuinsi Adamsın irəli sürdüyü konsepsiyaya qayıtmalıdır. Adams həmin dövrdə ABŞ-ı “xaricdə məhv ediləcək canavarlar axtarmamağa” çağırırdı.

ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi ərəfəsində əsas antiimperialist prinsiplərə qayıtmağın vacibliyini vurğulayan Seyr bildirib ki, bu, bütün dünya üçün rahatlıq yarada bilər.

Qeyd edək ki, Dayen Seyr 32 il ərzində amerikalı iqtisadçı və qeyri-ənənəvi siyasətçi Lindon Laruşun (1922–2019) yaxın silahdaşı olub. Laruş özünü Rusiyanın dostu hesab edirdi, onu qlobal siyasətin əsas oyunçularından biri kimi dəyərləndirir və Rusiyanın Hindistan, Çin, ABŞ və digər ölkələrlə birlikdə dünyanı tarixin ən böyük böhranından xilas edə biləcəyini iddia edirdi. O, səkkiz dəfə ABŞ prezidentliyinə namizəd olub və ilk dəfə 1976-cı ildə seçkilərdə iştirak edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
bizimyol.info

1Sources