52 günlük fasilədən sonra Braziliya çempionatının yeni mövsümünə start verildi.
"Football-plus.az" xəbər verir ki, yanvarın 28-31-i aralığında A seriyasında 1-ci turun oyunları keçirildi.
Brazileyrao-2026-nın dekabrın 2-də başa vurulması nəzərdə tutulub. Ölkə çempionatında mayın son günlərinə təyin olunan 18-ci turdan sonra dünya çempionatının final mərhələsinə görə fasilə yaranacaq. 19-cu tur iyulun 22-nə təyin olunub. Turnirin reqlamentini də xatırladaq. A seriyasında əvvəlki kimi 20 komanda müxtəlif hədəflər uğrunda ikidövrəli sistemlə mübarizə aparacaq. Yekun turnir cədvəlində ilk 4 yeri tutacaq komandalar birbaşa Libertadores Kubokunun (LK) qrup mərhələsinə, 5-6-cı yerlərdə qərarlaşacaq iştirakçılar bu turnirin təsnifat mərhələsinə vəsiqə qazanacaq. Mövsümü 7-12-ci yerlərdə başa vuracaq komandalar Sudamerikana Kubokunda çıxış etmək hüququna yiyələnəcək. Son 4 pilləni tutacaq komandalar isə B seriyasına düşəcək.
Onu da xatırladaq ki, 2025-ci il mövsümündə “Flamenqo” çempion olub, “Palmeyras” 2-ci, “Kruzeyro” isə 3-cü yeri tutub. Son mövsümü, uyğun olaraq, 17-20-ci yerlərdə başa vuran “Seara”, “Fortaleza”, “Juventude” və “Sport Resife” A seriyasını tərk edib. Bu komandaları yeni mövsümdə “Koritiba”, “Atletiko Paranaense”, “Remo” və “Şapekoense” əvəzləyəcək. “Atletiko Paranaense”nin yüksək liqaya birillik fasilədən sonra qayıtdığını da bildirək.
Birinci turda qeydə alınan nəticələrə gəlincə, mövsüm, necə deyərlər, kiçik sürprizlə başladı. “Flamenqo” üçün San Pauluya səfər uğursuz alındı. Ötən mövsümü 8-ci yerdə başa vuran eyniadlı komanda oyun planında son çempiondan bir qədər geri qalsa da, sonda maksimum nəticəyə nail oldu. Platanın 54-cü dəqiqədə qonaqları hesabda önə keçirməsi sanki ev sahiblərini bərk qıcıqlandırdı. Ernan Kresponun komandası bir neçə yaddaqalan hücumla oyunda dönüş yarada bildi: Lusiano ilə Danielzinyonun 10 dəqiqə ərzində vurduqları qollar san paululuların 2:1 hesablı qələbəsini təmin etdi. Bu qələbədə 4 seyv edən qapıçı Rafael Monteyronun rolunu da qeyd edək. Beləliklə, Filipe Luisin komandası yeni mövsümə məğlubiyyətlə başladı.
Ötən mövsüm rio de janeyrolulardan 3 xal geri qalan “Palmeyras” da startda büdrədi. Amma A seriyasının gümüş mükafatçısı səfərdə xal qazanmağı bacardı. “Atletiko Mineyro” ilə oyun yetərincə baxımlı alındı. Hesabı ilk hissənin ortalarında vitse-çempion açdı. Xorxe Sampaolinin çalışdırdığı meydan sahibləri Xose Lopesin qoluna ardıcıl iki dəfə cavab verdilər. Abel Ferreyranın əvəzləmələrlə oyunda dönüş yaratmaq planı baş tutdu. Amma meydana 76-cı dəqiqədə çıxan Vitor Rokenin vurduğu qol “Palmeyras”a yalnız bir xal qazandırdı – 2:2. Qeyd edək ki, Belu Orizontedə baş tutan duel ilk turun yeganə “sülh”ü oldu.
Son mövsümün bürünc mükafatçısı da startda büdrədi. Leonardo Jardimin “Kruzeyro”dan ayrıldığını, onun yerini Titenin tutduğunu bildirək. Braziliya yığmasının 64 yaşlı sabiq baş məşqçisinin yeni komandasındakı debütü fiasko ilə tarixə düşdü. “Kruzeyro” ilk turda “Botafoqo” qarşısında darmadağın oldu. Qeyd edək ki, Rio de Janeyro klubundan ayrılan italiyalı Davide Ançelottinin yerinə Martin Anselmi təyinat alıb. Argentinalı mütəxəssisin yeni komandası “Kruzeyro”nun qapısından 4 cavabsız top keçirməklə ilk turdan 1-ci yerə sahib çıxdı.
1-ci tur
San Paulu - Flamenqo 2:1
Lusiano, 61. Danielzinyo, 71 – Plata, 54.
Atletiko Mineyro - Palmeyras 2:2
Uqo, 44. Kellven, 74-öz qapısına - X.Lopes, 27. Vitor Roke, 84.
Botafoqo RJ - Kruzeyro 4:0
Danilo, 48; 85. Martins, 76. Artur, 90+1.
Mirassol - Vasku da Qama 2:1
Kuesta, 32-öz qapısına. Eduardo, 54 - Koutinyo, 21.
Fluminense - Qremio 2:1
Nonato, 46. Akosta, 59 - Vinisius, 75.
Koritiba - Braqantino 0:1
Juninyo Kapişaba, 90+3.
İnternasyonal – Atletiko Paranaense 0:1
Mendosa, 9.
Vitoriya - Remo 2:0
Renato Kayzer, 58. Baralyas, 77.
Şapekoense – Santos 4:2
Klar, 16-p. Meritao, 73. Jean Karlos, 80. Karvalyeyra, 90 – Qabriel Menino, 45+1. Barreal, 67.
Korintians - Bayya 1:2
Breno, 12 – Lukas, 36. Villian Joze, 45+1-p.
Bombardir: Danilo (Botafoqo RJ) - 2.